Vaxt.Az

Vilayəti koronavirusa yoluxub


 

Xamneyinin yaxın adamı özünü qoruya bilməyib

Vilayəti koronavirusa yoluxub İranın “dini lider”inin beynəlxalq məsələlər üzrə müşaviri, Tehranın “Məsih Daneşvəri” xəstəxanasının rəisi Əli Əkbər Vilayəti koronavirusa yoluxub. Bu barədə, “Sepah”a bağlı “Tasnim” agentliyi martın 12-də məlumat yayıb.

“Tasnim”in yaydığı məlumata əsasən, son günlər koronavirusa qarşı mübarizə işi ilə əlaqədar başçılıq etdiyi xəstəxanaya gedib həkimlərə və tibb bacılarına baş çəkən və onların fəaliyyəti ilə yaxından tanış olan Əli Əkbər Vilayəti özü də virusa yoluxub.

Bildirilir ki, martın 11-i günorta saatlarında xəstəxanada olan Əli Əkbər Vilayətidə koronavirusun ilk simptomları aşkar edildikdən sonra ondan analiz götürülüb və testlərin cavabı müsbət çıxıb. Nəticədə, o həkimlərin tövsiyəsi ilə ev şəraitində karantinə alınıb.

Hazırda, "dini lider" Əli Xamneyinin müşavirinin səhhətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin martın 12-də yaydığı son statistikaya əsasən, ölkədə koronavirusa yoluxanların sayı 10075 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 429 nəfərə yüksəlib.

İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə, virusa yoluxanların və xəstəlikdən ölənlərin sayının bir neçə dəfə çox olduğunu bildirirlər.

 





14.03.2020    çap et  çap et