Vaxt.Az

“Qaçqınları Avropaya buraxacağıq” ...


 

... deyən Ankara Brüsselin boğazından yapışıb

“Qaçqınları Avropaya buraxacağıq” ... Avropa Komissiyasının iki gün ərzində praktik olaraq sözü olmadı ki, Türkiyənin görünməmiş demarşına cavab versin. Ankara bir zamanlar Brüssellə əldə edilmiş sazişləri yerinə yetirməkdən imtina edib – Türkiyə pul və vizasız rejimin əvəzində AB ölkələrinə çoxminlik qaçqın axınını dayandırmaq öhdəliyini üzərinə götürmüşdü.Bəs nə baş verib? Türkiyə hökuməti hələ iyulun 22-də – bazar ertəsi bildirib ki, immiqrantların readmissiyası (geri qəbul etmək-tərc.) haqda Avropa Birliyi ilə 2016-cı ildə imzalanmış sazişin fəaliyyətini dayandırır. Bu haqda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu TGRT radiostansiyasına müsahibədə məlumat verib. Diplomat məlumatlandırıb ki, “bu tədbir təkcə bu yaxınlarda Kiprin müstəsna iqtisadi zonasında aparılan qaz yataqlarının kəşfiyyatına görə Avropa Birliyinin Türkiyəyə qoyduğu sanksiyalarla deyil”, həm də AB ərazisinə səfər edən Türkiyə vətəndaşları üçün vizaların ləğvi haqda AB-nin vədlərinin yerinə yetirilmədiyi ilə bağlıdır.

Nazir deyib: “Readmissiya haqda saziş və vizadan azad edilmək eyni vaxtda qüvvəyə minməli idi. Bu, baş vermədu. Biz readmissiya haqda sazişin fəaliyyətini dayandırdıq”.

Yada salaq ki, Türkiyə sazişə uyğun olaraq təkcə “ərəblərdən avropalılara” yolda mane olmaq deyil, həm də Köhnə Dünyadan zorla qaytarılan qeyri-leqal köçkünlərin qəbul məntəqəsi olmağı öhdəsinə götürmüşdü. AB Yaxın Şərqdən öz ərazilərindən qaçaraq AB-də ən yaxşı yaşayış axtaranlar ordusunu mühasirəyə almaq üçün Ankaraya altı milyard avro ödəməyi və türklərə Şengen zonasına daxil olan ölkələrə vizasız səfər etmək icazəsi verməyi öhdəsinə götürüb.

Düzdür, sonuncu tam bir sıra qeyd-şərtlərlə hazırlanmışdı. Daha dəqiq olsaq, Türkiyə sübut etməli idi ki, Brüsselin ona qarşı irəli sürdüyü 72 şərtə uyğun gəlir. “Azlıqların hüquqlarının təmini” (əsasən, cinsi azlıqların), “söz azadlığı və siyasi motivlərə görə izləməkdən imtina”, “məhkəmələrin müstəqilliyini təmin etmək” və bir çox başqaları bunların içində olub.

Avropanın saysız-hesabsız KİV-ləri o zaman hamıya car çəkib ki, “Türkiyə üçün vizasız rejim artıq 2016-cı ilin iyununda gerçəklik ola bilər”.

Amma o vaxtdan bəri heç nə dəyişilməyib – Türkiyə üçün vizasız rejim belə də əlçatmaz arzu kimi görünür.

Xüsusən də 2016-cı il iyulun 15-dən Avropanın tələblərini yerinə yetirməyə Türkiyənin ümumiyyətlə marağı olmadığı üçün. Baş vermiş dövlət çevrilişi cəhdi prezident Rəcəb Tayyib Ərdoğanı müxalifətə münasibəti sərtləşdirməyə vadar edib, 2019-cu ilin martında isə ölkədə ən yüksək cəza tədbiri kimi ümumiyyətlə ölüm cəzasını bəpra etmək üçün fikir bildirib. Bütün bunlar faktiki olaraq cəzalar siyahısında ölüm cəzasının olmasını nonsens sayan Avropa ilə vizanı ləğv etmək perspektivlərinə son qoyub.

Bəlkə də, baş tutmamış vizasız rejim haqda Brüsseldə xüsusi mütəəssir olmayıblar, ola bilsin, hətta yüngüllüklə nəfəs alıblar. Amma, bax, Türkiyə tərəfinin miqrantların qabağını almaq haqda sazişin fəaliyyətini dayandırmaq bəyanatı Avropa Birliyini ciddi narahat edir. Kipr sularında qaz kəşfiyyatı aparmağa görə Brüsselin Ankaraya qarşı tətbiq etdiyi sanksiyalara mümkün cavab variantlarından biri Avropa üçün ən gözlənilməz və ən ağrılı cavabdır.

