Vaxt.Az

..Səmimi, sadə, uşaq kimi kövrək və qayğıkeş...


 

Hacıbabasız səhnə boş görünür

..Səmimi, sadə, uşaq kimi kövrək və qayğıkeş... «Hacıbaba Bağırovun adı gələndə uşağın da üzündə təbəssüm yaranır. Onun adını çəkəndə ilk növbədə ağıla musiqi, rəqs və yumor gəlir. Hacıbaba harada oldusa, demək orada mütləq musiqi də, yumor da olmalıdır. Çünki onun qanı, bütün varlığı musiqi ilə yoğrulmuşdu. Onun həmçinin heç bir sənətkara bənzəməyən insani xüsusiyyətləri vardı. O, həmişə ağayana idi. Sənətdə aktyor idi, həyatda isə ciddi bir insan…” Doğum günündə görkəmli aktyor, xalq artisti Hacıbaba Bağırovu sənət dostları məhz bu cür sözlərlə xatırlayırlar.
Əslində, dünyasını dəyişməmişdən az öncə Hacıbaba Bağırovla müsahibəmdə özü haqqında dediyi sözlər də bu gün sənət yoldaşlarının onun barəsində danışdıqları ilə üst-üstə düşür. Mərhum sənətkar “Yaşım 70-i çoxdan keçib, amma dəyişməmişəm. Ömrüm boyu yoldaşlarımla mülayim olmağa, kiməsə əl tutmağa, kömək etməyə çalışmışam. Mənə müraciət edənlərdən heç kimin qəlbini qırmıram. İmkan daxilində kömək etməyə çalışıram. Bununla da özümü xoşbəxt he-sab edirəm ki, teatrda kimlərəsə əl tuta bilmişəm. Kiminsə uşağı əsgər gedir, kiminsə başqa prob-lemi varsa, mənə müraciət edir. Bacardığım qədər kömək edirəm, alınmayanda da alınmır...”
Hacıbaba Bağırov 2006-cı ilin oktyabr ayında dünyasını dəyişib. Özü bu dünyadan köçünü çəkib getsə də xatirələrdə, yaddaşlarda yaşayır, oynadığı rollar kino və tamaşaların lentlərində qorunur. Hər il iyun ayının 12-də onu sevən dostları yoxluğundan asılı olmayaraq onun doğum gününü qeyd etməyə yığışır.

