Vaxt.Az

Hamımızın yetim uşağı


 

Ailə pərdəsi altında yaranan ictimai birliklər yetim uşaqlar yetişdirir

Hamımızın yetim uşağı Ailə necə qorunmalıdır sualı qarşısındayıq. Bu sualın cavabı heç də ailə haqqında subyektiv mülahizələr və ya şəxsi istəklərimizə əsaslanmır. Nizam irsinin tədqiqatçısı Əkrəm Şamxalovun fikrincə, dəyərlərimizdə bu sualın cavabı var: « «Ailə nəzəriyyəsi, yaxud ailə quruculuğu ilə məşğul olan şəxslər zəhmət də olsa bu barədə dünyəvi, eləcə də klassik irsimizi, dəqiq desək, Nizami Gəncəvini dərindən öyrənsinlər».


Nə etməyi ata deyir, necə etməyi isə ana öyrədir 


Nizami irsinə görə, ata ailədə aparıcıdır. Yəni, ailənin rəhbəridir. 

Əkrəm Şamxalov: «Rəhbərlik, yəni tərbiyə atadan gəlir. Nizami Gəncəvi deyir: «Qadına tapşırma arvad-uşağı».  Yəni dövlət, ailə  idarəçiliyi qadına  həvalə oluna bilməz. Çünki hökm, hikmət  ataya  xasdır. Nə etməyi ata deyir, necə etməyi isə ana öyrədir.  Nəticədə uşaqlar təlim alırlar. Əgər bu klassik konsepsiya tətbiq olunmursa, ailədən və ailə tərbiyəsindən söhbət açmağa dəyməz. Çünki ailəni yaşada biləcək prinsip və qanunlar kölgədə qalır. 


Maddi maraqlar üzərində qurulan ailələr


Bəs hazırda bizdə ailələr hansı vəziyyətdədir?

Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, düzgün qurulmayan ailələr elə həmin gündən dağılmağa başlayır. Sosioloq da hesab edir ki, ailədə ata mövqeyi hakim deyilsə, deməli, həmin ailədə ideyasızlıq, yəni tərbiyəsizlik hökm sürür.  Nümunəvi ailə tipi ailə  haqqında klassik prinsiplərə söykənir: «Bu cür ailə tipi elə dövlətin özü deməkdir, geniş mənada dövlətin özü də dəyərlər və həyati prinsiplərə əsaslanan ailə anlamına gəlir. Nümunəvi ailələr olmayanda, ailə pərdəsi altında yaranan ictimai birliklər təbii qanunlara yox, kommersiyaya və zərərli ənənələrə söykənir. «Biz maraqlarımız üçünük» deyən üzdəniraq ideoloqlar isə ailə quruculuğunda mənfəət və kommersiya maraqlarının önə çıxmasına əsas verir ki, bu da əslində neqativ nəticələrə səbəb olan hərəkətdir».


Ötən il evlənənlərin 13,5 faizi boşanıb 


Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 86852 nəfər nikah bağlayıb onlardan 11730-u (13,5 faizdən çox) boşanıb. Bu isə minlərlə uşağın ya atadan, ya anadan yetim qalması deməkdir. Yeri gəlmişkən, boşanmalara daha çox şəhər yerlərində rast gəlinir. Nikahların 46324-ü , boşanmaların isə 8451-i (18 faizdən çox) şəhərlərin payına düşür.  

Məsələnin nəzəri tərəflərinə gördüklərimizi  də əlavə etsək, yerinə düşərdi.

Dayanıb baxıram. Paytaxt Bakımızda uşağın əlindən tutub, harasa darta-darta aparan analar saysız-hesabsızdır. Anasının əlindən dartınıb çıxmaq istəyən uşağın digər əli sanki kimdənsə haray umur.  


