Vaxt.Az

ABŞ-ın “yaxşı polis”-“pis polis” siyasəti


 

Albayrakın Ağ Evdə qarşılanmasına sözardı ...

ABŞ-ın “yaxşı polis”-“pis polis” siyasəti ABŞ prezidenti Donald Trampın qəfil Ağ evdə Türkiyənin maliyyə naziri və prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Beraat Albayrakı qəbul etməsi bir neçə nəsnədən xəbər verir.

Birincisi, ABŞ-ın hazırkı prezidenti əsl ticarətçi olduğundan Rusiyadan alacağı “S-400” Zenit-raket komplekslərinə görə Türkiyəni və bu ölkənin böyük bazarını itirmək istəmir. Məsələ burasındadır ki, Pentaqon Türkiyəyə “F-35” hərbi təyyarələrini satmaqdan imtina etsə bu Amerika üçün milyardlarla dollar itki olacaq. Tramp isə bu itki ilə razılaşmaq istəmir.

İkinci, Trampın Albayrakla görüşü “NATO Türkiyəni üzvlükdən çıxara bilər” şayiələrinə son qoydu. NATO-nun əsas dövləti ABŞ-dır. Vaşinqton C-400 raketlərinə görə bölgənin əsas dövlətlərindən birini itirmək istəməz, sadəcə Amerika “pis polis” və “yaxşı polis” rolunu oynayır. Pis polis rolunda çıxış edən Amerikanın vitse-prezidenti Mayk Pens Ankaraya daha öncə ultimatum vermişdi: "Ya biz, ya da C-400 raketləri". Yaxşı polis olan prezident Donald Tramp isə türkiyəli nazirlə sıcak görüş həyata keçirdi.

Fikrimcə, Vaşinqton Rusiyanın raketlərini alan Türkiyənin bu hərəkətini nəinki həzm edəcək, hətta il içərisində Donald Trampın Ankaraya rəsmi səfəri də mümkündür. Hiss olunur ki, Trampın Türkiyəyə münasibəti Pentaqonun və Konqresin münasibətindən yaxşı mənada fərqlənir.

Ankarada söhbət etdiyim ekspertlər Türkiyənin Rusiya ilə isti münasibətlərinə rəğmən, Qərb istiqamətindən imtina edilməməsi gərəkliyini bildirirlər. Çünki, bir çox türkiyəli diplomatın dilindən eşitdiyim ifadə var: “Rusiya ilə tərəfdaşlıq strateji deyil taktiki mahiyyət daşımalıdır”. Yəni Rusiya ilə münasibətlərdə ehtiyatı əldən vermək olmaz. Elə Kremlə yaxın rusiyalı ekspertlər də Türkiyə ilə münasibətlərdə eyni sözləri deyirlər.

 





16.04.2019    çap et  çap et