Vaxt.Az

Gülər Əhmədova şüşə qəfəsə salındı


 

Məhkəmə prosesində sabiq millət vəkilinin üç vəkili iştirak edib

Gülər Əhmədova şüşə qəfəsə salındı Bu gün Apelyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə apelyasiya şikayətinə baxılıb.

ANS PRESS-in məlumatına görə, proses hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutub. Sabiq deputat Gülər Əhmədova özü məhkəmədə iştirak edib. Onu məhkəmə zalında şüşə kabinənin içində saxlayıblar. Məhkəmədə Gülər Əhmədovanın üç vəkili iştirak edib. Vəkillərdən biri hakim qarşısında 2 vəsatət qaldırıb. Hakim bu vəsatətlərdən heç birini qəbul etməyib.

Qeyd edək ki, aprelin 1-də keçirilən məhkəmə prosesində sabiq deputatın kasasiya şikayəti qismən təmin olunmuşdu. Qərara əsasən, Apelyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq ekspertlər və şahidlər yenidən dindiriləcək.

Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sadiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi, fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirli bilinib.

 





11.04.2014    çap et  çap et