Təkqütblü uşaqlar tərbiyə axtarır


Əhməd Qəşəmoğlu: «Uşağın iki əli iki qütbü ifadə edir. Onun bir əlindən ata yapışmalıdır, bir əlindən ana. Ana uşağın bir əlindən yapışanda o biri əli kimisə axtarır. Ananın əlindən qaçır: gah hiss etdiyi ehtiyacın, gah ala bilmədiyi əyləncənin, ya da almadığı və atadan gəlməyən tərbiyənin dalınca. Atasız qalan uşaqlar isə gələcəkdə ya kriminal sferada, ya başqa qara işlərdə özünə yer tapır».


Uşaq bağçalarında «pulun müqəddəsliyi» haqqında mahnılar oxunur


Bir sual məni düşündürür: görəsən, bu uşaqların atası var, ya yoxdur? Yaxınlaşıb soruşuram: - Xanım, bu uşağın atası işləyir?

Qadın ürəyini boşaltmağa sanki fürsət gəzir: 

Görüm, onun atasını qara-azar aparsın. Pul dalınca Ərəseyə (Rusiyanı nəzərdə tutur - S.H.) gedib, amma xəbər-ətər yoxdur. Qalmışam uşağın əlində, bilmirəm, başıma nə çarə qılım. İşə də gedə bilmirəm. Özüm də, uşağım da qalmışıq ata-ana ümidinə. Nə yeyək, nə xərcləyək?!

- Uşağı niyə bağçaya qoymursunuz?

- Uşağı baxçaya qoymaq?.. Hansı pulla? 

Hüquqşünas İradə Cavadova deyir ki, bağça ailənin verə bilmədiyi tərbiyə sistemini verməyə borcludur: « Əgər bağça bəri başdan uşaqları ora pulla götürürsə, o bağçanın rəhbəri nə işlə məşğuldur? Görünür, onlar «pulun müqəddəsliyi» haqqında uşaqlara mahnı oxudacaqlar».   


«Gedər-gəlməz»dən sorağı gəlməyən atalar


Bəzi atalar burada iş tapa bilmir və yaxud aldıqları maaşlarla özlərini dolandırmaq, ailə saxlamaq imkanları olmadığı üçün qəribliyə və ucqarlara üz tuturlar. Gedirlər və qayıda bilmirlər. Belələri haqqında isə «Səni axtarıram» verilişinə baxmaqla təsəlli almaq olar. 

Əri «gedər-gəlməz»ə yollanmış qadının bu verilişə müraciət etmək niyyəti yoxdur. «Vaxt olanda o verilişinin qarşısında oturub, yas yerində olduğu kimi hönkür-hönkür ağlamışam. Hər halda, hər kəs etdiklərinin cavabını verəcək».


Təsadüfi qurulan ailələr dünyaya günah gətirir


İlk baxışdan gözəl görünüşlü digər bir xanıma yaxınlaşıram. O da bezgin və üzgün halda arxasınca demək olar ki, sürüdüyü ipə-sapa yatmayan  oğlan uşağının əlindən bərk-bərk yapışıb.  Uşağın adını soruşuram:

- Asim – deyə cavab verir. 

Üzümü qadına tuturam:

- İşləyirsiniz?

- Bir şirkətdə ətir-mətir satıb, qəpik-quruş alırdım, uşağa görə  işdən çıxardılar, dedilər ya uşaqla məşğul ol, ya işlə.  

- Bəs uşağın atası haradadır?

- Atasından ayrılmışıq. Allah onun cəzasını versin. İldə-ayda bir dəfə aliment verə, ya verməyə. Evdə də günümü göy əskiyə büküblər. Deyirlər, get, necə bacarırsan özünü saxla.  Mən də fikirləşirəm, görəsən, Dubaya gedənlərin hamısını evdən qovublar? Qalmışam naümid. Uşağımdan necə əl çəkim, uşağımı kimə tapşırım? Özümə bir tale qazanmadım, özüm yaşamaq imkanımı itirdim. Təsadüfi gələn birinin şirin və yağlı dilinə aldanıb ailə qurduq. Hətta saxta şəxsiyyət vəsiqəsi ilə mənimlə rəsmi nikaha girdi, sonra məlum oldu ki, 3 uşaq atası imiş. Hələ də mənə çatmır ki, bu, necə baş verdi... Sanki gözəgörünməz bir qüvvə insanları fəlakətə yuvarlayır, ağlını əlindən alır. Mən də düşüncəsiz hərəkətin qurbanı oldum, bu addımı atdım, indi isə etdiklərimin peşmançılığın çəkə-çəkə yol yorturam. Uşaq da mənə dinclik vermir, nə istəyir bilmirəm.

