Vaxt.Az

Putinin ciddi problemləri


 

Postsovet məkanındakı canlanma nələrə işarədir?

Putinin ciddi problemləri Əgər qonşumuz Rusiyada insanlar hətta Moskva Şəhər Dumasına seçkilərllə bağlı belə ciddi dirəniş göstərməyə başlayıblarsa, deməli növbəti prezident seçkilərində V.Putini ciddi problemlər gözləyir – bəli, ötən dəfədəki yazımızda Rusiyada baş verən proseslərin məğzini tamam açdığımızı düşünsək də heç bir neçə gün keçmədi ki, bunun belə olmadığı qərarına gəldik, çünki həftəsonu yeni etiraz dalğası başladı, yüzlərlə və bəlkə də minlərlə insan yenidən hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı, polis etirazçılara qarşı zor tətbiq etdi...

Axı nə baş verir? Bizim əziz-xələf şimal qonşumuz, strateji dostumuz və qardaşımız niyə çalxalanır? Bir çox təhlilçilər kiçicik siyasi süstlük və etinasızlıq müşahidə olunanda dərhal belə qənaətə gəlirlər ki, demokratiyanın dəftəri artıq bağlandı, daha heç yerdə, heç vaxt azadlıq motivli çabalar olmayacaqdır.

Həmişə yazmışıq ki, belə tələsik nəticələr adicə gülünclükdən və politoloji daltonizmdən, ən başlıcası da xam xəyallardan başqa şey deyil, çünki hələ heç kimə tarixin inkişaf vektoruna korrektələr etmək, onun lokomitivini fərqli istiqamətə yönəltmək müəyəssər olmayıbdır, əsrlərin, bəlkə də min illərin belə təcrübəsi göstərir ki, kiçik sapınmalar, epizodik geriləmələr olsa bilər, amma bu vektor orta hesabla daim bir istiqamətə yönəlibdir – insan hüquq və azadlıqlarının genişlənməsi istiqamətinə...

Həm də bizə elə gəlir ki, “acların üsyanı” ilə demokratiya uğrundakı prosesi biri-birindən ayırmaq lazımdır. Əksinə, insanlar maddi rifahlarını qismən təmin edəndə və özlərində şəxsi ləyaqət hissi duyanda azadlıq və demokratiya haqqında daha çox düşünməyə başlayırlar.

Rusiya cəmiyyətini də ac toplum kimi təsəvvür etmək olmaz, iqtisadiyyatda çox ciddi problemlər olsa da şimal qonşumuzda sosial səfalət yoxdur, sadəcə, insanlar getdikcə daha çox savadlanır, onların dünyagörüşü zənginləşir və ən başlıcası, öz durumlarını başqa ölkələrin cəmiyyətlərilə müqayisə etməyə başlayırlar. Bax, belə müqayisələr start götürəndə demokratiya uğrunda çabalar başlayır.

Həm də yaxın dövr üçün qlobal miqyasda da müəyyən ciddi proseslər müşahidə olunur, Trampın Putinə münasibətinin yozumu az qala psixo – siyasi çalarlar almağa başlasa da, ABŞ-la Rusiyanı ayıran nöqtələr artıq çoxalmaqdadır, on illər bundan əvvəl əldə olunmuş sazişlər ləğv edilir, NATO Rusiyanı üzük qaşı kimi dövrəyə alır, ABŞ Dövlət Departamenti növbəti ildən kiçik siyasi “Marşall planı”na start verməyi düşünür ki, bu da Rusiyanın post-sovet məkanındakı təsirini azaltmağa yönələcəkdir.

Belə bir plansa Rusiyanı içindən laxlatmaq cəhdləri olmadan effekt verə və arzu olunan nəticəyə apara bilməz. Odur ki, son illərdə post-sovet məkanınnın Qərbin etinasızlığından gileylənən demokratları umduqları dəstəyi alacaqlar, əlbəttə, onlar bunu istəyirlərsə...

Bilirsiniz, Qərbin Rusiyaya qarşı siyasəti niyə hələ gözlənilən nəticəni vermir? Sadəcə, Putin çox hiyləgərcəsinə tərpənir, silahlanma yarışından qaçır və çox yaxşıca bilir ki, bu onun ölkəsi üçün də, elə özü üçün də son demək olar – axı SSRİ-nin aqibəti hələ unudulmayıbdır.

Amma ki, nə qədər hiyləgər tərpənsələr də Rusiyanın hərbi–siyasi ambisiyaları böyük xərclər-məsrəflər tələb edir; bəli, Suriya da pul deməkdir, Ermənistan kimi axmaq ölkələri öz ətrafında saxlamaq da müəyyən qədər xərclər tələb edir, eləcə də NATO - nun Rusiyanın ətrafında çəkdiyi çəpərə qarşı sipər qurmaq üçün də çox böyük xərclər tələb olunur.

Ona görə də Moskva istəsə də, istəməsə də növbəti silahlanma yarışına qoşulmalıdır, bu isə onun sonunun başlağıcı olacaq.

Burada başqa detalı da qeyd etmək vacibdir. Putin yumşaq şəkildə desək, avtoritar liderdir. Elə gün çatacaq ki, ruslar Ostap Benderin siyasi həmreylisinin tandemokratiyasından, suveren demokratiyasından və effektiv dövlətindən tamam-kamal bezəcəklər və artıq proses başlayıb, çünki avtoritarizmi pərdələmək üçün çox yarlıklar düşünmək olar, amma əsas odur ki, demokratiya ya olur, ya da olmur, üstəlik, o, əsasən universal bir xarakter daşıyır və bizim - sizin demokratiyamız, suveren, məsuliyyətli, daha nə bilim, hansısa demokratiya yox, əsl azad, insanlara özlərini tam ifadə etməyə imkan verən demokratiya olur.

Odur ki, gec-tez Putin vatoritarizminin də onurğa sütunu tamam qırılacaq və növbəti tandem baş tutmayacaqdır, bax, o vaxt çox avtoritar liderlərin çırağı sönəcəkdir.

Düşünürük ki, bu çox da uzaqda deyil, hətta ola bilsin, çox yaxın perspektivdədir. Yəqin ki, onda demokratiyaya və azadlığa skeptik yanaşanlar heyrətlə soruşacaqlar ki, əcaba, Putini də “yıxmaq” olarmış? Bəli, olur və güman ki, olacaq da, ona görə ki, əslində heç kim heç kimi yəxmır, avtoritar liderlər gec - tez özləri yıxılırlar, ona görə ki, sərvət və hakimiyyət bunların gözlərini o qədər tutur ki, biçarələr reallıq hissini büsbütün itirirlər və mümkün olmayanr şeyin sevdasına düşürlər: əbədi olaraq siyasət Olimpində qalmaq. Amma yüz illərin təcrübəsi göstərir ki, siyasətin zirvəsində əbədi qalmaq istəyənlər son nəticədə əbədi lənətdən savayı heç nə qazanmırlar...

 





06.08.2019    çap et  çap et