Vaxt.Az

Tehrana qarşı kiber müharibə


 

ABŞ İranın raket sistemlərinə hücum etdi

Tehrana qarşı kiber müharibə ABŞ prezidenti Donald Tramp İrana hücum barədə sərəncam verib və bu hücum uğurla həyata keçirilib. Amma hücum bombardmançılar vasitəsilə deyil, kompüterlərlə, yəni kiber məkanda edilib.

Bu barədə “The Washington Post” Birləşmiş Ştatların kiber komandanlığındakı mənbəyə istinadən bildirir.

Qəzetin yazdığına görə ötən həftənin cümə axşamından etibarən ABŞ fəal kiber hücum əməliyyatları həyata keçirir, bu əməliyyata bir neçə aydır hazırlıq gedirdi. Bildirilir ki, amerikalılar artıq İran raketlərinin buraxılış sistemini sıradan çıxara bilib, bu zaman heç kim xəsarət almayıb.

Bu məlumatı rəsmən Ağ Evdə və Pentaqonda heç kim şərh etmir, amma dövlət başçısı təsdiq edib ki, İrana zərbələrin endirilməsi barədə əmrini ləğv etməyib. Sadəcə təxirə salıb və hərbi əməliyyatlar planı onun masası üzərindədir.

İran mənbələri də ABŞ-ın kiberhücumlara başladığını dolayısı ilə təsdiqləyir. “Mehr” agentliyinin məlumatına görə ABŞ-ın 5-ci donanmasının gəmilərinə elektron kəşfiyyat və kompüterlər üzrə İsrail mütəxəssisləri çatdırılıb. Onlar İrana qarşı ABŞ-ın başlatdığı kiber müharibədə iştirak etməlidir.

İran Müdafiə Nazirliyinin nümayəndəsi bu informasiyanı şərh edərkən deyib ki, “təcavüzkarın” tərəfində dayanan müsəlman ölkələri “sionist təcavüzkarla” çiyin-çiyinə dayandıqlarını nəzərə almalıdır.

 





24.06.2019    çap et  çap et