Vaxt.Az

İranda ərzaq kəskin bahalaşdı


 

Rejimin basqısı günü-gündən artan türklər bu azmış kimi zəlzələ və qar fəlakəti ilə də üzləşib

İranda ərzaq kəskin bahalaşdı “İran haqqında yayılan yalan məlumatlara baxmayaraq, ölkədə həyat normal məcraya dönüb”. Bu sözləri İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi deyib. Onun sözlərinə görə, Qərb mətbuatının kütləvi etirazların davam etməsi və polislə qarşıdurmada ölənlərin sayının artması haqqındakı xəbərləri həqiqəti əks etdirmir.

Məlumatda qeyd olunur ki, artıq Tehranda və digər böyük şəhərlərdə ictimai-siyasi sabitlik bərpa olunub. Hökumət etirazları nəzərə alaraq, əhaliyə benzinin qiymətinin qalxmasına görə kompensasiya verilməsi üzərində iş aparır. Yaxın günlərdə İranda internetə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılacaq.  Qeyd edək ki, İran rejimi hadisələrin ilk günündən interneti kəssə də, noyabrın 21-i axşam saatlarından başlayaraq bir neçə şəhərdə internetin fəaliyyəti çox məhdud və zəif şəkildə bərpa edilib.

Ölkənin 137 şəhərində keçirilən dinc etirazlarda “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı açdığı birbaşa atəşi nəticəsində 251 nəfərdən çox insanın qətlə yetirildiyi, 3700 aksiyaçının yaralandığı, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçının polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi iddia olunur. İran rəsmiləri bu rəqəmləri təkzib edirlər.

GAMOH-un təmsilçisi Ağrı Qaradağlı bildirib ki, proseslər nisbətən səngisə də, gərginliyin arxada qalmasından danışmaq tezdir. Onun sözlərinə görə, hakimiyyətin internetə qoyulan qadağanı aradan qaldırmaması da ölkədəki etirazların başa çatmadığından xəbər verir. Sadəcə, İran hakimiyyəti daxildəki durumun beynəlxalq aləmə yayılmasını istəmədiyi üçün məhdudiyyəti saxlayır.

Qeyd edək ki, noyabrın 15-dən etibarən İranda benzinin litri 3 dəfə - 10 min rialdan 30 min riala  qədər bahalaşıb. Bundan əlavə, əvvəllər əhaliyə limitlə benzin almaq üçün verilən güzəşt qərarı da ləğv edilib. Xatırladaq ki, limitlə benzin almaq üçün aylıq maddi yardım 45 min tümən idi, ancaq bu, simvolik məbləğ idi. Həmçinin əvvəllər hökumət aylıq 30 litr benzini öz qiymətinə verirdi. Artıq sanksiyalardan küncə sıxışdırılan İran hökuməti bu güzəştləri də ləğv edib.

Verilən məlumatlara görə, ölkədə demək olar ki, hər şey bahalaşıb. Təkcə ərzağın qiymətində 3-4 qat bahalaşma var. A.Qaradağlı deyir ki, 5 ay bundan qabaq ətin kilosu 12 min tümən idi, indi 120 min tümənədək (17 manat) bahalaşıb.

GAMOH təmsilçisi bildirir ki, belə davam edərsə, çox hadisələr baş verə bilər. “Son hadisələr zamanı İranda 22 bank, 13 yanacaqdoldurma məntəqəsi, onlarla polis maşını, digər avtomobillər yandırılıb. Hakimiyyət fövqəladə rejim tətbiq etməklə, kütləvi həbslər həyata keçirməklə əhalini susdurmaq istəyir”.

Məlumatlarda o da bildirilir ki, İranda benzinin qiymətinin artmasına etiraz edənlər iki qrupdan ibarət olub. Bir qrup əhali dinc aksiyalar keçirərək hökumətin bu addımına etirazlarını bildiriblər. Prezident Həsən Ruhani də hökumət üzvlərinin iştirakı ilə keçirilən təcili toplantıda vurğulayıb ki, xalqın etiraz və aksiya keçirmək hüququnu tanıyırıq. Lakin digər qrup xaricdən dəstək alaraq benzinin qiymətinin artmasından sui-istifadə edərək sabitliyi pozmağa cəhd edib.