Gənc ana özü də yəqinləşdirə bilmir ki, uşağa mükəmməl və əsaslı tərbiyə lazımdır. Belə hallarda ya valideynin biliyi çatmır, ya ana özü analıq vəzifəsini anlamır. 


Ər arvadın ideya söykəncidir


Əhməd Qəşəmoğlu bildirir ki, biz qadın deyəndə ilk növbədə ananı fikirləşməliyik. Ana ona görə böyükdür ki, o, gələcəyin vətəndaşını yetişdirir. Ananın müqəddəsliyi bundadır: « Əgər uşağı yetişdirən ana sahibsizdirsə, yəni ideyasızdırsa, ərsizdisə, o uşağını necə böyütməlidir? Biz ailəni özümüzün ictimai birliyimizin əsası kimi qəbul ediriksə, onda ailənin formalaşması, ailənin üzərində dövlət məsuliyyəti haqqında məsələ qaldırmalıyıq». 


«Aliment verirəmsə, dövlətin mənə nə dəxli?!»


Asimin atası Rauf Ağayevə zəng edib uşağının tərbiyəsi ilə niyə məşğul olmadığını soruşduq. Dərhal sual elədi ki, siz kimsiniz? Cəmiyyəti təmsil edən mətbuat nümayəndəsi  olduğumuzu dedikdə, belə cavab verdi: «Biz boşanmışıq, aliment verirəm, vəssalam, cəmiyyətin, dövlətin mənə nə dəxli var? Bu mənim, keçmişimdir. Keçmişimlə bağlı haqq-hesab çəkməyə heç kimin haqqı yoxdur»  

Bununla da dünyaya gətirdiyi uşağın maddi təminatında, tərbiyəsində  məşğul olmayan ata öz məsuliyyətindən qaça bilir. 

İradə Cavadova hesab edir ki, ata öz uşağının tərbiyəsi ilə məşğul olmadığı üçün dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıdığını bilməlidir. Buna görə o, məsuliyyətə cəlb olunmalı və ona cəza verilməlidir: «Əgər onların rəsmi nikahı varsa, birgə nikah dövründə əldə etdikləri mülkiyyət bölünməlidir. Əslində saxta şəxsiyyət vəsiqəsi ilə nikaha girdiyinə, dövləti və xanımını aldatdığına görə də o, məsuliyyət daşıyır. Digər tərəfdən, işləsə də, işləməsə də  bu atanın aliment ödəməsi məcburidir.  Aliment ödənməsində məsuliyyətsizliyə yol verilirsə, ana məhkəmə qətnaməsinə əsasən  icraçılara müraciət etməlidir. Buna görə məhkəmə icraçılarının məsuliyyəti var. İcraçılar atanı buna məcbur etməlidir».


Ailənin birgə fəaliyyəti uşağın böyüməsi naminədir 


Məsələnin mənəvi tərəfi ilə bağlı isə Əhməd Qəşəmoğlu bildirir ki, uşağın tərbiyəsi üçün həm ata, həm ananın eyni dərəcədə məsuliyyəti var və uşaq tam yetkinlik yaşına çatana qədər onlar ayrılmaqdan imtina eləməlidirlər: «Çünki ailə övlad böyütmək naminə qurulur». 

Asimin anası ilə söhbətə qayıdırıq:

- Ananızla birgə yaşamaq imkanınız yoxdur?

- İki qardaşım evlənmək yaşına çatıb, ev isə darısqaldır. Ətrafımdakılar da mənə təzyiq edir, deyirlər, o ər olmasın, başqası olsun, çıx get.

