Vaxt.Az

Xameneyinin varisləri


 

Dini lider rəhbəri fars-molla rejiminin gələcəyini iki şəxsə etibar edir

Xameneyinin varisləri Ötən həftə İran məhkəmə sisteminin başına gətirilən İbrahim Rəisi indi də Ekspertlər Şurasının (Məclisi Xubreqan) sədr müavini seçilib.

Məclisi Xubreqan İranın mövcud sistemində çox vacib qurumdur və ali dini lideri seçən, onun fəaliyyətinə nəzarət edən, onu vəzifədən uzaqlaşdırmaq səlahiyyətinə malik konstitusion orqandır. Rəisi Məclisin 78 üzvündən 43-nün səsini alaraq bu qurumun ikinci adamı postunu tutub.

İ.Rəisinin bu yüksəlişi ali dini lider Əli Xameneyinin varis qismində məhz onu seçdiyi barədə iddiaları daha da gücləndirib. 58 yaşlı Seyid İbrahim Rəisi sistemin illərin sınağından çıxmış çox təcrübəli simalarından biridir. O, ölkənin hüquq sistemində müxtəlif vəzifələr tutub, ən diqqət çəkən fəaliyyəti isə 1988-ci ildə rejim əleyhdarlarına edam hökmləri çıxaran 4 nəfərlik komitədə yer alması olub. Müxaliflər tərəfindən “Ölüm komitəsi” adlandırılan bu qurum 3-4 min (qeyri-rəsmi rəqəmlərə əsasən 30 min) nəfərə edam hökmü çıxarıb. Bu rolundan dolayı İbrahim Rəisi rejim əleyhdarları arasında “Ayətullahi Qətliam” deyə çağırılır.

İ.Rəisinin 2016-cı ildə Məşhəddə yerləşən “Astani Qüdsi Razavi” xeyriyyə fonduna rəhbər təyin edilməsi faktı da onun personasına ali dini lider tərəfindən verilən yüksək qiymətin təzahürü idi. İranın ən böyük fondu olan bu təşkilat İmam Rza məqbərə kompleksi ilə yanaşı, bir çox sənaye müəssisi və şirkəti də idarə edir.

İranla əlaqəli digər mühüm xəbər general Qasım Süleymaninin ölkənin ən ali hərbi mükafatı sayılan “Zülfüqar” ordeni ilə təltif olunmasıdır. Q.Süleymani bu ordenlə təltif edilən ilk hərbçidir.

Belə görünür ki, ayətullah Xameneyi İranın gələcəyini daha çox bu iki şəxsə - Rəisi və Süleymaniyə etibar etmək niyyətindədir.

 





13.03.2019    çap et  çap et