ABŞ prezidenti Donald Tramp da İranda baş verənlərə reaksiya verib. Noyabrın 21-də o, Twitter səhifəsində paylaşdığı bir yazıda İranın repressiv rejiminin ölkədə interneti kəsməsinə, dinc etirazçılara qarşı apardığı amansız repressiyalara münasibət bildirib. Tramp qeyd edib ki, İran İslam Respublikasının rəhbərləri azad informasiya mübadiləsinin qarşısını almaqla özünün dinc etirazçılara qarşı həyata keçirdiyi dəhşətli zorakılıq əməllərini gizlətmək niyyətindədir: “İranda sabitlik o dərəcədə pozulub ki, Tehran rejimi ölkədə bütün internet sistemini kəsib. Belə ki, böyük İran xalqı ölkədə cərəyan edən dəhşətli zorakılıq barədə danışa bilmir. İran rəsmiləri şəffaflığın tərəfdarı deyillər. Onlar elə fikirləşirlər ki, interneti kəsməklə dünya ictimaiyyəti ölkədə baş verən və onların səbəbkarı olduğu ölüm və faciədən xəbərdar olmayacaq”, - deyə Tramp Twitter səhifəsində paylaşdığı yazısında əlavə edib.

Dövlət katibi Mayk Pompeo isə Tvitter səhifəsində yaydığı bir yazıda İran rejiminin repressiyalarına məruz qalmış iranlılara səslənib. GünazTV-nin xəbərinə görə, Pompeo iranlı etirazçılara müraciət edərək onlardan ölkədə baş verən faciəli olaylarla bağlı hökuməti məlumatlandırmağı xahiş edib: “İgid və qorxmaz iranlı etirazçılar! İran rejiminin etirazlara qarşı ölkədə həyata keçirdiyi repressiyalarla bağlı öz videolarınızı, şəkillərinizi və məlumatlarınızı bizə göndərin. ABŞ etirazçıların zülmə və repressiyalara məruz qaldığını dünya ictimaiyyətinə ifşa edərək pisləyəcək. Bizimlə Telegram vasitəsilə əlaqə saxlayın: @RFJ-Farsi-Bot” - Pompeo paylaşdığı yazısında bəyan edib.

Bu arada Güney Azərbaycanla bağlı digər həyəcanlı xəbərlər də gəlir. Bildirilir ki, Güneyin bütün digər əyalətlərində olduğu kimi, Şərqi Azərbaycan əyalətində də kəndlər tədricən əhalidən boşalır. Şərqi Azərbaycan valisinin müavini və Marağa Şəhər İcra Hakimiyyətinin başçısı Həmid Şükri rəhbərlik etdiyi idarənin işçiləri ilə görüşdə bölgədə yaşanan iqtisadi problemlərə toxunub.

“Əyalətdə bir çox kənd əhalidən boşalıb. Bu problem Marağa məntəqəsinə də aiddir. Marağa Şərqi Azərbaycan əyalətinin ümumi sahəsinin 4.8 faizini təşkil edir. Əyalətdə əhalidən boşalan kəndlərin 3.5 faizi isə məhz Marağa məntəqəsində yerləşir”, - deyə o bildirib.

Vali müavini vurğulayıb ki, kəndlər sakinləri iqtisadi çətinliklərə görə şəhərlərə köçdüyü üçün boşalır. İclasda Şərqi Azərbaycan valisinin idarəetmə sahəsinin inkişafı üzrə müavini Həmidrza Qasimzadə də iştirak edib. Cəmiyyətin əsas problemlərinin proqramsızlıqdan irəli gəldiyini deyən vali müavini qısamüddətli tədbirlərlə inkişafa nail olmağın qeyri-mümkün olduğunu bildirib. O dövlətin yanlış iqtisadi siyasətinə işarə etmədən hər kəsi ölkənin dini lideri Əli Xamneyinin vurğuladığı müqavimət iqtisadiyyatı üsuluna riayət etməyə çağırıb.