40 ilin yoldaşlığı

İndi sənət yoldaşları onunla bir səhnədə keçən illəri unudulmaz anlar kimi yada salırlar. Görkəmli aktyorla uzun illər bir səhnədə çalışan əməkdar artist Novruz Qartal ömrünün 40 ilini Hacıbaba Bağırovla bir yerdə işləyib. Tərəf-müqabil olublar, qastrol səfərlərinə bir yerdə gediblər, yaradıcılıq söhbətləri ediblər, dərd-sərlərini bölüşüblər. Bu illər ona Hacıbaba Bağırovu təkcə bir aktyor kimi deyil, həm də bir insan kimi tanıdıb: «Bu illər ərzində onunla dost, yaxın sirdaş olmuşuq. Demək olar ki, həddən artıq yaxın münasibətlərimiz olub. O, həqiqi mənada fenomen bir sənətkar idi. Elə sənətkarlar var ki, onlar əbədi yaşayır, ölmürlər. Təəssüflər olsun ki, belə sənətkarlar çox azdır. Mən fəxr edirəm ki, gəncliyim belə sənətkarlarla keçib. Teatrda veteran kimi həmin aktyorlardan yadigar qalan yeganə adam mənəm».
N.Qartal Hacıbaba Bağırovu gənclərin qayğıkeşi kimi xatırlayır: «O, teatrda direktor olduğu ərəfədə çox gənclərə yardımçı oldu, onlara əl uzatdı, teatra gətirdi. Hazırda onun teatra gətirdiyi aktyorlar respublikada tanınan sənətçilərdir. Özü aktyor olduğundan həmişə aktyorları müdafiə edirdi. O, həmçinin aktyorların problemlərinə də kömək etməyə çalışırdı. Kimin həyatında çətinlik vardısa, ona müraciət edər, o da köməyini əsirgəməz, qoymazdı ki, aktyor əziyyət çəksin”.
N.Qartal sənət dostunu “ağayana sənətkar” kimi dəyərləndirir: “Hacıbabada səhnə mədəniyyəti o qədər yüksək idi ki, istər-istəməz nəsə öyrənmək üçün onun hər hərəkətini izləyirdin. O, insan kimi də ağayana idi. Onun şux zarafatları vardı. Ancaq hər adamla da zarafat etməzdi. İstər səhnədə, istərsə də həyatda öz səviyyəsini saxlayan insan idi. Onda musiqi, rəqs və yumor vəhdət təşkil edirdi. Bu baxımdan o, yeganə aktyor idi. Hazırda bu səpkili aktyorlar yoxdur. O, sanki dünyaya bu sənət üçün gəlmişdi. Hacıbaba Bağırov çox tələbkar insan idi. O, nizam-intizama ciddi riayət edirdi və hamıdan da bunu tələb edirdi”.
Novruz Qartal «Muskomediya»nın səhnəsində tamaşaya qoyulan «Sizinlə gülə-gülə», «Bildirçinin bəyliyi», «Bankir adaxlı», «Məhəbbət oyunu» və s. tamaşalarda Hacıbaba Bağırovla tərəf-müqabil kimi səhnəyə çıxıb. Ancaq onu gəncliyində məşhurlaşdıran daha çox “Hicran” tamaşasını unuda bilmir: «Hicran» hazırlananda mən cavan idim. Tamaşadakı məşhur üçlük – Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Səyavuş Aslanın oyunu indi də teatrsevərlərin yaddaşındadır. Elə bu günə qədər də məni həmin tamaşada oynadığım rola görə – Balaşka kimi tanıyırlar. Hətta, 90-cı illərdə Naxçıvana ulu öndərin görüşünə gedəndə o, bizə baxıb: «Balaşka» da burdadır ki”- dedi. Sonra da zarafatla: «Bunu mən deməmişəm, Nəsibə xanım deyib. Səninlə Ofeliya Aslan «Hicran»da heç də bu üçlükdən geri qalmamısınız. Baxmayaraq ki, obrazlarınız balaca idi» - deyə əlavə etdi. Fəxr edirəm ki, mən həmin böyük aktyorlarla Qızıl Fonda düşmüşəm».
Hacıbaba Bağırov teatrın direktoru olduğu illərdə bu böyük səhnədə Üzeyir bəyin «Məşədi İbad», Tamara Vəliyeva və Emin Sabitoğlunun «Bankir adaxlı», Qeybulla Rəsulovun «Məhəbbət oyunu», Cahangir Məmmədov və Emin Sabitoğlunun «On min dollarlıq kef» və s. tamaşalar səhnələşdirilib və özü də bu tamaşalarda rol alıb: «Baxmayaraq ki, o, teatrın rəhbəri idi, amma səhnəni tərk etmirdi. Bu tamaşaların hamısında çıxış edirdi. Demək olar ki, teatrın repertuarında olan bütün tamaşalarda onun rolu vardı. O, yaradıcı insan olduğu üçün səhnəsiz dayana bilmirdi. Onun Tənqid-Təbliğ Teatrının yaranmasında çox böyük xidməti oldu. Bu gün də həmin teatr tamaşaçıların yaddaşındadır. 1996-cı ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Hacıbaba Bağırov Musiqili Komediya Teatrına direktor və bədii rəhbər təyin olunandan sonra biz bu teatra gəldik. Biz öz doğma teatrımıza yenidən qayıtdıq. O gündən bu günə qədər onun çoxlu tərəf-müqabilləri dünyasını dəyişib. Fuad Əhmədov, Ağarəfi Rəhimov, Ofeliya Aslan, Xanlar Muradov, İlkin Həmidov, Sabir Sultanov və başqa sənətçilərimizi itirmişik. Hacıbaba Bağırov da dünyasını dəyişib. O köhnə kollektivdən çox az adam qalıb. İnsan bir anlıq xəyala dalanda keçən günlər yada düşür. Teatrın gur-gur gurlayan vaxtları: millət axını, kassada bilet növbələri, alqışlar... İndi fikirləşirəm, hanı o sənətkarlar? Onlar əbədi sənətkarlar idi. Onlar əsl mənada xalqın sənətçiləri idi».
Novruz Qartal Hacıbaba Bağırovun qadınlara olan sevgisindən də danışır: «O, gözəl insan idi. Qadınları da çox sevirdi. Hacıbaba həyatda iki şeyin pərəstişkarı idi – yaxşı geyimin və evlənməyin. Hər gözəlin bir eybi olur, tez-tez evlənmək də onun eybi idi».

“Sonqulu, Şirbala...”

Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov sənət dostunu əvəzolunmaz insan və sənətkar adlandırır: «Deyirlər ki, sənətdə əvəzolunmaz insan yoxdur, amma var. Təbii ki, hər bir sənətçinin öz həyat yolu var. Ancaq elə sənətçilər var ki, onları heç kim əvəz edə bilməz. Hacıbaba Bağırov da belə əvəzolunmaz sənətçilərdən idi. Hətta, mən deyərdim ki, əvəzolunmaz insan və müqayisə olunmaz sənət adamı idi. Haçıbaba sənətin yüksək zirvələrinə yüksələn bir insan idi. O, sənətdə o qədər yüksəlmişdi ki, hətta, onu oynadığı obrazların adı ilə çağırırdılar. Bu, hər aktyora nəsib olmur. Onu “Sonqulu, Şirbala” deyə çağırırdılar”.
E.Ocaqov 1996-cı ildə Hacıbaba Bağırovla birlikdə Musiqili Komediya Teatrına gəldiyi günləri xatırlayır: «O vaxt bu teatr 26-lar mədəniyyət evində yerləşirdi. Teatrın repertuarında çox az tamaşalar vardı. «Muskomediya»nın öz truppası demək olar ki, dağılmışdı. Bu teatra gəldikdən sonra Hacıbaba Bağırov mətbuat konfransı keçirdi. Televiziya və radio vasitəsilə bu teatrdan inciyib gedən bütün insanları geri çağırdı, gəncləri dəvət etdi. Tezliklə gözəl bir ansambl yaratdı. 1998-ci ildə «Muskomediya»nın yeni binası açılanda 1 ay 20 gün ərzində «O olmasın, bu olsun» və «Nəğməli könül» kimi iki möhtəşəm tamaşa oynanıldı. Təbii ki, qısa zaman kəsiyində iki belə tamaşanın təhvil verilməsi böyük məsuliyyət və işgüzarlıq tələb edirdi».
Elxan Ocaqov Hacıbaba Bağırovu insanlıqda sənətindən də yüksək xüsusiyyətlərə malik olduğunu söyləyir: “Səmimi, sadə, uşaq kimi kövrək və qayğıkeş idi. Hacıbaba insanlara yaxşılıq etməyi sevərdi. Sənətlə şəxsiyyətin birləşməsi nadir bir hadisədir. Bu keyfiyyətlərin hamısı Hacıbabada mövcud idi. Hacıbaba dostu üçün canını verməyə hazır idi. Mən onunla dostluğuma həmişə fəxr etmişəm. Çünki biz nəinki bir yerdə çalışmışıq, hətta uzun illər dostluq etmişik. O, dostun hər xırda problemi ilə maraqlanan, ona can yandıran, qayğı göstərən, kömək əlini hər an uzatmağa hazır bir insan idi. O, gözəl kollektiv rəhbəri idi. 400-ə yaxın işçinin hər birinin problemləri ilə məşğul ola biləcək bir insan idi. Kimsə ona problemi ilə bağlı müraciət edəndə onu həll etməsəydi rahatlıq tapmazdı».
E.Ocaqov danışır ki, Hacıbaba Bağırov dünyasını dəyişəndən sonra bir neçə il teatrda boşluq yaranıb. Belə ki, Hacıbaba Bağırovun oynadığı tamaşaları heç kim oynamayıb, yalnız bir-iki rolunu əvəzləyən olub: «Bankir adaxlı» tamaşasında onun oynadığı Atakişi rolunda İlham Namiq Kamal səhnəyə çıxdı. «O olmasın, bu olsun» tamaşasında Məşədi İbad rolunu isə bir müddət sonra Ramiz Məmmədov oynadı. Digər tamaşalarda isə onu əvəzləyən olmadı. Təbii ki, bütün tamaşalar repertuardan çıxdı».
Xalq artisti Afaq Bəşirqızı da Hacıbaba Bağırovun ölümündən sonra onunla tərəf-müqabil olduğu tamaşalarda aktyorun yoxluğunu dərindən hiss etdiyini deyir: «Təbii ki, tamaşa bir günə, beş günə başa gəlmir. Tamaşanın stolarxası işindən tutmuş yekun məşqlərinə qədər günlərlə məşq edirsən, tərəf müqabilinə öyrəşirsən. Biz onunla «Bankir adaxlı»da oynadıq. Hacıbabanın ölümündən sonra tamaşa yenidən bərpa olunanda mən o tamaşanı çox çətinliklə oynadım, mənə pis təsir etdi. Tamaşa dövründə ona öyrəşmişdim. Həmçinin bir yerdə işlədiyimiz dövrdə ətrafda müxtəlif hadisələr baş verirdi. İstər-istəməz həmin hadisələr yada düşəndə də onun birbaşa bağlı olduğu insanlar da yada düşür, xatırlanır».
Hacıbaba Bağırov haqqında “Əgər sağ qalsaydı, bəlkə də, çox adama yaxşılıq edərdi”, “Əgər sağ olsaydı kim bilir nə qədər maraqlı rollar oynayacaqdı”, “Əgər onun kimi sənətkarlar yaşasaydı bəlkə də sənət aləmində bu qədər ucuzluq yaranmazdı” deyənlər də çoxdur. Mərhum sənətkar isə haqqında söylənən fikirlərə xarakterinə yad olan sakitliklə və üzünü heç vaxt tərk etməyən gülüşlə cavab verir...
 





13.06.2013    çap et  çap et