Vaxt.Az

“Azarkeşlərin isti qarşılanacaqlarına inanıram”


 

Britaniya səfiri Bakıda keçiriləcək Avropa Liqasının finalı haqda

“Azarkeşlərin isti qarşılanacaqlarına inanıram” “Britaniyalı azarkeşlərin Avropa Liqasının finalında Azərbaycanda isti qarşılanacaqlarına inanıram”. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib.

Səfir “Arsenal” və “Çelsi” komandalarını UEFA Avropa Liqasının may ayının 29-da keçiriləcək final oyununa vəsiqə qazanmaları münasibətilə təbrik edib: “Hər iki komanda əvvəllər Bakıda oyun keçirsələr də bir-birlərinə qarşı oynamayıblar. Tarixdə ilk dəfə İngiltərə Premyer Liqasının iki klubu Bakının möhtəşəm stadionunda qarşı-qarşıya gələcəklər və mən bu oyunun yaddaqalan bir hadisə olacağından əminəm.

Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik. Əminəm ki, onlar bu gözəl şəhərdə keçirəcəkləri vaxtdan məmnun qalacaqlar. Azərbaycan özünün yüksək qonaqpərvərliyi ilə tanınır və mən britaniyalı azarkeşlərin burada isti qarşılanacaqlarına inanıram.

Bu həftə Böyük Britaniya polisindən, o cümlədən “Arsenal” və “Çelsi” komandalarından olan nümayəndələr Bakıya gələcəklər. Biz hamımız Azərbaycanın rəsmi qurumları ilə oyunun təşkil olunması istiqamətində sıx əməkdaşlıq edirik. Mən bizə bu işdə dəstək göstərən hər kəsə təşəkkür edir və hər iki komandaya bu önəmli gündə uğurlar arzu edirəm”.

 





13.05.2019    çap et  çap et