Vaxt.Az

Sistemdənkənar müxalifət qorxusu


 

Əsas təhlükədən sığortalanmaq üçün Kremlin xüsusi dəyənəyi - “Rosqvardiya”

Sistemdənkənar müxalifət qorxusu Rusiya paytaxtı Moskvada bir həftə ərzində iki icazəsiz yürüş və mitinq cəhdi Kremli ciddi düşünməyə vadar edib. Rusiya polisi iyulun 27-də hələ mitinq başlamamış sistemdənkənar müxalifətin əsas simaları Lyubov Sobolu, İlya Yaşini və Aleksey Navalnını evinin qarşısında həbs etdi. Ancaq liderlərsiz də Moskvada icazəsiz aksiya baş tutdu və müxtəlif mənbələrə görə aksiyada 6-15 min arasında insan iştirak etdi.

Etiraz mitinqləri sistemdənkənar müxalifət təmsilçilərinin Moskva Dumasına seçkilərdə namizədliklərinin qeydə alınmamasıyla bağlıdır. Müxalifət təmsilçilərinin qeydə alınmaması Moskva meri Sergey Sobyanin təkbaşına verdiyi qərar deyil. Rusiya Prezident Administrasiyasında siyasi proseslərin nəzarətinə administrasiya rəhbərinin müavini Sergey Kiriyenko cavabdehdir. Maraqlıdır ki, Kiriyenko 1990-cı illərdə özü liberal düşərgənin təmsilçisi kimi Dövlət Dumasında sağ qüvvələri təmsil edirdi. Ancaq sonrakı illərdə Kiriyenko liberaldan çox qatı dövlətçiyə çevrildi və bu onun bu baxışları prezident Vladimir Putinin baxışları ilə üst-üstə düşdü ki, o Kremlə gətirildi.

Ötən ilin sentyabrında hakim partiya Rusiyanın 4 bölgəsində qubernator seçkilərində parlament müxalifətinə məğlub oldu. Ona görə də Kiriyenko Moskva seçkilərində də hakim partiyanın mövqelərinin zəifləməsini istəmirdi. Bəllidir ki, Moskva və Sankt-Peterbuq Rusiya liberallarının əsas iki qalası sayılır və sağ qüvvələr bu iki şəhərdə kifayət qədər dəstəyə malikdirlər. Ona görə də sistemdənkənar müxalifət Kiriyenkonun planlarını pozmağa qərar verdi. Həm də sistemdənkənar müxalifət müqavimət üçün uğurlu avqust ayını seçib. Bu ayda Prezident Administrasiyasının məsul işçilərinin əksəriyyəti məzuniyyətdədir və buna görə də Putin müxalifətə qarşı müqavimətin necə qurulacağı haqqında yeni təkliflər ala bilmir.

Digər tərəfdən sistemdənkənar müxalifət prezident Vladimir Putinin reytinqinin aşağı enməsinin də fərqindədir. Bu ilin yanvar ayında keçirilən sorğularda Putin hakimiyyətdə olduğu 20 ilin ən aşağı reytinqi ilə yadda qaldı. Qərbin Rusiyaya qarşı artan sanksiyaları iqtisadiyyata mənfi təsir edir, rubl sürətlə dəyərdən düşür, inflyasiya artır, Sibiri yanğınlar bürüyüb və hökumət yanğını söndürməkdə çarəsizdir. Putin və onun komandası keçmiş illərdən fərqli olaraq yeni ideyalar ortaya qoymaqda çətinlik çəkirlər. Kiriyenkonun planı əsasında Putinin bölgə qubernatorlarını gənc kadrlarla əvəz etməsi də çarə deyil.

