Vaxt.Az

“Matrix”ə xoş gəldiniz


 

“Google” sadəcə axtarış sistemi deyil artıq

“Matrix”ə xoş gəldiniz Zaman dəyişib.

Artıq biz televiziyaya baxmırıq - telekanallar bizə baxır, nəyə baxdığımızı bilir, manipulyasiyalar edirlər. “25-ci kadr” məsələsini unudun. Uydurmadı, yalandı çünki. Daha ciddi manipulyasiyalar gedir indi.

Biz xəbər saytlarını oxumuruq. Onlar bizi oxuyurlar.

Çox yox, 20 il əvvəl kim ailə fotolarını, hara getdiyi, haradan gəldiyi barədə məlumatları könüllü əyan edərdi? Kimsə.

İndisə baxın sosial şəbəkələrə. Nə yediyimiz, nə içdiyimiz, nə sevdiyimiz, nəyə nifrət etdiyimiz, nə oxuduğumuz, nə geydiyimiz - hamısı məlum.

“Facebook” artıq bizi idarə etməyə başlayıb.

Mobil telefonlar, bank kartları, biletlər, paylaşımlar - hər addımımız, hər anımız əyandır bunu bilmək istəyənlərə.

Hə, demokratiya, libertarianlıq, insan haqları, fikir azadlığı?!

Güldürməyin məni.

“Google” sadəcə axtarış sistemi deyil artıq.

Məsələn, axtarış bölməsinə “Donald Trump” yazın.

Trampa nifrət edən, Demokrat Partiyaya rəğbət edən mass-media ilk sıralarda olacaq.

Tramp barədə mənfi fikir formalaşdırmaq üçün.

Olmasın Tramp, olsun istənilən kəlmə və ya məsələ - eyni mənzərədir.

“Google” “axtarışın relavantlığını təmin edən süni intellekt”dən danışır.

İllüziyadır.

Axtarış nəticələrini “Google Labs”dakı 16 nəfərlik departament və “Google Assistant”dakı 7 nəfərlik qrup təyin edir.

Üç il əvvəl məşhur amerikalı psixoloq və analitik, “American Institute for Behavioral Research and Technology”nin ulduzu Robert Epşteyn "The new mind control" adlı bomba partlayışı effektli essesində yazmışdı:

“İnternet elə zərif, incə və effektiv təsir formaları yaradıb ki, seçkilərin nəticələrini müəyyənləşdirməklə yanaşı, düşündüyümüz, dediyimiz və etdiyimiz hər şeyə ciddi təsir göstərir. Google özü müəyyənləşdirir ki, hansı veb-resursları axtarış nəticələrinə daxil etsin, onları necə sıralasın. Bunun necə baş verdiyi dünyada ən ciddi qorunan sirlərdən biridir”.

Texnologiya nəhənglərinin nə siyasi, nə mənəvi, nə əxlaqi neytrallığı yoxdur.

Sosial şəbəkələrdə profillərinizə yüklədiyiniz, hətta paylaşmadan əvvəl və ya sonra sildiyiniz istədiyiniz foto , video və s. data-serverlərdə 68 gün saxlanılır.

“Fatoş mu? Kill him”, “FBİ beni gözetliyo” tipli ironiya artıq yersizdir.

“Matrix”ə xoş gəldiniz...

 





26.07.2019    çap et  çap et