Vaxt.Az

“Tələsməyin”


 

ÜST karantini dayandırmaq istəyən ölkələrə xəbərdarlıq etdi

“Tələsməyin” “Koronavirus infeksiyasının yayılması səbəbindən ölkə əhalisi arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar tələsik verilməməlidir”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı xəbərdarlıqda belə deyilir.

Məlumatda qeyd olunur ki, anidən verilmiş hər hansı bir qərar yeni bir xəstəlik dalğasına və qurbanların sayının artmasına səbəb ola bilər.

Qurumun Baş direktoru Tedros Adhanom Qebreyesus bu cür qadağaların mənfi iqtisadi təsirinə baxmayaraq, məhdudiyyətlərin qaldırılmasında tələsikliyə yol verilməməsinin vacibliyini vurğulayıb.

O, bəzi ölkələrdə yoluxma sayında artım tempinin yavaşladığını təsdiqləyib.

ÜST-nin rəhbəri qeyd edib ki, bəzi ölkələrdə irəliləyişlər müşahidə olunsa da, bəzilərində vəziyyət kəskin pisləşməyə doğru gedir. Belə ki, virus səhiyyə sistemində ciddi problemləri olan Afrikada geniş yayılmağa başlayıb.

BBC xatırladır ki, Avropada COVİD-19-dan ən çox təsirlənən ölkələr-İtaliya və İspaniya karantin rejimindədir, lakin tədricən bəzi məhdudiyyətləri aradan qaldırırlar.

Məsələn, İspaniyada 13 apreldən etibarən çox əhəmiyyətli sahələrdə işləyənlər - inşaatçılar işə qayıda biləcəklər. Aprelin 10-da bu ölkədə son 17 gündə koronavirus qurbanlarının minimum gündəlik sayı qeydə alınıb: 605. Bu günə qədər İspaniyada 158,273 nəfər koronavirusa yoluxub, 16, 081 nəfər xəstəlikdən ölüb.

İtaliyada karantin mayın 3-dək uzadılıb, ancaq 14 apreldə bəzi kiçik sahibkarlar işə qayıtmağa başlayacaqlar. Xüsusilə kitab və uşaq geyimləri mağazaları fəaliyyətini bərpa edəcək.

Hazırda isə İtaliyada yalnız aptek və ərzaq mağazaları fəaliyyət göstərir.

İtaliya dünyada ölüm sayına görə ilk yerdədir – 18, 849 nəfər. Ölkədə 147,577 nəfər virusa yoluxub.

 





11.04.2020    çap et  çap et