Vaxt.Az

“Facebook” bağlansın!


 

Mark istəyir ki, ac qalaq, ABŞ-a möhtac qalaq

“Facebook” bağlansın! Mark ki, var, bu oğlanın Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olduğuna yüzdə yüz şəhadət gətirirəm: ABŞ-dan böyük imperiya yoxdur, Mark da onun agentidir!

Niyə? Əvəllər boyunlarındakı qalstuka, iclaslarda, mitinqlərdəki bəlağətli danışıqlarına, qəzetlərdəki müsahibələrinə baxıb deyərdim ki, pah, anan olməsin oğul doğan, oğlan əkən, zalımın balasının ağzından dürr tökülür. Siyasətbaz qarılar bunları televizorda görəndə özlərindən gedər, ayılandan sonra təkbir gətirərək söylərdilər: bəxtəvər səni doğan ananın başına! Köhnə kişilər yanlarında oturub kayfa getmiş bivec oğulun başına tərs bir qapaz ilişdirərdilər ki, boyunu yerə soxum, sənin tayların televizora, qəzetə çıxır, sən hələ də ortalıqda toy toğlusu kimi hərlənirsən. Ancaq indi? Ah-hay! İndi peşmansan televizoru açıb sevimli bir hafizkəlam deputatın, ya siyasətçinin sədəf dəhanından tökülən dürrülürə heyranlıq edəsən, nəvəm qayıdıb deyir ki, mən kişini “Facebook”da görmüşəm, nəticəsi yaşında gənc qıza kompliment komment yazmışdı. Yaxud yazdığı iki cümlənin başı ilə ayağı düz gəlmirdi. Deyirəm, a bala, bəlkə özü yazmayıb, köməkçisinə yazdırıb. Qayıdıb nə deyəsən:

- Onsuz da onların hamısı yazılarını kiiməsə yazdırır.

Hirslənib saytları açırsan ki, bəlkə burada ağıl dəryası bildiyin köhnə kumirlərindən birinin müsahibəsinə rast gəlib nəsə ümid yeri tapasan, adamın şəkli monitorda görünər-görünməz, yenə də cüvəllağı nəvə keçir gül kimi söhbətin içinə. Nə var, nə var, bu adam xaricə gedənlərə partiya vəsiqəsi satırmış, FB cavanları da tökülüb bunu bihörmət edirmiş. Deyirəm, ay oğul, mən o kişini yüz ildir tanıyıram, elə adama oxşamır. Açır profilindəki yazıları göstərir ki, sənin ağıllı saydığın adamın yazdıqlarına bax, əlim qalır üzümdə... Axı bu boyda da olmaz.

Ya da ki, bir qəzeti götürürsən əlinə ki, düz-əməlli şey oxuyasan, elə qəzetin üçüncü səhifəsini çevirər-çevirməz bu dayılarına çəkmiş nəvəmin qəfil gülüşünə dik atılıram. Açıb feysbuku, şəkli qəzetdə olan müəllimin statusunu oxuyur: “Təklif edirəm ki, pambıqçılar işdən sonra müəllimə işləsin...”

Matım-qutum quruyub, ay camaat. Bu qədər də olmaz axı! Bütün məmləkətin cəmi bilikliləri bu gündə ola bilməz axı. Hamısı o Amerikanın işləridir ki, milləti “Facebook” mərəzinə yoluxdurub, ziyalılarımızı da bu şeytan əməli şəbəkənin əliylə urvatsız etmək istəyir. Bizi ağıldan çıxarıb istəyir milli aydınlarımızın ayıbını görüb üz döndərək, axırda da mənən ac qalaq, ABŞ-a möhtac qalaq. Ona görə də çox düşünəndən sonra belə bir təkliflə, daha doğrusu, tələblə çıxış etmək istəyirəm. Doğrudur, həmin təklifi məndən əvvəl də çox müdrik insanlar səsləndirib. Ancaq eybi yox, köhnə babamız demişkən, təkrar biliyin anasıdır. Təkrar təklif edirəm: “Facebook” bağlansın!

 





25.07.2019    çap et  çap et