Kənd əhalisinin yoxsulluqdan şəhərlərə köç etməsi problemi Şərqi Azərbaycan əyalətinin məsulları tərəfindən vaxtaşırı dilə gətirilir. Əslində oxşar hadisə Güney Azərbaycanın bütün əyalətlərində yaşanır. Bu məsələ bölgənin demoqrafik tərkibinin dəyişməsinə, bəzi məntəqələr, xüsusi ilə də Qərbi Azərbaycan əyalətində bölgənin kürdləşməsi ilə nəticələnir. İranın iqtisadi ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycanda yaranan köç problemi gün keçdikcə daha da dərinləşir.

Üstəlik, zəlzələdən bir müddət sonra Güneyə qar yağması əhalinin durumunu ağırlaşdırıb. Şərqi Azərbaycanın Miyana, Sarab və Türkmənçay məntəqələrində yerləşən kəndlərdə demək olar, bütün evlər dağılıb. Bölgə əhalisi hazırda çadırlarda gecələyir. Yetərli qədər qızınmaq vasitələri olmadığından çadırlarda çox sayda insan, o cümlədən uşaqların xəstələndiyi bildirilir.

Zəlzələdən zərərçəkənlərin əksəriyyəti kənd əhalisi olduğundan onların əsas işi heyvandarlıqdan ibarət olub. Çox sayda ailənin dolanışığını təmin edən mal-qara soyuq hava şəraitindən tələf olur, onları soyuqdan qorumaq üçün heç bir şərait yoxdur. Deyilənlərə görə, hökumət təbii fəlakətdə ölənlərin sayını gizlədir. Hazırda zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür, soyuq hava şəraiti vəziyyəti daha da ağırlaşdırıb. Bölgədə ərzaq məhsulları, qızınmaq vasitələri, tibbi ləvazimat və digər yardımlara ehtiyac olduğu bildirilir.

Dünya Azərbaycanlıları Konqresi isə İranda baş verən son durumla bağlı bəyanat yayıb. “İranda iqtisadi vəziyyətin getdikcə ağırlaşması, siyasi təzyiqlər, işsizlik və üstəlik son vaxtlarda yanacağın qiymətinin artırılması səbri tükənməkdə olan xalqı yenidən ayağa qaldırıb. Mövcud molla rejimi gündən-günə yüksələn gərginliyi gizli saxlamağa çalışsa da, beynəlxalq müşahidəçilərin fikrincə, qonşu ölkəni son 40 ilin ən güclü etiraz hərəkatı bürüyüb. Hökumət güclərinin insanlara qəddarcasına divan tutması nəticəsində onlara insan ölüb, yüzlərlə fəal həbsə atılıbr”, bəyanatda deyilir.

Bildirilir ki, rejimin ən çox ehtiyat etdiyi və nəzarətdə saxladığı inqilab beşiyi Təbriz mühasirə şəraitindədir: “Bu durum və qanlı qətllər, xalqın haqlı tələblərinin zorakılıqla susdurulması dünyada yaşayan bütün azərbaycanlıların qəzəbinə səbəb olub. Biz, DAK olaraq, İranın dinc əhalisinin mübarizəsini və tələblərini dəstəkləyir, İran rejimindən xalqa qəddar münasibətindən əl çəkməyi tələb edirik! İranın türk əhalisi bu proseslərdə nə qədər səbrli davransa da, nəticə etibarı ilə ölkənin taleyini onlar həll edəcəklər. Biz, İranın Azərbaycan-türk əhalisini öz hüquqlarını qorumaq və rejimin onları aşağılayan bütün əməllərinə qarşı dirənərək, irticaya ”dur!" deməyə səsləyirik! İnanırıq ki, Güney Azərbaycan bu regionun tarixindəki həlledici və şərəfli mövqeyini, demokratiya və mübarizə ideallarına daim sadiq olduğunu bir daha nümayiş etdirəcək! Tarixən böyük mədəniyyət beşiyi olmuş İran cəhalət ocağına çevrilə bilməz! İran Farsistan deyil! İran türkün əbədi vətənidir və türkün haqqı verilmədən İranın gələcəyi yoxdur!"

 





23.11.2019    çap et  çap et