İki faiz niyə belə prioritet məsələyə çevrilir? Bu məsələ ətrafında süni gərginlik yaratma cəhdləri açıq-aşkar ortadadır.
Əgər Tiflis sərhəd delimitasiyasını tələsdirirsə o zaman bütün məsələlərə kompleks həll olunmalıdır. Bakı ərazi mübadiləsi və ərazinin Tiflisə verilməsi ilə bağlı təklifləri rədd edib.
Burada hüquqi müstəvi kimi sovet dövründəki inzibati sərhədlər əsas hədəfdir. SSRİ isə inzibati sərhədləri isə siyasi deyil, iqtisadi-təsərrüfat sistemləri üçün hazırlamışdı.
Odur ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin 1938-ci il xəritələrinə istinad etməsi absurddur. Sovet dövründə iqtisadi əhəmiyyətli belə inzibati sərhədlər bir neçə dəfə dəyişdirilib. Bütün xəritələrdə Keşiş Dağ Azərbaycan ərazisində qalıb. Gürcüstanın ərazisi isə dağlı xalqlarının torpaqları hesabına genişləndirilib.
Xüsusən Böyük Vətən Müharibəsindən sonra bir sıra şimali Qafqaz xalqlarının sürgün olunması bu imkanı gürcülər üçün artırıb. Beriya Qafqazın təhlükəsizliyi üçün istinad yeri kimi Gürcüstan ərazisini götürməsi həmin torpaqların Gürcüstana birləşdirilməsinə səbəb olub.
Lakin Azərbaycanla inzibati sərhədlər ciddi dəyişikliyə məruz qalmayıb.
İkincisi, madam Tiflis belə tələsir, o zaman Ermənistanla da dalana dirənmiş delimitasiya danışıqlarını təcili bərpa etməlidir. Belə ki, Gürcüstanın Ermənistanla sərhədində yaşayan azərbaycanlılar ciddi basqı altına yaşayırlar. Ermənistanla rəsmi sərhəddin olmaması azərbaycanlıların yaşadığı dədə-baba torpaqlarına erməni iddialırını genişləndirib və müxtəlif vaxtlarda bir sıra sərhədyanı kəndlər, otlaq yerləri ermənilər tərəfindən zəbt edilib. Tiflis bu məsələdə susmağa üstünlük verir.
David Qareciyə gəlincə, Bakı xoş məram nümayiş etdirərək bu ərazidəki məbədə gürcü ziyarətçilərinin və din xadimlərinin ziyarətinə şəffaf sərhəd prinsipi ilə yanaşa bilər. Heç bir halda ərazinin Gürcüstana verilməsindən söhbət gedə bilməz.
Qeyd edim ki, Gürcüstan prezidentinin sərhəd delimitasiyası ilə bağlı heç bir səlahiyyəti yoxdur.
Odur ki, “xəritə sübutları”na söykənib danışıqlara təzyiq yolu seçmək doğru deyil.
Digər tərəfdən 1991-ci ildə qəbul edilmiş Alma –Ata deklarasiyasına görə, MDB ölkələrində sərhəd delimitasiyaları üçün baza olaraq rəsmən sovet dövründəki inzibati sərhədlər tanınıb. Hazırda isə Gürcüstan MDB-nin də üzvü deyil. Odur ki, bu danışıqların hüquqi bazası da naməlumdur.
Göründüyü kimi Tiflis millətçi dairələrinin hay-küyü bu məsələdə yalnız problemlər yarada bilər. Əsas məsələ rəsmi qurumların uzlaşdırıcı təmas nöqtələrini tapmasıdır.