Vaxt.Az

Dövlət banklari İmamoğluna borc vermir


 

Ərdoğan rəqibinə əl uzadacaqmı?

Dövlət banklari İmamoğluna borc vermir Prezident Rəcəb Tayyib Ərdoğanın partiyası ölkənin ən böyük şəhərinə nəzarəti itirdiyinə görə Türkiyənin dondurulmuş infrastruktur layihələri üçün pul tapmaq çətinləşib və bələdiyyə başçısı xarici banklara üz tutmağa məcbur olub.

16 milyon əhalisi olan şəhər metro və digər layihələrini bitirmək üçün 20 milyard lirəyə (3.48 milyard dollar) ehtiyac duyur, ancaq dövlət mülkiyyətində olan banklar İstanbula və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) nəzarətində olan digər bələdiyyələrə hətta qısa müddətli kredit verməni dayandırıb.

Əkrəm İmamoğlu iqtidar partiyasının bələdiyyə başçılığına namizədini iyun ayında təkrar seçki ilə ikinci dəfə məğlub edəndən problemlərlə üzləşir. O, israfçı xərcləri aradan qaldıracağına dair kampaniya aparıb və əvvəlki administrasiyanın son illərdə bələdiyyənin borcunu 28 milyard lirəyə (4.87 milyard dollar) qədər artırmaqda günahlandırıb. Bununla bərabər, İmamoğlu mərkəzi hökumətlə körpülər qurmağa ümid edib, lakin şəhərin təcili maliyyələşdirmə ehtiyacları üçün göstərilən səyləri və səbri tükənib.

“Təəssüf ki, Türkiyənin bütün dövlət bankları bizə qapılarını bağlayıb. Dövlət bankının soyuq münasibəti və ya müqavimət göstərməsinin motivasiyasını bilmirəm, amma bu, iqtisadi prinsiplərə söykənən bankir motivasiyasından kənardır… Beş ay səbr etdim, amma indi bu mənasız menecerlərin münasibətlərini pisləyirəm”.

Dövlət tərəfindən idarə olunan “VakifBank” və “Halk Bank” məsələyə şərh vermir və ən böyük dövlət kreditoru olan “Ziraat” elektron poçtla göndərilən sualları cavablandırmayıb.

Bələdiyyələr üçün vəsait çatışmazlığı kəskin iqtisadi yavaşlama fonunda bankların üzləşdikləri vəziyyəti də əks etdirə bilər.

İqtisadiyyata təkan vermək üçün banklar kreditlər və kredit kartları üzrə faiz dərəcələrini 2018-ci ildə başlatmış valyuta böhrandan sonra endirib. “Bluebay Asset Management” şirkətinin inkişaf etməkdə olan bazarlar üzrə böyük strateqi Timoti Əş “əl-Monitor”a bildirib: “Real iqtisadiyyata borc vermək üçün onlar dövlət təzyiqi altındadırlar. Dövlət banklarında kredit artımı qrafikdən kənarda qalıb”.

İmamoğlunun sözlərinə görə, İstanbulun metro xətlərinin və digər infrastruktur layihələrinin genişləndirilməsi işləri iqtisadi gərginlik səbəbindən iki ildir dayanıb. Təkcə metropolitendə 8 layihənin başa çatması 12 milyard lirəyə (2 milyard dollar) başa gələcək.

Beləliklə, bələdiyyə həm özəl türk banklarına, həm də xarici borc verənlərə nağd pul üçün müraciət edib. İmamoğlu bu yaxınlarda (şəhərin Asiya tərəfində) metro tikintisi layihəsini yenidən başlatmaq üçün Almaniyanın “Deutsche Bank”-ından 110 milyon avro borc alındığını bildirib. Fransanın “Societe Generale” bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının 13 kilometrlik metro xətti çəkmək üçün verdiyi 97.5 milyon avro vəsaitin sindikatlaşdırılmış krediti çərçivəsində İstanbula 20 milyon avro (22 milyon dollar) borc verir. Qara dəniz Ticarət və İnkişaf Bankı da Asiya hissəsindəki metro xəttinin maliyyələşdirilməsi üçün əlavə 77.5 milyon avro (85.3 milyon dollar) vəd edir. Fransa İnkişaf Agentliyi isə bu ay şəhərdə başqa bir Asiyayönlü yeraltı nəqliyyat xəttinin çəkilməsi üçün 86 milyon avro (94,7 milyon dollar) borc verməyə razılıq verib.

