Vaxt.Az

“Onlar müftə heç nə vermir”


 

Epidemiya dövründə mafiya: “Koza Nostra” insanlara ərzaq paylayır

“Onlar müftə heç nə vermir” Koronavirus epidemiyası minlərlə insanın həyatına son qoymaqdaykən İtaliya mafiyası bu vəziyyətdən yararlanmaqla məşğuldur. Məmurların dediyinə görə, xeyli sayda insan mafiyanın uzatdığı "yardım əlini" tutmaq məcburiyyətində qalıb.

“Kosa Nostra” adlı mütəşəkkil cinayətkar qrupun liderinin qardaşı Siciliyanın Palermo şəhərində yoxsullara ərzaq paylayır.

“İnsanlar mənə zəng vurub ağlayır, uşaqlarının ac olduğunu deyirlər. Ona görə də belələrinə kömək edirəm. Gənc bir qadın hər gün zəng vurub beş uşağına nə yedirəcəyini soruşur. Mafiya üzvü olmaq insanlara kömək etmək deməkdirsə, mən mafiya üzvü olmağımla qürur duyuram”, - bunları o mənə sosial media vasitəsilə baş tutan söhbətimiz əsnasında deyib.

 

“Cazibəli xilaskar”

 

Onlarla mafiya mübahisəsinin şahidlərindən olan, Siciliya mafiyasının üzvü Qaspare Mutolo "Bax, mən də tam bu cür çalışıram" deyir.

“Mən həmişə cazibəli olmuşam, alicənab görünmüşəm. Mafiya insanların rəğbətini qazanmaq istəyir, ona görə də insanlara həqiqi üzümü göstərmirdim. Halbuki 20-yə yaxın adam öldürmüş cinayətkarıydım”, - bunlar da Mutolonun sözləridir.

Polisin müdafiəsi altında yaşayan və gizli bir yerdə BBC-yə müsahibə verən Mutolo şəkil çəkməklə gün keçirir. Onun şəkillərində mafiyanın məhəllələri “qollarıyla” necə qucaqladığı təsvir olunur.

Mutolo deyir ki, “yardım” etdiyi ailələr bunun kimdən gəldiyini soruşmurlar: “Uşaqlarınız acından ağlayırsa və işiniz iflas ərəfəsindədirsə, yanlış adamların köməyini qəbul etməyin nəticələri barədə düşünmürsünüz. Həyatda qala bilmək üçün yollar axtarırsınız”.

 

Köhnə üsullar

 

Qida paketləri paylamaq mafiyanın özü qədər köhnə üsullardandır.

Katanzaro prokurorluğunda mafiyayla bağlı istintaq araşdırmaları aparan Nikola Qratteri deyir ki, mafiyanın məqsədi “etibar qazanmaq və dövlətin alternativi rolunda çıxış etməkdir”.

Mafiyanın gücü onun tapşırıqlarını yerinə yetirən yerli təşkilatlarındadır.

“Koronavirus epidemiyası dövründə bu vəziyyətlə daha çox qarşılaşacağıq”, - Qatteri belə deyir.

Mafiyaya qarşı fəaliyyət göstərən qurumlardan birinin əməkdaşı Enza Rando deyir ki, mafiya üzvlərindən ən kiçik yardım almaq belə son dərəcə təhlükəlidir:

“Mafiya heç vaxt xeyirxahlıq və alicənablıq motivləriylə iş görmür. Onların lüğətində belə sözlər yoxdur. Mafiyanın fəaliyyəti “Sən məni müdafiə etsən, mən də səni müdafiə edərəm” prinsipi üzərində qurulub”.

Marçello Palermonun paytaxtında bir restoran işlədir. Müəssisə mart ayından bəri qapalıdır: "Gözləyirəm ki, mafiya gəlib alsın, çünki təkrar aça biləcəyimə inanmıram. Biri gəlib qapınızı döyür və bir məbləğ təklif edir. Qiymət barədə danışıqlar aparırsız. Sonra məbləğin bir hissəsi hesabınıza köçürülür, yerdə qalan qismini nağd alırsız. İşin ən cəzbedici tərəfi də elə budur".

Marçello deyir ki, belə təklifi rədd etmək çətindir: "Biznesim batır. Biri xilasedici həlqə uzadanda ya ideallarınızı seçib boğulursunuzz, ya da o həlqəyə doğru üzürsünüz".

