Vaxt.Az

“Qardaşlaşma” siyasətinin sonu


 

Azərbaycanın Fransada apardığı iş nəticə verməyə başlayıb, ermənilərə qarşı zərbələr sıralanır

“Qardaşlaşma” siyasətinin sonu Avropa ölkələrindəki erməni lobbisinin təsiri və təhriki ilə Fransanın və digər ölkələrin şəhərləri ilə Azərbaycanın işğal altında olan bir sıra şəhərlərinin “qardaşlaşdırılması” siyasətinin önü kəsilməkdədir. Ermənilərin həyata keçirdikləri bu məkrli siyasətin ifşa edilməsi istiqamətində dəfələrlə Azərbaycan haqlı olaraq öz mövqeyini bildirib. Azərbaycanın bu sahədə həyata keçirdiyi məqsədyönlü işlər artıq bəhrə verməkdədir.

Belə ki, “qardaşlaşma” aktları pozulmağa başlayıb. Bu hərəkatın ermənilərə daim böyük dəstək verməklə seçilən Fransada başlaması diqqəti çəkir. Bu ölkənin müxtəlif məhkəmələri tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın şəhərləri ilə “qardaşlaşan” bir neçə Fransa şəhərinin “qardaşlaşmasını” pozmaqla bağlı qərar qəbul edilib.

Belə ki, Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsinin qərarı ilə Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri ilə Fransanın şəhərləri, kommunaları və bölgələri daxil olmaqla, qəsəbələrlə imzaladığı daha dörd “dostluq nizamnaməsi” ləğv edilib. Bu qərar 29.05.2019-cu il tarixində Fransanın Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş birinci qərarın məntiqi davamı sayılır.

Qeyd edək ki, mayın 30-da Fransanın Val d’Oise Departamentinin İnzibati Məhkəməsi Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan “Dostluq Xartiyası”nı ləğv edib.

Sözügedən “sənəd” Fransanın Arnuvil şəhərinin meri Paskal Dol ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun Şeher yaşayış məntəqəsinin separatçı rəhbəri arasında imzalanmışdı.

Onu da vurğulayaq ki, Dağlıq Qarabağa qanunsuz səfər edərək orada separatçılarla görüşən və “sənəd” imzalayan merə qarşı ittiham Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə irəli sürülüb. Şikayətə baxan Fransanın Val d’Oise Departamentinin Cergy-Pontoise İnzibati Məhkəməsi fransalı merin əleyhinə qərar verib.

Politoloq Qabil Hüseynli hesab edir ki, Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv etməsi mühüm hüquqi hadisədir. Erməni diasporunun və lobbisinin kifayət qədər güclü və təsir imkanına malik olduğu bir ölkədə belə bir hüquqi addımın atılması presedent olaraq tarixi əhəmiyyətə malikdir.

Politoloq Elçin Mirzəbəyli isə bildirib ki, Fransa inzibati məhkəməsinin qərarını Ermənistanın, erməni diasporu və lobbisinin hüquqi müstəvidə bu ölkədəki böyük məğlubiyyəti kimi də qiymətləndirmək olar. Təbii ki, bu qənaəti əsaslandıran səbəblər var: Fransada erməni vəkillərdən ibarət çox ciddi bir şəbəkə fəaliyyət göstərir. Onlardan biri qondarma soyqırımı ilə bağlı qanun layihəsinin müəllifi, Jak-Şirakın şəxsi vəkili və müşaviri, Nikola Sarkozinin vəkili və yaxın dostu, 2004-2005-ci illərdə Fransanın sənaye naziri olmuş Patrik Devedjyandır.

Patrik Devedjyan erməni diasporuna və hüquqşünaslardan ibarət şəbəkəyə rəhbərlik edən, həmçinin erməni biznes şəbəkəsinin maraqlarını qoruyan bir şəxsdir. O, Azərbaycana və Türkiyəyə nifrəti ilə seçilir: “Qondarma erməni soyqırımı və işğal altında olan Azərbaycan ərazilərində formalaşdırılmış separatçı rejimin ”qanuniləşdirilməsi" ilə bağlı prosesin fəal iştirakçılarından biri Fransa Məhkəmə Palatasının üzvü Sevak Torosyandır. Bu siyahını artırmaq olar. Amma məqsədim erməni hüquqşünaslarının təqdimatı deyil. Bu nümunələri gətirməklə ermənilərin əleyhinə məhkəmə qərarının qəbul edilməsinin nə qədər mürəkkəb və çətin bir proses olduğunu diqqətə çatdırmaq istəyirəm. Bundan sonra da ermənilər işğal altındakı Azərbaycan ərazilərinin ayrı-ayrı subyektlərinin leqallaşdırılması istiqamətində hansısa addımlar atmaq niyyətinə düşərlərsə, o zaman Fransa inzibati məhkəməsinin qərarı təkcə bu ölkədə deyil, bütövlükdə Avropa İttifaqı məkanında hüquqi presedent kimi qəbul ediləcək. Buna Avropa Məhkəməsi haqqında müqavilə və digər hüquqi-normativ aktlar əsas verir”.

E.Mirzəbəyli vurğuladı ki, Fransa inzibati məhkəməsinin qərarı bu ölkənin qanunlarına və beynəlxalq hüququn təməl prinsiplərinə əsasən qəbul edilib. Amma bununla yanaşı, bu mühüm hüquqi presedentin yaranmasında Azərbaycan prezidentinin, birinci vitse-prezidentin rolunu, ölkəmizin israrlı mövqeyini xüsusilə qeyd etmək lazımdır.

 





15.06.2019    çap et  çap et