İmamoğlu jurnalistlərə açıqlamasında deyib ki, investisiya bankirləri ilə London, Paris və Berlin də daxil olmaqla, Avropa paytaxtlarına bir müddət əvvəl etdiyi səfər çərçivəsində görüşüb. Çindən həm maliyyələşmə, həm də birbaşa investisiyalar təmin etmək məqsədi ilə o, Uzaq Şərqə də səfər etməyi planlaşdırır.

Timoti Əş bildirib ki, qlobal iqtisadi yavaşlama ilə əlaqədar narahatlıq içərisində Türkiyə xarici sərmayə cəlb etmək üçün mübarizə aparsa da, milli iqtisadiyyatın demək olar ki, üçdə birini təşkil edən Türkiyənin ən varlı şəhəri yenə də İmamoğlunun siyasi hekayətini satın ala biləcək investorlar üçün yaxşı gəlir təklif edir.

“İstanbulun iqtisadiyyatı, ehtimal ki, yaxşı inkişaf edir. İnsanlar da İmamoğlunun bir islahat hekayəti olduğunu qəbul edirlər və bu da müsbət haldır. O, gələcəyin siyasətçisi kimi tanınır”.

Öz növbəsində, İmamoğlu deyib: “Heç kimə şüşədən cin çıxarılacağına söz vermədim. Ancaq onlara İstanbulun istedadlar şəhəri olduğunu, demokratiyanın hökm sürdüyünü, bu şəhərin dünya üçün əhəmiyyətli mesajlarının mövcudluğunu və qurduğumuz institusional quruluşların şəffaf və hesabatlı olduğunu söylədikdə… maliyyə qurumlarına müsbət təsir etdi. Etibarlı sənədlər, müvafiq sərmayələr və dəqiq iqtisadi yol xəritəsini görmək istəyirlər”.

Bələdiyyə nəzarət etdiyi şirkətlərin səhmlərini də təklif edə bilər və nəticədə daha çox pul toplamaq üçün avrosəhm bazarını çıxmağı düşünür. Bunun üçün Ərdoğanın kürəkəni tərəfindən idarə olunan Maliyyə Nazirliyindən təsdiq tələb olunur.

Amma Ərdoğan İmamoğlunun nüfuzunu azaltmaq üçün başqa addımlar atıb. Bələdiyyə sədri bələdiyyə problemlərini həll edəcək bir komissiyadan xaric edilib. Qəzetlər yazır ki, Boğazlarda inkişaf planlaşdırılmasının mərkəzi hökumətə verilməsi nəzərdə tutulur. İmamoğlu hökumətə xəbərdarlıq edib: “Seçkini uduzan bir siyasi partiyanın bu cür hərəkətləri Türkiyə demokratiyasına böyük zərbə olar”.

İstanbulun bələdiyyə başçısı bildirib ki, hökumətin onun administrasiyası ilə işləməkdən imtina etməsi “psixoloji” məsələdir. “Mən başa düşürəm ki, 25 ildən sonra idarəetmə dəyişikliyinə təbii bir refleks var. Lakin bu proses uzanmamalıdır; hökumət bu duyğulardan xilas olmalıdır. İnanıram ki, uyğunlaşacaqlar”.

Türkiyənin ən populyar siyasətçisi olan Ərdoğan, əlbəttə, İstanbul bələdiyyəsinə əl uzada bilər. “İnanıram ki, bu münasibətlər normallaşacaq. Bu, sağlam siyasi mövqenin tələbidir”, – İmamoğlu deyib.

 





26.11.2019    çap et  çap et