Xərclər smetasında nəzərdə tutulmadığı
halda Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən vakansiyalar hesabına
işçilərə əlavə əmək haqqı ödənilib, gəlir vergisi az hesablanıb, eksponatların
alışı zamanı fiziki şəxslərdən gəlir vergisi tutulmayıb, inşaat materialları
mədaxil edilməyərək dəyəri birbaşa xərcə silinib. Muzeyin fondunda olan
eksponatların atribusiyasının öyrənilməsi ilə bağlı fəaliyyətin müvafiq elmi
işçilərin vəzifə öhdəliklərinə aid olsa da, satınalmalar haqqında
qanunvericiliyin tələbləri gözlənilməyərək satınalma tətbiq edilmədən bu
məqsədlə müvafiq elmi bazası və təcrübəsi olmayan təşkilatla müqavilə
bağlanılmış, işin yerinə yetirilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilərək
vəsait ödənilib. XX əsrin əvvəllərində alınan çoxsaylı eksponatların dəyərinin
mövcud bazar qiymətlərinə uyğun qiymətləndirilməsi təmin olunmayıb,
eksponatların inventarizasiyası tamamlanmayıb, bəzi hallarda fondun sərvətləri
Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən müxtəlif dövlət
orqanlarına müvəqqəti istifadə üçün verilib, lakin uzun müddət keçməsinə
baxmayaraq sərvətlərin Muzeyə qaytarılması təmin edilməyib və ya onların
faktiki mövcudluğu və saxlanma vəziyyəti barədə üzləşmə aktları tərtib
edilməyib.
Bəzi hallarda əsas vəsaitlər azqiymətli
və tezköhnələn əşya kimi mədaxil edilərək uçotdan silinib, əvəzsiz verilən əsas
vəsait uçota mədaxil edilməyib, bəzi əvəzsiz verilən əsas vəsaitlərin faktiki
mövcudluğu müəyyən olunmayıb, əsas olmadan aşağı tarif qiymətlərinin tətbiq
edilməsi nəticəsində kassaya az vəsait mədaxil edilib, ekspert komissiyası
tərəfindən verilən icazə sənədləri ciddi hesabat blanklarında aparılmayıb.
Lətif Kərimov adına Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi tərəfindən ilin sonuna bəzi xərc maddələri
üzrə vəsaitlər tam istifadə olunmayıb, büdcə vəsaiti hesabına xidməti iş
telefonundan şəxsi danışıqlara vəsait ödənilib. Bundan əlavə olaraq artıq
ezamiyyə xərcinə yol verilib, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə
müavinət əmək haqqının ödənilməsi ilə bağlı paraqrafdan icra edilib.
Muzeyin yerləşdiyi təsərrüfat hesablı Muzey Mərkəzi ilə bağlanmış müqavilədə mühafizə və digər kommunal xərclər üzrə qiymətlərin hansı meyarlar əsasında müəyyən edildiyi göstərilməyib, kommunal xərclər üzrə Muzey Mərkəzinə artıq vəsait və müvafiq xəzinə öhdəliyi olmadığı halda köhnə borc ödənilib. Nazirlik, müxtəlif müəllif və vətəndaşlar tərəfindən Muzeyə verilmiş əşyalar (eksponatlar) qiymətləndirilmədən uçota alınmış, eksponatların illik inventarizasiyası həyata keçirilməyib, ekspert komissiyası tərəfindən verilən icazə sənədləri ciddi hesabat blanklarında aparılmayıb. Muzey tərəfindən aidiyyəti dövlət qurumunun razılığı alınmadan bütün eksponatlar bir mənbədən satınalma metodu ilə fiziki şəxslərdən alınıb. (Anspress)