Vaxt.Az

Bayram baha başa gəlir


 

8 mart gəlməmiş güllərin və hədiyyələrin qiymətindəki artım özünü göstərməyə başlayıb...

Bayram baha başa gəlir Martın 8-i dünyanın bır sıra ölkələrində, o cümlədən Azərbaycanda qadınlar günü kimi qeyd edilir. Bu gün yaxınlaşdıqca, gül dükanlarının, hədiyyə mağazalarının müştərilərinin sayı artır, alış-verişdə fəallıq müşahidə olunur. Bayrama isə cəmi bir gün qalmasına baxmayaraq, 8 mart ab-havası artıq indidən duyulmaqdadır.

Bayram qabağı paytaxt ərazisində keçirdiyimiz müşahidə zamanı güclü cinsin mənsublarının bu günə xüsusi hazırlaşdığının şahidi olduq. Əlində gül və hədiyyələrlə gedən kişilərə hər addımbaşı rast gəlinirdi. Gül dükanlarının, hədiyyə mağazalarının müştərilərinin sayı artıb, alış-verişdə fəallıq müşahidə olunur. Bundan istifadə edən işbazlar isə həmişə olduğu kimi, güllərin və hədiyyəlik əşyaların qiymətini kəllə-çarxa qaldırıblar. 

Gül satıcıları da qiymətlərin artdığını etiraf etdilər. Onlar bahalaşmanın səbəbini güllərin topdansatış obyektlərində qiymətlərin yüksəlməsi və tələbatın artması ilə əlaqələndirdilər: «Baha aldığımız üçün baha satmağa məcburuq. Hazırda qızılgülün bir ədədi 5-7 manatadır. 8 mart günü isə 9-10 manata, bəlkə də daha baha olacaq. Güllərin xarici ölkələrdən gətirilməsi də qiymətə təsir edir. Güllər əsasən Hollandiyadan gətirilir. İran, Türkiyə və az da olsa yerli güllərimiz də var. Bunların qiyməti Hollandiya güllərindən daha ucuzdur».

Qiymətlərə gəlincə, «Nərimanov» metrosu yaxınlığındakı salonda qızılgülün 1 ədədi 6 manata, orxideya 45 manata, ağ zanbaq 8 manata, digər zanbaqlar 6 manata satılırdı. Burada 3 ədəd qızılgülün kiçik buket şəklində hazır bağlama 40 manata başa gəlir. 

Şəhərin müxtəlif yerlərindəki gül mağazalarında da demək olar, eyni qiymətlər idi. 

Pərakəndə satışa çıxarılan güllərin qiyməti isə gül salonlarına nisbətən daha ucuzdur. Belə ki, metro çıxışlarında, dənizkənarı parkda əllərində gül satan səyyar satıcılar qızılgülün bir ədədini 5 manata təklif etsələr də, 4 manata da almaq olar.

Xanımların ürəyincə olan hədiyyələr təkcə gül-çiçəklə bitmir təbii ki. Onları təbrik etmək üçün parfümeriya, bijuteriya və geyim aksessuarları da almaq olar. Bunu nəzərə alaraq şəhərin ticarət mərkəzlərinə baş çəkdik. İlk baş çəkdiyimiz məkan parfümeriya mağazaları oldu. Ətirlərin qiyməti isə əl yandırırdı. 

Tanınan parfümeriya mağazalarında satılan ətirlərin ən ucuzu 50-70 manatdır (30 ml). Yeni və klassik ətirlərdən 50 ml həcmdə olanların qiyməti 80-120, 100 ml. həcmdə ətirlərin qiyməti isə 150-500 manat arasında dəyişirdi. 

«İdeal» parfümeriya mağazalarının vitrinlərini isə «40 faizədək endirim, 70 faizədək bonus, seçimi özünüz seçin» başlıqlı yazılar bəzəyirdi. İçəri daxil olduqda ətirlərin üzərinə «15 faiz endirim+20 faiz bonus» yazısı qeyd edilmişdi. Satıcıdan bunun açıqlamasını soruşduq. O, ətirlərin qiymətində 15 faiz endirim olduğunu, ancaq istəsək ətri endirimsiz alıb üstündə 20 faizlik, yəni 9 manatlıq nəyisə pulsuz ala biləcəyimizi söylədi.

«28 May» metrosu yaxınlığındakı «Beatrice» bijuteriya mağazasında 8 Mart münasibətilə endirim kampaniyası keçirilsə də, qiymətlər «od tutub yanırdı».

«28 Mall» ticarət mərkəzində də bijuteriyalar baha satılırdı. Əvvəllər 10-20 manat arasında satılan bijuteriyaların qiyməti indi «endirimlə» 20-30 manat arasındadır. Görünür, işbazlar qiymətləri 100 faiz bahalaşdırıb 50 faiz endirirlər. Nəticədə əşya yenə də əvvəlki qiymətə satılır. Yumşaq oyuncaqların qiymətləri isə 30 manatdan 100 manatadək dəyişirdi. 

Şəhərin müxtəlif yerlərində yerləşən hədiyyə dükanlarında apardığımız müşahidələrin yekun nəticəsi olaraq deyə bilərik ki, 8 mart günü kişilərin vəziyyəti o qədər ürəkaçan olmayacaq. Odur ki, onların indidən əlləri ciblərində olsa, yaxşı olar.

 





07.03.2014    çap et  çap et