- Siz necə fikirləşirsiniz?

- Mən ağır xəstəyəm. Belə vəziyyətdə ərə getmək imkanım yoxdur. Eyni zamanda uşağımı qoyub hara gedə bilərəm? Gecənin birində küçəyə atılmış bir qadın olaraq haraya üz tutmalıyam? Kimdən sığınacaq almalıyam? Bütün bu suallar qarşısında səsimi kəsdikcə, hirsimi udduqca, xəstəliyim ağırlaşır. Artıq uşağımın ərköyünlüyünə də dözmürəm. Uşaq ipə-sapa yatmır, çox şey istəyir.  Bütün bunları söyləməklə bilirəm ki, məni hətta evdən də çıxara bilərlər. Amma kimsə bunları deməlidir. Kimsə uşağının düşdüyü vəziyyəti cəmiyyətə çatdırmalıdır. Hər halda, həqiqəti gizlətmək olmur. 

Ana  ümid edir ki, Asimlə onun da yolunun üstünə nə vaxtsa xeyirxah bir insan çıxacaq. Ümid edək ki, bu yazıdan sonra Asimi pulsuz olaraq uşaq bağçasına götürəcəklər. Biz də bir jurnalist olaraq, insan olaraq həftədə bir dəfə o bağçaya baş çəkəcəyik. Hamımızın yetim uşağına...


Anasını eşitmir, nənəsinə isə ana deyir


Asim Ağazadə«Atası itkin uşaqlar» adlı xüsusi layihəmiz oxucularda maraq doğurub. «Uşaqlar necə tərbiyə olunmalıdır?!»- sualı ilə bağlı fikirlərinizə şərik çıxırıq deyə, oxucumuz zəng edib, rəyini bildirdi. Onu da əlavə etdi ki, 3 yaşlı Asim Ağazadə barədə yazın, görək məsuliyyətsiz bir nikahın günahı kimi dünyaya gələn bu uşaq harada, kimin yanında yaşayır, onun tərbiyə və müalicəsi ilə məşğul olan varmı? Atası ona aliment verirmi?

Bu suallara cavab üçün Asim Ağazadə ilə dərindən maraqlandıq. Onun barəsində topladığımız məlumatı nəzərinizə çatdırırıq.

A.Ağazadə anası Gülnarla Bakı şəhəri Nəriman Nərimanov rayonu Faiq Yusifov 15, mənzil 16-da babasının himayəsində yaşayır. Təəssüf ki, bu ailədə qarşılıqlı ittiham, münaqişə, söyüş və qərəzlik hökm sürür.

Asimin anası Gülnar bildirdi ki, anası Sevil Əzizova «uşağa mən baxaram, sən cəhənnəm ol, ərə get» deyə onun üstünə gəlir, söyüb təhqir edir: «İki daş arasındayam. Uşağımı necə atım?! - etirazın müqabilində anam mənə əl qaldırıb, dartıb üst-başımı cırıb, saçımı yolub. Sevil Əzizova - ona ana deməyə dilim gəlmir, uşağımı mənə qarşı çevirib, Asim məni eşitmir».

Onu da deyək ki, mütəxəssis tərəfindən Asim Ağazadənin müalicəsi konsepsiyasına əsaslanan tərbiyə proqramı hazırlanıb. Ancaq nənə iki ayağını bir başmağa dirəyib bu proqramın həyata keçməsinə aman vermir. Nənə deyir ki, uşaq sərbəst olmalıdır, məhz nənə sərbəstliyi ucbatından Asim hərəkət və davranışlarında sanki meymunu andırır. Bütün bunlardan sonra fikirləşirik ki, gələcəyimiz olan uşaqları gələcəkdən niyə məhrum edirik?

P.S. Biz Asim Ağazadə haqqında yazdıq. Amma onun taleyini yaşayan saysız-hesabsız uşaqlar barədə də düşünməliyik.

 





09.07.2014    çap et  çap et