Vaxt.Az

Kölgə iqtisadiyyatlı sahibkar


 

“Jalal-İ” Tədris Mərkəzində 100-ə yaxın qeyri-leqal işçi aşkarlandı, cinayət işi qaldırıldı

Kölgə iqtisadiyyatlı sahibkar Azərbaycanda kölgə iqtisadiyyatı quran və vergidən, sosial ödənişlərdən yayınan sahibkarlara qarşı hüquq-mühafizə orqanları hərəkətə keçib.

Virtualaz.org xəbər verir ki, 100-ə yaxın qeyri-leqal işçi çalışdıran tədris mərkəzinin rəhbərinə qarşı cinayət işi qaldırılıb.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qaynar xəttinə “Jalal-İ” Tədris Mərkəzində əmək müqaviləsi bağlanmadan çoxlu sayda işçinin işə cəlb edildiyi, işçilərin əmək haqlarının tam və ya qismən mənimsənildiyi barədə məlumat daxil olub.

Araşdırma zamanı məlum olub ki, həqiqətən “Jalal-İ” tədris mərkəzində 100-ə yaxın işçi ilə heç bir əmək müqaviləsi bağlanmayıb, vergi ödənişlərindən və sosial ödəmələrdən yayınma baş verib. Nəticədə mərkəzin rəhbəri Məhərrəmov Calal Kamal oğlu barəsində cinayət işi qaldırılıb, araşdırma davam edir.

Xatırladaq ki, Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizə son dövrlər geniş miqyas alıb. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında sahibkarları ikili mühasibatlıq, əmək müqaviləsi bağlanmadan işçilərin işə cəlb edilməsi kimi neqativ praktikadan əl çəkməyə çağırıb. Prezident vətəndaşlara da çağırış edərək işəgötürənlərdən onlarla əmək müqaviləsi bağlamağı tələb etməyi dəfələrlə bildirib.

İlham Əliyev xatırladıb ki, əmək müqaviləsi olmadan işləyənlər öz hüquqlarının pozulması ilə barışmış olurlar və belələri gələcəkdə əmək pensiyası ala bilməyəcəklər, habelə icbari tibbi sığortadan kənarda qalacaqlar. Dövlət başçısı vətəndaşları işçilərlə əmək müqaviləsi bağlamayan sahibkarlar barədə müvafiq dövlət orqanlarına məlumat verməyə də çağırmışdı və indiki vaxtda vergiləri gizlədən, sosial ödənişləri etməyən belə sahibkarlara qarşı sərt tədbirlərin görüləcəyini bildirmişdi.

“Jalal-İ” Tədris Mərkəzi saytında göstərildiyi kimi, dövlətin özəl sektora dəstəyindən bəhrələnərək yaradılıb və 19 ilə yaxındır fəaliyyət göstərir. Mərkəzdə abituriyent hazırlığı aparılır, xarici dillər, mühasibatlıq, dizayn və s. tədris olunur.

 





25.04.2020    çap et  çap et