Vaxt.Az

Neft proqnozları dəyişdi


 

ABŞ-ın hesabatında iki dollarlıq bahalaşma var

Neft proqnozları dəyişdi ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu illə dair neftin qiyməti proqnozunu dəyişib.

EIA-nın “Mart 2019” hesabatında deyilir ki, bu il “Brent” tipli xam neftin orta hesabla qiymətinin 63 dollar olacağı nəzərdə tutulur. EIA-nın fevral ayı hesabatında isə bu il “Brent”in qiymətinin 61 dollar olacağı təxmin edilmişdi.

Beləliklə, dünya üzrə ən geniş istifadə edilən “Brent” tipli xam neftin cari ilə dair barrel qiyməti proqnozu 2 dollar artırılıb.

Digər tərəfdən, “Brent” tipli xam neftin gələn ilə dair qiymət proqnozu isə 62 dollarda saxlanılıb.

Hesabatda, qiymət proqnozunun dəyişdirilməsinin qlobal neft ehtiyatların fevral ayında gündəlik orta hesabla 1,4 milyon barel azalması ilə bağlı olduğu qeyd edilib və bunun 2017-ci ilin İyun ayından bu yana ən böyük aylıq azalma olduğu vurğulanıb.

Həmçinin hesabatda, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və quruma üzv olmayan ölkələrin xam neft hasilatlarını bu ilin ilk 6 ayında gündəlik orta hesabla 1,2 milyon barel azaltmaq qərarının ilin ikinci yarısında da tətbiq olunmağa davam edilməsinin gözlədiyinə yer verilib.

Hesabatda, ABŞ-ın 2019 və 2020-ci ilə dair xam neft istehsal proqnozları da aşağı salınıb.

Ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 12,3 milyon, gələn il isə 13 milyon barel olacağının proqnozlaşdırıldığı bildirilib.

EIA-nın fevral ayı hesabatında ABŞ-ın gündəlik orta hesabla xam neft hasilatının 2019-da 12,4 milyon, 2020-də isə 13,2 milyon barel olacağının təxmin edildiyi qeyd edilmişdi.

ABŞ-ın xam neft hasilatı keçən ilin noyabrda gündəlik orta hesabla 11,7 milyon barelə çataraq Rusiya və Səudiyyə Ərəbistanı geridə qoymuşdu.

 





13.03.2019    çap et  çap et