2016-cı ildə saziş imzalandıqdan sonra Yunanıstan adalarına gələn mühacirlərin sayı kəskin azalıb. 2015-ci ilin yayında Türkiyə üzərindən Avropaya (böyük qismi Yunanıstanla quru sərhədindən və Egey dənizində su ilə adalara) ayda 150 000 adam gəlibsə, bu göstərici bir ildən sonra 50 000-ədək, 2017-ci ilin başlanğıcına doğru isə ayda 3000 nəfərədək düşüb.

Və budur, indi tolerant Avropa Birliyinin yeni komandanlığının kürəyindən əsməcə keçir: qeyri-leqalların yeni fırtınası tamamilə gerçək perspektivə çevrilir. Ərdoğan NATO tərəfdən ən sərt basqıya baxmayaraq, Rusiyanın S-400 RƏM sistemini almaqla öz qətiyyətini artıq göstərib. Miqrantların qabağını alan şlüzləri açmaq onun üçün çətin olmayacaq. Xüsusən də AB-dən alınmış pullar artıq yeməyə xərcləndiyinə görə.

Və görünür, qaçqınları önləmək üzrə sazişin qüvvəsini uzatmaq haqda danışıqlar halında söhbət təkcə artıq o qədər də yeni müavinətpulu məbləğindən deyil, Kiprin (tanınmamış, amma fakt üzrə) türk hissəsi yaxınlığındakı qaz yataqlarından gedəcək. Və burada Brüsselin mövqeləri zəif görünür. Düzdür, Çavuşoğlu Brüsseldən diplomatcasına xahiş edib ki, Türkiyənin Kiprlə danışıqlarında sonuncunun tərəfində durmasın, “vasitəçi kimi çıxış etsin”.

Türkiyə DİN başçısı Süleyman Soylu daha açıq danışıb. О, eyham vurub ki, Türkiyə tənzimlənməyən miqrasiyadan Brüsselə qarşı ümumiyyətlə basqı aləti kimi yararlana bilər.

“Anadolu” agentliyi Soylunun sözlərini misal gətirir: “Aydındır ki, Avropa bizi bu məsələdə tək qoyub. Çiynimizə təqdirlə vurmaq bizi daha qane etmir. Türkiyə vaxtında qəti tədbirlər görməsəydi, Avropanın heç bir hökuməti (qaçqınların yürüşünə) hətta altı ay da duruş gətirməzdi. Əgər istəyirsinizsə, (Avropanın qapılarını açmağı) sınaqdan keçirərik”.

İspaniyanın “El Mundo” nəşri isə yada salmağı vacib sayıb: “İndiki anda Türkiyədə Avropaya keçməmiş üç milyonadək suriyalı qaçqın yerləşir”.

Brüssel Türkiyənin bu demarşına nə ilə cavab verib? Praktik olaraq heç nə ilə: Avropa Komissiyası (AK) mətbuatla əlaqələr üzrə müvəkkilin ağzıyla ənənəvi üslubda danışıb: “uşaqlar, gəlin, mehriban yaşayaq”.

AK təmsilçisi bildirib: “Biz inanırıq ki, hər iki tərəf imzalanmış sazişə tərəfdar olacaq”.

Bu sözlər Türkiyəyə eynilə siyasi xadimlərin əldə gül və asfalt üzərində “Biz sülh uğrundayıq” yazısı ilə uşaq düşüncəli yaşlı adamların keçirdikləri etiraz marşının terrorçulara bağışladığı təsiri buraxıb.

Brüsselin mövqeyi Ankaranı qane etməyib: Almaniyanın “The World News Monitor” saytının məlumatına görə, “Çavuşoğlu cavabında bildirib ki, onun ölkəsini NATO-dan çıxartmaq vədlərilə qorxutmaq olmaz, çünki bu hədələr apriori yerinə yetirilə bilməyəndir”.

Türkiyənin “Sabah” nəşri Ankaranın baş diplomatının sözlərini göstərib: “AB blokun qapıları ağzında onu bizim üçün haçan açacaqları gözləntisi ilə əlli il ayaq döyməyə hazır olduğumuza bel bağlayırsa, bu, hədər işdir. Biz xarici siyasətin yeni prinsiplərini hazırlayırıq və bu haqda avqustun əvvəlində məlumat verərik”.

Deyəsən, Türkiyə daxili işlər nazirinin türklər Avropa qapılarını açarsa, Avropa Birliyi dövlətlərinin yürüşün öhdəsindən gələ bilməyəcəkəri haqda sözləri həqiqətdən uzaq deyil.

 





29.07.2019    çap et  çap et