Vaxt.Az

“Kişi ölməyib, sağdı …”


 

Yaşadıqlarını sübut etmək üçün uzun növbələrdə gözləyən pensiyaçılar...

“Kişi ölməyib, sağdı …” Türkmənistanda pensiyaçılar sağ olduqlarını, ölmədiklərini sübut etmək üçün saatlarla uzun növbələrdə dayanmalı olurlar. Virtualaz.org xəbər verir ki, Aşqabadda rayon sosial müdafiə şöbələrinin qarşısında hər gün uzun növbələr yaranır.

“Mən bu gün şəxsən Kopetdağ rayon “sobes”inə getmişdim. Qocalardan, əlillərdən, körpə uşaqlı analardan ibarət uzun növbə var idi”,-“Azadlıq” radiosunun türkmən xidmətinin müxbiri deyir.

Nəhəng növbələr yanvarın əvvəllərindən başlayıb. Sağ olduqları barədə yerli sosial müdafiə şöbələrində qeydiyyatdan keçmək tələbi təkcə pensiyaçılara deyil, əlilliyi olanlara və körpə uşaqlı analara da aiddir.

Türkmənistanda 2018-ci ilin ikinci yarısından tətbiq olunan qaydalara görə dövlətdən pensiya, sosial müavinət, əlilliyə görə müavinət və s. alanlar ölmədiklərini sübut etmək üçün  hökmən ildə iki dəfə şəxsən qeydiyyatdan keçməlidir. Bu qayda ona görə tətbiq edilir ki, pensiyaçıların və digər sosial ödəmələr alanların yaxınları onlar öləndən sonra pulları ala bilməsinlər.

Yerli sosial müdafiə şöbələrində şəxsən qeydiyyatdan keçəndən sonra pensiyaçılara və əlillərə 10 faizlik artımla yeni pensiyalar, müavinətlər hesablanır. 2020-ci il yanvarın 1-dən etibarən Türkmənistanda pensiyaların məbləği 10 faiz artırılıb, minimal pensiya 338 manat olub (dolların qara bazar kursu ilə 18 dollar). Dövlət müavinətləri isə 322 manata qalxıb.

Pensiyaçıların sağ olduqlarını şəxsən təsdiqləməsi prosesi bütün ölkə üzrə davam edir. Bu prosedurdan keçməyənlərə isə dekabr ayı üçün pensiyalar və müavinətlər ödənilməyib.

Vətəndaşlar sağ olduqlarını təsdiqləmək üçün yaşayış yerindən və poliklinikadan arayış təqdim etməlidir.

 





14.01.2020    çap et  çap et