Vaxt.Az

Mübarizənin ali zirvəsi


 

Fəraməz Əkbəriyanın əziz xatirəsinə

Mübarizənin ali zirvəsi Fəraməz qardaşımla (1949-2019) birinci dəfə 19 il əvvəl, Fransanın Strasburq şəhərində, Azərbaycanlıların toplantısında tanış oldum. Milli Hərəkatımızın gələcəyi ilə bağlı dərin düşünülmüş bir çıxışı oldu. Onun nitqi iclasda iştirak edənlərin hamısına müsbət təsir buraxmışdı. Axşam onunla birlikdə bir az söhbətimizdə, Londonda, müəllimlik etdiyini dedi. Təbriz Universitetində Kimya üzrə ali təhsil alıb. Daha sonra İngiltərədə Nüvə Fizikası bölümündə doktorluq dərəcəsinə yüksəlib. Elmi-tədqiqat mərkəzlərində çalışıb və hazırda müəllimliklə məşğul olduğunu dedi. Bu görüşümüz bir qardaşlığın başlanğıcı oldu.Getdikcə mehribanlaşan münasibətlərimiz daha sonra vətən yolunda mübarizəmizin davamında daha da güclü olmağımıza gətirib çıxardı. Günaz TV açıldığında ən çox sevinən və dəstək verən Azərbaycanlılardan oldu. Avropaya yolum düşəndə mümkün qədər görüşüb və fikir mübadiləsi aparardıq. Düzgün və səmimi fikirlərinə görə, ən ağır günlərimdə onunla da məsləhətləşirdim.

Ömrünün ən böyük arzusu, vətənimizin azadlığı və birliyi üçün düşmənlərlə mübarizəsi olsa da, son illərdə xərçəng xəstəliyi ilə mübarizə etməyə məcbur qaldı. Amma hər zaman Azərbaycan deyib diri qaldı və 13 il o xərçəng xəstəliyinə qalib gəldi. Yaxından və uzaqdan fiziki sağlamlığı haqqında xəbərləşərdim. Amma günlər keçdikcə bəlli olurdu ki, təbiətlə mübarizə etmək o qədərdə asan deyil. 3 ay əvvəl yenə də xəstəxanaya düşdüyünü öyrənib və bir günlükdə olsa 14 Dekabr 2018-ci ildə Londona gedib yaxından bir daha görüşdüm. Fəramərz qardaşımla son görüşümdə, fiziki olaraq zəifləşmiş olsa da, amma güclü iradəsi ilə danışarkən, milli hərəkatımızın gələcək illərinə planlardan, Günaz TV-nin gələcəyindən və sairə məsələlərdən çox danışdıq. Mən üzülməyim deyə “Təbrizə gedim və sonra Amerikaya gələrəm çox danışarıq” dedi və nəhayət ayrıldıq.

Arzu edirdim ki son görüşümüz olmasın amma bu gün öyrəndim ki fikir və can qardaşım Təbrizdə son nəfəsini çəkib dünyadan köçmüşdür. Ruhu şad və yolu davamlı olsun. Onun xatirəsi əbədi olaraq ürəyimdə diri qalacaq. Güclü iradəsi, dərin fikirləri, vətənimiz Azərbaycanın azadlığı və birliyi istəyi ilə, səmimi insan Dr. Fəraməz Əkbariyan hər zaman xatirə yaddaşımda yaşayacaq.

 





14.03.2019    çap et  çap et