Vaxt.Az

«Qərbli seyidlərin cəddinə arxayınçılıq»


 

Həm də ABŞ-da nahaqdan həbs olunmuş bloggerlərə ithaf olunur

«Qərbli seyidlərin cəddinə arxayınçılıq» Qərbi imperializminin əleyhinə çıxan adamı ruspərəst adlandırırlar. Bəri başdan bəyan edirəm ki, rus imperialistlərini də onlardan ayıtmıram. Qərb istismar maşınının heç də Rusiyanınkından geri qalmadığını, hətta üstələdiyini çox asanlıqla sübut etmək mümkündür. Etirazınız varsa, yeni və ən yeni tarixi oxuyun.

Hesab etmirəm ki, bizdəki Qərbbazlar savadsızdırlar, tarixdən xəbərləri yoxdur və bunları bilmirlər. Əksinə çox yaxşı məlumatlıdırlar. İçərilərində sovet təhsilindən çıxmış oxumuşlar var ki, bütün baş verənlərin məhz imperialist siyasətə xidmət etdiyinin fərqindədirlər. Lakin arxasında konformizmin və gələcək üçün verilən yağlı vədlərin dayandığı layihələr tarixdən dərs götürərək rasional düşünməyə imkan vermir. Yoxsa Qərb bunların qara qaşına, gözünə vurulub külli miqdarda paraları havaya sovurmur. Həqiqətənmi Qərbin Azərbaycanın halına yanaraq guya demokratiya, insan hüquqları üçün yüzminlərlə pul ayırdığına inanırlar? Şübhəm yoxdur ki, özləri də bilirlər, belə deyil. Amerika coğrafi cəhətdən özünə daha yaxın ərəbistan arealını - Səudiyyə Ərəbistanını, Küveyti, Qətəri görmədi, üzünü kiçik dövlətlərə tutdu? Çünki həmin ərəb dövlətlərini idarə edənlərin onun buyruq qulu olduqlarından əmindirlər. Nələrinə lazımdır Səudiyyədə demokratiya yaradıb özləri üçün əlavə problem yaratsınlar.

Qərbin, ABŞ-ın bizə irad tutduğu problemlər özlərində yoxdurmu? Bəs niyə «Azadlıq», «Amerikanın səsi» radioları və s. bu kimi media quruluşları həmin məsələlərdən danışmırlar? Niyə Human Right Watch ABŞ-ı kəskin tənqid etmir? Axı ABŞ-da da zaman-zaman bloggerlər həbs olunub. Lakin həmin həbslər heç zaman beynəlxalq təşkilatlar və Qərb dövlətləri tərəfindən mediaya basqı kimi qiymətləndirilməyib. Kameron Dambrozio adlı tələbə sosial şəbəkədəki paylaşdığı statusa görə həbs olunanda, insan hüquqları təşkilatları niyə səsini çıxarmırdı? İsraildə 2013-cü ilin noyabrın 15-də tanınmış müğənninin azyaşlı ilə qeyri-qanuni cinsi əlaqəyə girməsi bir blogger tərəfindən ifşa olunanda və blogger həmin yazıya görə həbs ediləndə, Qərbin ədalət carçıları niyə susmuşdular? Məşhur blogger Daniel Bryuinqton öz şəxsi məsələsindən- boşanma davasından söz açaraq Amerika məhkəmə sistemindən narazılığını dilə gətirən zaman həbs ediləndə, mediaya təzyiqləri tənqid edənlərin səsi niyə çıxmadı? Ağ Evin əməkdaşı Cofi Cozef mikrobloqundakı yazıya görə işdən azad olunanda, bizim üzərimizə düşənlər onun hüquqlarını niyə müdafiə etmədilər? Məşhur amerikalı radioaparıcı Hell Terner «Vaşinqton Post» qəzetindəki haqlı ittihamlarına görə barmaqlıqlar arasına salınanda, niyə Departamentin səsi çıxmadı?

Mənim Qərblə, Şimalla, Cənubla işim yoxdur. Onlar öz dövləti və milli maraqlarına oynayır. Amma bizimkilər? Şəxsi maraqlarına və ciblərinə? Lütfən demokratiya və insan hüquqları, şəffaflıq təkərləmələri və nağılları yazılmış köhnə valları fırlatmayın. Siz o «insan haqları müdafiəçisi»siniz ki, 1993-cü ildə Müdafiə Nazirliyinin mətbuat katibi rəhbəri vəzifəsinin səlahiyyətlərindən sui-istifadə edərək silahlı əsgərlərlə dövlət televiziyasının canlı efirini basmışdınız. Siz şəffaflıqdan nə haqla danışırsınız ki, aldığınız yüzminlərin necə və hara xərcləndiyi barədə hesabatdan heç kimin xəbəri yoxdur? Təbii, təlimat alıb hesabat verdikləriniz yerlər var. Amma axı siz həmin layihələrin bu xalqdan ötrü həyata keçirildiyini iddia edirsiniz. Madam belədir, buyurub hesab(at) verərdiniz, ən azı öz veb-səhifənizdə. Siz hüququ necə rəhbər tutursunuz ki, özünüz və layihələrinizdə çalışdırdığınız kəslər gəlirlərinizdən doğru-düzgün vergi vermirsiniz və sosial ödənişlər etmirsiniz. Madam bu ölkədə yaşamağa və çalışmağa niyyətlisiniz, qanunlarına da tabe olmalısınız. Amma mümkündür ki, arxanızda qos-qoca dövlətlərin dayandığını bildirərək, arxayın salıblar. Yoxsa belə olmasaydı, Ermənistan xüsusi xidmətinə işlədiyi şübhə doğurmayanların hesablarından açıq-aşkar vəsait qəbul etməzdiniz. Ramil Səfərov həbsdən azad olunan zaman, erməni diasporunun səsinə səs verməzdiniz.

Vallah acıyıram, görün, necə aldadılıb arxayın salınıbsınız... Seyid cəddinə arxayın olan kimi.

Yeri gəlmişkən, xatırladım ki, «seyid» ərəbcə ağa deməkdir...

 





11.08.2014    çap et  çap et