Vaxt.Az

Son 30 ildə ən aşağı hədd


 

İranda neft hasilatı düşüb

Son 30 ildə ən aşağı hədd Beynəlxalq Enerji Agentliyi may ayı ərzində İranın günlük neft hasilatının 210 min barel azalaraq, 2.4 milyon barelə düşdüyünü bildirib. Bu, 1980-cı illərin sonundan bu günə qədər qeydə alınmış ən aşağı rəqəm hesab olunur.

Agentliyin məlumatına görə, may ayında İranın günlük neft ixracatı da 810 min barelə qədər enib, bu isə aprel ayına nisbətən 480 min barel azalma deməkdir.

Digər beynəlxalq qurumlar isə may ayında İranın günlük neft ixracatının 250- 500 min barel arasında dəyişdiyini deyirlər.

OPEK-in baş katibi də iyunun 13-də may ayı ərzində İranın günlük neft istehsalının 2 milyon 370 min barel olduğunu, bunun isə aprel ayı ilə müqayisədə 227 min barel azalma təşkil etdiyini bildirmişdi.

Beynəlxalq Enerji Agentliyi hesabatında qeyd edilir ki, may ayında dünya enerji bazarında qara qızıla olan tələb 100 min barel azaldığından, təklif edilən neftin həcmində də azalma müşahidə edilib. Belə ki, qeyd edilən dövrdə günlük təklif edilən qara qızılın miqdarı 99.5 milyon barelə enib, bu isə 2014-cü ildən bu günə qədər qeydə alınmış ən aşağı hədd hesab edilir.

Qeyd etmək lazımdır ki, İranın neft hasilatı və ixracatında baş vermiş azalma Amerika Birləşmiş Ştatlarının rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyalara görədir. Mayın 2-də ABŞ- neft sanksiyalarında istisna kimi nəzərdə tutulmuş 8 ölkəyə tanıdığı möhlət hüququnu uzatmamaqla, İranın neft ixracatını sıfıra endirmək üçün bu ölkəyə qarşı maksimum təzyiq siyasətini tətbiq etməyə başlayıb.

 





16.06.2019    çap et  çap et