Vaxt.Az

«Jurnalistlər səviyyəsizdirlərmi?»


 

I yazı

«Jurnalistlər səviyyəsizdirlərmi?» Şəxsiyyətinə böyük hörmət bəslədiyim, sevimli ədəbiyyat müəllimim Səyyad Arandan eşitmişdim bu rəvayəti ilk dəfə: «Seyid Əzim Şirvani Nəcəfül-Əşrəfdə təhsilini başa vurandan sonra ustadına vətənə dönmək fikrində olduğunu bildirir. Ustad isə sevimli tələbəsinə «Hələ öyrənəcəyin çox şeylər var, qalmağın məsləhətdir» deyir. Şəriət və fiqh elmini incəliklərinə qədər öyərənən gənc Seyid Əzim elmə mükəmməl yiyələndiyini əsas gətirərək, müəlliminin sözlərini qulaq ardına vurub «Ya Əli» deyib düzəlir vətənə sarı. Şamaxıya az qalmış yorğun-arğın vəziyyətdə yetişir bir kənd məscidinə ki, orada da kəndistan əhli cümə namazına yığışıb və axund da xütbə oxuyur. Axundun nala-mıxa vurduğunu, hədis elmini təhrif etdiyini görən gənc islam alimi «boş-boş danışıb, camaatı aldatma» deyərək yerdən etiraz edir. Gəlmə gəncin ittihamına qarşı əks elmi arqumentlə çıxa bilməyən kənd ruhanisi əmmaməsini başına çəkərək «Vayvela, din əldən getdi, kafir imamlara, dinə qarşı çıxır» deyərək Seyid Əzimi nişan verir. Avam və cahil kənd əhli onların heysiyyatına «toxunmuş» gənc ruhanini yaxşıca əzişdirib xarabalığa atır».

Qapı cırıldayır. Seyid Əzimi addım səslərindən tanıyan müəllimi geri baxmadan «Seyid Əzim qayıtdın?» deyə sual edir və çevrilərək islanmış cücəyə bənzəyən istəkli tələbəsini bağrına basır. Və onu qandırır ki, təkcə elmlə uğur qazanmaq mümkün deyil. Xüsusən də o toplumlarda ki, həmin cəmiyyətin əksəriyyəti cahil və avam fərdlərdən ibarətdir. Belə cəmiyyətlərdə uğur qazanmaq istəyənin elmdən çox, helmə ehtiyacı var. Elminlə bərabər, helmin də varsa, nə gözəl! Elmin yoxsa, helm uğurun tək düsturudur. Elm isə uğurun heç 1 faizi də deyil. Sonradan ustad helmin yollarını da Seyid Əzimə öyrədir». (Rəvayəti tam təfsilatı ilə bilmək istəyənlərə müəyyən şərtlər daxilində nəql edə bilərəm. A.S.)

Bizim toplumda da təxminən oxşar vəziyyət hökm sürür. Xaricdə dövlət dəstəyi ilə yüzlərlə həmvətənimizin təhsilini uğurla başa vurub vətənə dönməsinə, xeyli elmli gənclərin yetişməsinə rəğmən, yenə də meyxana ustaları, fala baxanlar, ayı boğanlar iş başındadırlar. TV-lərdə xoşmadamların vətəndaşı mənəvi və əqli axtalayan «Səni axtalayıram», «Xamıt var» və «Ay Traur» verilişləri meydan sulayır.

Səbəb nədir? Əslində bu mövzu üçün jurnalist dostum Ceyhun Musaoğlu tutalqa verdi. Dedi ki, üç nəfər xalq artisti araq məclisində jurnalistlərin səviyyəsizliyindən dil boğaza qoymadan danışırlarmış. Doğrudur, Ceyhun da onları yerində otuzdura bilib. Amma məncə bir məsələni onların diqqətinə çatdırmağı unudub. Bizdə jurnalistin, aktyorun, bütün peşə sahiblərinin əksərinin səviyyəsi orta hesabla toplumun ictimai şüur səviyyəsinə bərabərdir. Bu nəticəni doğuran kompleks səbəblər var.

 Rus işğalı ilə qismən qırılmış sosial-fəlsəfi vərəsəlik bolşevik işğalına qədər az da olsa saxlansa da, sovetlər dövründə tamam qırıldı. Sovetlərə qədər bizim xalqın bioloji varlıqdan ictimai fərdlərə çevrilmə prosesi az da olsa sürətlənmişdi. Sovetlərin şurəvi şüur ekspansiyası bizim təbii ictimai fərdə çevrilməmizin istiqamətini dəyişməklə spontan gedən prosesi tormozlasa da, SSRİ-nin çökməsindən sonra təfəkkür oyanması baş verdi. SSRİ dövründə yetişmiş yüzlərlə tanınmış elm, mədəniyyət xadimlərini nümunə göstərərək, sovet təhsil sisteminin uğurlarını qarşımıza arqument kimi atanların mülahizələri inkaredilməzdir. Lakin həmin ideoloji təhsil sistemi  və digər vasitələrlə sırınan yeni və qondarma dünyagörüşü sistemi süni bazis üzərində qurulduğundan sovetlərin çökməsi ilə darmadağın oldu. Cəmiyyətin sosial-maddi strukturunun pozulması təbii olaraq zehinlərə, insanların süni formalaşdırılmış mənəvi dünyasına da sirayət etdi. Bolşeviklərin uyutduğu beyinlər oyandıqda, müxtəlif dini təmayüllərin (xüsusən də islami cərəyanların), mövhumatın, cəhalətin əsirinə çevrildilər. Yəni beynin daha asan qavrayacağı yüngül meyllərin təsiri daha güclü oldu. Elmi yox, helmi daha güclü olanlar topluma daha çox nüfuz edə bildilər. Məlum oldu ki, sovetlər dönəmində əksər şəxslər simfonik musiqi konsertlərinə partiya rəhbərliyinin qorxusu altında gedirlərmiş. Əks təqdirdə, sovetin simfonik musiqi «azarkeşlərin»nin nəvələrinin müstəqillik dövründəki toylarında qayınanalar Namiq Qaraçuxurlu ilə şəkil çəkdirmək üstündə dava salmazdılar. Məscidləri bağlatdıranların övladları müəllimi taksi sürücüsü kimi işlədib mollaya süfrəsinin başında yer verməzdilər. Kənddə «Yasin» surəsini gözəl avazla oxuyan dayım nəvəsi Neft Akademiyasının dosenti olan xalam oğlundan daha hörmətli olmazdı. Televiziyada qiraət edəcəyi şeirlərdən və rolunu oynadığı tamaşa pyeslərindən başqa bir mütaliəsi olmayan primitiv xalq artisti işi-gücü fəlsəfə və ədəbiyyat oxumaq olan jurnalistə səviyyə dərsi keçməzdi… (Ardı var)

 





25.05.2014    çap et  çap et