Vaxt.Az

Türkiyə nə edəcək?


 

Hər şey Çin və Hindistanın qərarından asılıdır

Türkiyə nə edəcək? ABŞ 2 may tarixindən İrandan neft alan ölkələrə qarşı da sanksiyaların tətbiqinə başladığını elan edib. Türkiyə bir çox ölkələrdən, o cümlədən Azərbaycandan, Rusiyadan və İraqdan neft alır. Ancaq İran bu sırada birincidir. Ona görə də Türkiyənin İran neftindən tamamən imtina etməsi problematikdir.

Buna baxmayaraq, ABŞ sanksiyaları da Türkiyəyə yaxşı heç nə vəd etmir. Onsuz da iki ölkə arasındakı münasibətlər İran neftinə qoyulan embarqoya qədər də soyuq idi. Türkiyənin Rusiyadan almaq istədiyi “S-400” raketlərinə görə Vaşinqton Ankaraya qarşı təzyiqini azaltmır.

Türkiyə nə edəcək?

Ankara böyük ehtimalla o biri dövlətlərin addımlarına görə qərar verəcək. Məsələn, Çin və Hindistan kimi böyük iqtisadi potensiallara malik olan bu iki ölkə də İrandan neft alır. Çin və Hindistan hələ ki, İran neftindən imtina etməyəcəklərini bildirirlər. Belə olan halda Türkiyə də bu iki dövlət kimi hərəkət edəcək. Ancaq əgər bir müddət sonra Çin və Hindistan İran neftinin alışını azaltmağa başlayarlarsa, Türkiyə də neft strategiyasına yenidən baxa bilər. Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bugünlərdə İraqa səfər edib. Türkiyə İraqın şimalından da neft alır və mümkündür ki, Ankara İraqdan aldığı neftin həcmini artırsın. Eyni ilə Türkiyə Azərbaycan və ya Rusiyadan da neft alışının artırılmasıyla bağlı danışıqlara başlaya bilər. Ancaq Rusiya nefti daşınma xərclərinə görə Türkiyəyə İran neftindən daha baha olacaq. Yəni bütün hallarda ucuz İran nefti Türkiyə üçün indiki şərtlər altında əvəzedilməzdir.

ABŞ İrandan neft alan dövlətlərə məsləhət görür ki, Səudiyyə Ərəbistanından neft alsınlar. Ancaq Türkiyə İranı Səudiyyə Ərəbistanı ilə əvəz edə bilməz. İki ölkə arasında soyuq münasibətlər mövcuddur. Səudiyyəli jurnalistin İstanbulda qətlə yetirilməsi bu münasibətləri daha bir az soyudub.

Tehran Ankaradan arxayın olmaq istəyir. Elə bu məqsədlə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 17-də Ankara getmişdi. Tehran ABŞ-ın sanksiyaları fonunda Türkiyə ilə iqtisadi və regional əməkdaşlığın əvvəlki həcmdə davam etdirilməsini istəyir. Məsələn sanksiyalara qədər iki ölkə arasında dəmiryolunun çəkilişi gündəmdə idi. Ötən ilin aprelində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehrana səfəri zamanı iranlı həmkarı Həsən Ruhani ilə görüşündə belə bir hədəf səsləndirmişdi: “Ticarət mübadiləsini 30 milyard dollara çatdırmalıyıq”. Sanksiyaların mövcudluğu şəraitində buna nail olmaq çətindir. Çünki, ABŞ sanksiyaları İran üçün öldürücü mahiyyət daşımasa da, iqtisadiyyatında müəyyən problem yaradacaq, inflyasiya arta bilər və s. Türkiyənin özündə də inflyasiyanı nəzarətdə saxlamaq çətindir.

2000-ci illərin ortalarında nüvə çalışmalarıyla bağlı İrana qarşı beynəlxalq sanksiyaların mövcud olduğu illərdə də Türkiyə qonşu ölkədən müxtəlif yollarla neft alırdı. Çünki İran nefti həm özü, həm də çatdırılma xərci ucuzdur. Yəqin indi də belə olacaq. Türkiyənin və beynəlxalq aləmin ümidi Donald Trampdan sonrakı ABŞ prezidentinin İranla bağlı siyasətini yumşaldacağına və sanksiyaların ortadan qaldıracağınadır. Çünki bir dəfə belə olub. ABŞ-ın keçmiş prezidenti Barak Obama İranla anlaşdı, ondan sonra gələn Ağ Ev sahibi anlaşmanı pozdu. Deməli yeni prezidentin də Trampın siyasətindən imtina edəcəyi mümkündür. (“Atlas” Araşdırmalar Mərkəzi)

 





04.05.2019    çap et  çap et