Vaxt.Az

“Bir ovuc yoxsul pijama geyənlər”


 

Fars şovinistinin təhqir dolu audio yazısı milli zəmində növbəti insidentə səbəb oldu

“Bir ovuc yoxsul pijama geyənlər” İranda milli ədavət zəminində növbəti insident baş verib. Belə ki, sosial şəbəkələrdə ölkənin atçılıq federasiyasının rəisi Məsud Xəliliyə aid audio yazı yayılıb. Səs yazısında federasiya rəisi türkmən əhalisinin ünvanına təhqiramiz ifadələr işlədib.

“Türkmənlər atçılıq idmanını monopoliyaya alıb, onlar üsyankar olublar. Bu yoxsul, narkoman və pijama geyənlərin monopoliyasını çökdürmək üçün xüsusi qrup yaranmalıdır.

Atçılıq bir lüks idman növüdür. Beynəlxalq Atçılıq Federasiyasının rəisi Dubay hakiminin həyat yoldaşı, İordaniyanın keçmiş kralı Hüseynin qızıdır. O şahzadələr kimi davranır, lakin İranı təmsil edənlər “bir ovuc yoxsul pijama geyənlər”dən ibarətdir”, - deyə o bildirib.

Səs Faylı yayıldıqdan sonra ölkənin türkmən əhalisi federasiya rəisinin təhqiramiz sözlərinə etiraz edərək onun işindən uzaqlaşdırılmasını tələb ediblər.

Məsələyə İranın milli futbol komandasının məşhur oyunçusu Sərdar Azmun da “İnstaqram”dakı şəxsi səhifəsində öz etirazını bildirərək İranda türkmənlərə qarşı irqçi hərəkətlərə son qoyulmasını istəmişdir.

Bu insident ölkə parlamentində böyük səs-küyə səbəb olub. Kürdköy və Türkmən Limanı əhalisini təmsil edən millət vəkili Ramin Nurqulipur türkmənləri təhqir edən federasiya rəhbəri Məsud Xəlilinin işindən uzaqlaşdırılmasını tələb edib. O bu barədə martın 17-də parlamentdə çıxışı zamanı danışıb.

“Ölkə Konstitusiyasına görə İran əhalisi hansı qövm və qəbiləyə mənsub olduğundan asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və s. kimi amillər üstünlüyə səbəb ola bilməz. Bu əsasda gənclər və idman nazirinə xəbərdarlıq edərək ondan türkmən qövmünü təhqir edən Atçılıq Federasiyası rəisinin işindən uzaqlaşdırılmasını tələb edirəm”, - deyə o bildirib.

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, millət vəkili sözlərini belə davam etdirib:

“Ötən günlərdə internetdə Atçılıq Federasiyasının rəisinə aid bir Səs Faylı yayılıb. Faylda türkmənlər bayağı bir ədəbiyyatla hücuma məruz qalıb.

Federasiya rəisinin bu sözləri bölgə əhalisinin narahatlığına səbəb olub. Baxmayaraq ki, bu federasiya ilə əməkdaşlıq edənlərin əksəriyyəti türkməndir, onlar kobud təhqir olunub. Ona görə də gənclər və idman nazirindən Atçılıq Federasiyasının rəisinin işindən uzaqlaşdırılması tələb olunur.”

Bundan əvvəl “Qonbəd Kavus”un millət vəkili Qaraca Təyyar da Məsud Xəlilinin işindən uzaqlaşdırılmasını tələb edib. O bildirib ki, türkmənləri təhqir edən şəxsə qarşı lazımi tədbirlər alınmayacağı təqdirdə gənclər və idman nazirinə parlamentdə sual ünvanlanacaq.

Qeyd edək ki, İranda Pəhləvi dövrü və İslam cümhuriyyəti dönəmində fars irqçiliyi düşüncəsi dövlət səviyyəsində dəstəklənib. Bu səbəbdən ariya (ari) irqinin digər irqlərdən üstün olduğuna inananlar digər millətləri davamlı olaraq təhqirlərə məruz qoyur. Bu məsələ ölkədə dəfələrlə kütləvi etirazların keçirilməsinə səbəb olub.

 





18.03.2019    çap et  çap et