İranın rəsmi assimilyasiya siyasətinə baxmayaraq Azərbaycan türkləri öz milli varlıqlarını qoruyub saxlamış və bunun uğrunda mübarizə aparmaqdadırlar, deyə Elyaz Yekənli bildirir.
«Mən Zəncanda olanda şagirdlərdən niyə
türkcə öyrənmədiklərini soruşdum. Onlar mənə dedilər ki, Azərbaycan
türkcəsində danışdıqlarına görə müəllim onların qiymətini kəsir.»
Onun sözlərinə görə Azərbaycan türklərinin 90 faizi öz ana dilində
danışır. Tehrana yaxınlaşdıqca şəhərlərdə türkcə danışan adamların sayı nisbətən
azalır. Məsələn Təbrizdə bu rəqəm az qala 100 faizə yaxındırsa, Tehranda
türkcə danışanların sayı 40 faiz civarındadır.
Elyaz Yekənli dövlətin anti-türk siyasətinin təkcə siyasi yox, mədəni
müstəvilərdə də büruzə verdiyini önə çəkir. Onun sözlərinə görə İran
filmlərində və ədəbiyyatında Azərbaycan türkləri çox vaxt mənfi obraz kimi
işıqlandırılır. Gənc yaşlarından Azərbaycan türklərinə öz kimliklərindən
utanmaq, uzaqlaşmaq təlqin olunur.
Güneyli fəal internetin gəlişi
ilə son onilliklərdə əhəmiyyətli dəyişikliklərin baş verdiyini bildirir. Onun sözlərinə görə çox sayda Azərbaycan türkləri peyk televiziyası
vasitəsilə türk teleseriallarına baxır, musiqini dinləyir. Onlar habelə
Azərbaycan Respublikasında cərəyan edənləri diqqətlə izləyirlər.
«Günyedə milli şüurun, türkçülüyün inkişafında böyük əməyi olan şəxsiyyət
Əbülfəz Elçibəydir,» deyə Elyaz Yekənli Azərbaycan Milli Azadlıq Hərəkatının
lideri Əbülfəz Elçibəyin tarixdəki unikal rolunu qeyd edir. Elçibəy haqda
hələ uşaq yaşlarında öyrəndiyini və bu idealları özünə həyat yolu seçdiyini
deyən güneyli fəal bu gün İran Azərbaycanında çox sayda gəncin Elçibəy yolunu
getdiklərini deyir.
«Güneyli Elçibəy haqda eşidəndə onun gözləri yaşarır, ağlayır, çünki o, elə bir
saf insan idi. O, Azərbaycanın xoşbəxt gələcəyini istəyirdi,» deyə
güneyli fəal dünyasını dəyişdikdən sonra bir çoxlarının Elçibəyin dəyərini
anladıqlarını və onun günəş kimi üfüqdə qalxdığını bildirir.