Rusiyada 2021-ci ildə parlament seçkiləri keçiriləcək. Hakim “Vahid Rusiya” partiyasının mövqeləri də zəifləyir. Hakim partiyanın 2021-ci ildə seçkilərdə mövqelərini itirməsi Putinin də mövqelərini zəiflədə bilər. Rusiya cəmiyyətinin bir hissəsi hələ ki Putinə inanır, ancaq parlamentə və hökumətə inam azdır. Putin bu tendensiyanı hiss etdiyindən vaxtilə Xalq Cəbhəsi Hərəkatını yaratdı ki, hərəkat üzvləri “Vahid Rusiya”dan fərqli olaraq insanlara daha yaxın olsunlar, onların problemlərinin həlli ilə məşğul olsunlar. Ancaq son illərdə Xalq Cəbhəsi faktiki “Vahid Rusiyanın” parçasına çevrilib, partiyanın 280 deputatından 80-n Xalq Cəbhəsi Hərəkatını təmsil edir, yəni insanların əksəriyyəti üçün hakim partiya ilə Xalq Cəbhəsi eyni qurumdur.

Vladimir Putin 2024-ci ildə prezidentliyə namizədliyini irəli sürməyəcək. Ancaq o yaşlı vaxtında da siyasətdə qalmağa və başqa statusla liderliyini qorumağı planlaşdırır. Bu ya Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin istifadə etdiyi “milli lider” statusu olacaq, ya da statusu artırılmış parlamentdə baş nazir funksiyası. Yəni mümkündür ki, 2024-cü ildə Putin yenidən öz partiyasının başına keçərək güclü hökumət formalaşdırmağa çalışsın. Ancaq bu gün Rusiyada və Moskvada baş verənlər Putinin planlarını pozacaq qədər ciddi olaylardır.

Putin Qərbin təsiri altında olduğunu düşündüyü sistemdənkənar müxalifətin gələcək parlamentdə yer almasını istəmir. Parlamentdəki müxalifət adlanan hazırki kommunistlər və liberallar Kreml sahibinin maraqlarına uyğundur. Putin parlamentdə bu konfiqurasiyanın davamına çalışacaq. Ancaq kommunistlərin və liberalların liderləri Züqanovla Jirinovskinin yaşları 70-n haqlayıb. Onlarla parlament müxalifətini qorumaq çətin olacaq. Sergey Kiriyenkonun komandası ilə üzərində çalışdığı layihələrdən biri də Züqanovla Jirinovskinin öz partiyalarından başqalarıyla əvəz olunmasını təmin etməkdir. Ancaq bu çətin vəzifədir. Jirinovskisiz Liberal Demokrat Partiyasını təsəvvür etmək çətindir. O olmayacaqsa, liberalların Dövlət Dumasında olacağını proqnozlaşdırmaq problemaikdir.

Putin özünü qorumaq üçün 2016-cı ildə “Rosqvardiyanı” təsis etdi. Bu Daxili İşlər Nazirliyindən kənar polis qüvvəsidir, böyük funksiyaları var. Moskva küçərlərində mitinqçiləri həbsə edənlər də məhz Putinin etibar etdiyi “Rosqvardiyaya” bağlı polislərdir. Bu qurumda çalışanların maaşları adi polislərin maaşlarından yüksəkdir. Nizamnaməyə görə “Rosqvardiya” yalnız prezidentə tabedir. Bu bir növ İran ordusuna və polisinə paralel struktur olan İslam Keşikçiləri Korpusuna bənzəyir. Islam keşikçiləri də nə prezidentə, nə parlamentə tabedirlər, onlara əmri ali dini lider verir. Putin SSRİ-nin dağılmasını “böyük fəlakət” adlandırmışdı. SSRİ-də ona görə dağıldı ki, ordu və polis Mixail Qorbaçovu devirən yeni “hakimiyyətə” tabe olmadılar. Putin bunun təkrarlanmasını istəmədiyi üçün “Rosqvardiya”nı təsis etdi. Təsadüfi deyil ki, Putin yeni qurumun başına inandığı dostu Viktor Zolotovu təyin edib. Ancaq Rusiyada nəyin nə zaman baş verəcəyini və kimin kimi dəstəkləyəcəyini - vədinə sadiq qalacağını proqnozlaşdırmaq çətindir. Rusiyanın yaxın tarixi də bundan xəbər verir. (“Atlas” Araşdırmalar Mərkəzi)

 





03.08.2019    çap et  çap et