Vaxt.Az

Kəsib-doğramağın eyforiyası


 

Necə ixrac edəcəyik, hava ilə?

Kəsib-doğramağın eyforiyası Azərbaycan-Gürcüstan sərhədində baş verən olayla bağlı müxtəlif insanların şərhlərini, postlarını oxuyuram, bəzilərdinən təəssüf hissi keçirirəm.

“Gəlin qazı kəsək”, “Gəlin müharibə elan edək”, “Onlar qudurublar, bizim hesabımıza yaşayırlar, onlardan bizə dost olmaz” və s.

Mən isə belə düşünürəm.

Əvvəla, heç kim heç kimə dost deyil beynəlxalq münasibətlərdə, hamı öz marağını güdür. Hətta Atatürk belə Leninlə sövdələşəndə, ilk növbədə Azərbaycanı deyil, Türkiyəni düşünürdü və əlbəttə ki, buna görə onu heç kim ittiham edə bilməz.

Burası belə. İkincisi, sərhəddə baş verən hadisəyə çox ciddi reaksiya verilməlidir, zənnimcə.

Ən əsası, necə oldu ki, əsgərlərimiz silahlarını verdilər mülki şəxslərə? Kimdir günahkar, sıravı əsgərləri əvvəlcədən qorxudan komandırlər (provokasiyaya uymayın tələbi ilə), yoxsa əsgərlərin özləri?

Digər məqam, xəbərlərdə deyilirdi ki, bizim hərbçilər hansısa ikonaları gürcü tərəfinə təhvil veriblər. Əgər bu xəbər doğrudursa, bunu dözülməz fakt kimi qiymətləndirmək lazımdır!

Necə yəni ikonaları veriblər? Azərbaycan ərazisində istənilən məbədin istənilən əsəri Azərbaycan mülkiyyətidir, istər müsəlman məbədi olsun, istər xristian, istər yəhudi.

Və həmin əsərlərin ölkə ərazisindən çıxarılması yalnız və yalnız o halda mümkündür ki, onlar yə xarici sərgiyə yollanır, yaxud dövlətlrəarası sazişlə ötürülür.

İstənilən halda, Mədəniyyət Nazirliyinin mütəxəssisləri olmadan, heç bir addım atıla bilməz bu sahədə!

Və nəhayət belə bir məqam.

Bizim Gürcüstanla aramızı vurmaq istəyənlər az deyil. Ona görə də, provokasiyalar olub, var və olacaq. Bu səbəbdən, provokasiyalara uyaraq “kəsib doğrayaq, kranı bağlayaq” kimi şüarlar bizim marağımızda deyil.

O ki qaldı krana, bu ikibaşlı məsələdir. Kranı bağlamaqla biz Gürcüstanı deyil, ilk növbədə özümüzü cəzalandırmış oluruq.

Bunu təklif edənlər xəritəyə bir baxsınlar. Gürcüstandan başqa, bizim digər marşrutumuz yoxdur, bir Rusiyadır, onlar maraqlı deyil bizim qaz-neftimizin Avropaya getməsindən, İran isə başdan-ayağa sanksiyalar altındadır. Hələ bu istiqamətlərdə olan borular buna texniki imkan vermir, bu digər məsələ.

Necə ixrac edəcəyik, hava ilə?

Həqiqət budur ki, necə Gürcüstan bizim qazdan filandan asılıdırsa, eləcə də biz onların ərazisindən asılıyıq.

Ona görə, gəlin təmkinli olaq bu məsələdə, “kəsərəm-doğrayaram” yanaşması nə onların marağındadır, nə bizim.

Bundan yalnız düşmənlərimiz yararlana bilər...

 





16.07.2019    çap et  çap et