Başlanğıcda mafiya sizdən heç nə istəmir. Amma hər kəs aldığı yardımın qarşılığını ödəmək məcburiyyətindir.

Keçmiş mafiya üzvü Mutolo deyir ki, mafiya bir gün mütləq geri dönür.

O özünün bunu yerli seçkilər zamanı etdiyini danışır: "Əvvəl yardım etdiyim insanların yanına gedib deyirdim ki, “çiao bella” ("gözəlim"), məni xatırlayırsanmı, ehtiyacın olanda sənə kömək etmişdim. İndi də mənim köməyə ehtiyacım var. Səndən istədiyim tək şey bu namizədə səs verməkdir”.

Buna “səsləri satın almaq” (“voto di scambio”) deyirlər.

 

Sələmçilik və kirli pulların yuyulması

 

Mafiya həmişə qlobal bir böhran arzulayır və ondan faydalanmağı planlaşdırır. Bu baxımdan koronavirus epidemiyasını onlar üçün əsl fürsət hesab etmək olar.

“Əllərində böyük miqdarda nağd pul var. Ehtiyacı olanlara yardım etmək məsələsində dövlətdən daha effektli fəaliyyət göstərirlər”, - Mutolo belə deyir.

Mafiya İtaliyanın cənubundakı Apulia şəhərinin sakini, kiçik bir ət dükanı olan Antoni və xanımı Françeskaya da yardım etmək istəyib. Bir neçə gün əvvəl onların daimi müştərilərindən biri mağazaya gələrək nağd pul təklif edib.

Epidemiyayla bağlı karantin tədbirlərinin onlara böyük çətinliklər yaradacağını bilən Antonio həmin anı belə təsvir edir: "Xanımımla göz-gözə gəldik, bərk dilxor olduq. Çünki bunun nə anlama gəldiyini bilirdik. Onların pulunu qəbul etmək çox təhlükəli olardı".

Antonio və xanımı kömək təklifini rədd ediblər.

Sələmçilik mafiyanın əsas fəaliyyətlərindən biridir. Kiçik faizlə borc verirlər. Ancaq mafiyayla bağlı istintaq araşdırması aparan Qratteri deyir ki, borc verən şəxs bir müddət sonra pis üzünü göstərir:

"Beləliklə, əzablarınız başlayır. Mafiya üzvünün məqsədi pul qazanmaq yox, biznesinizi ələ keçirərək çirkli pul yumaqdır".

 

Mafiyanın qucağına atılmaq

 

Karantin məhdudlaşdırmaları başlayandan sonra İtaliyada sələm qurbanları üçün qaynar xətt açılıb. Kiçik müəssisələr başda olmaqla, gələn bildirişlərin sayı iki dəfə artıb.

Çağrı mərkəzində işləyən Attilio Simeone deyir ki, “İtaliya hökuməti yardım edə bilmirsə, bu şəxslər mafiyanın qucağına atılmış olur”.

Hazırda dünya “Böyük Böhrandan” sonrakı ən böyük böhranla üz-üzədir. Təxminlərə görə, İtaliyanın Ümumi Daxili Məhsulunda 9,1 faiz azalma olacaq. Bu, bir çox insanın ciddi problemlərlə üzləşəcəyi deməkdir.

Enzo Rando bunun “mafiya üçün çox sərfəli bir məqam” olduğunu deyir.

Mafiyaya qarşı fəaliyyət göstərən digər mütəxəssislər kimi Rando da istəyir ki, mafiyadan nağd pul təklifi gələnə qədər İtaliya hökuməti insanlara və müəssisələrə kredit versin.

Hökumətin açıqlamasına görə, ehtiyacı olan müəssisələrə 25 min avroya qədər kredit xətti açılacaq. Ancaq Marcello hökumətə müraciət etməyəcəyini deyir:

“O pulu qaytarmaq mümkün deyil. Açılandan sonra mağazalar sosial məsafə qaydasını tətbiq etməli olacaqlar. Bu, daha az müştəri və daha az gəlir deməkdir”.

Marçello deyir ki, tanıdığı bütün restoran sahibləri onun kimi düşünürlər və onlar da tez bir zamanda müəssisələrini mafiyaya satmağı yeganə çıxış yolu hesab edirlər:

“Özümü tam bir uğursuzluq mücəssəməsi hesab edirəm. Həmişə mafiyanı qınayanlardan olmuşam, bu günsə inandığım hər şeyə xəyanət etmək mərhələsindəyəm”.

 





09.05.2020    çap et  çap et