Vaxt.Az

AYB-nin bəxti açılmayan layihəsi...


 

«Ən yaxşı şeir» müsabiqəsi ən pis halda da baş tutumur

AYB-nin bəxti açılmayan layihəsi... Bir neçə ay bundan öncə «Səməd Behrəngi» adına mükafatlar və «Ən yaxşı şeir» müsabiqəsinin elan olunması haqda xəbər vermişdik. Ədəbi gündəmdə müəyyən dərəcədə maraq oyadan müsabiqələrin taleyi barəsində aylar ötsə də bir xəbər yoxdur. İndiyə kimi nəticələr açıqlanmayıb, nə də müsabiqələrin taleyindən bir xəbər var.

AYB-nin mətbuat xidmətinin rəhbəri, «Ən yaxşı şeir» müsabiqəsinin təşkilatçısı Xəyal Rza bu məsələyə aydınlıq gətirib.

AzVision.az-a açıqlamasında X.Rza bildirib ki, müsabiqənin nəticələrinin gecikməsinin əsas səbəblərindən biri müsabiqədə gözləniləndən çox yazarın iştirak etməsidir:

«Müsabiqədə təxminən 200-ə qədər yazar iştirak edir. Həm yay fəslinin olması, həm də iştirakçıların çoxluğuna görə, müsabiqənin yekunlaşma vaxtı uzandı. Həmçinin, müsabiqədə iştirak edən hər bir yazarın şeirləri sayta yerləşdirildiyinə görə, bunun özü də zaman alır. Çünki biz, müsabiqədə iştirak edən hər bir yazarın təbliğatının da aparılmasını istəyirik».

X.Rza müsabiqənin nəticələrinin noyabr ayında açıqlanacağını bildirib: «Bu müsabiqəni tək AYB deyil, «Nəşriyyat və Poliqrafiyaçılar» birliyi ilə birgə keçiririk. Onların rəhbərliyinin də həmin vaxt burada olacağını və sadaladığım səbəbləri nəzərə alaraq müsabiqənin nəticələri noyabr ayında açıqlanacaq».

«Səməd Behrəngi» adına təsis edilmiş müsabiqənin təşkilatçısı, AYB-nin Güney Azərbaycan bölməsinin sədri Sayman Aruz nəticələrin sentyabr ayında açıqlanacağını bildirib: «Müsabiqəyə göndərilən əsərlərin ilkin qiymətləndirmə mərhələsi başa çatıb. Yekun nəticələri əldə etmək üçün ikinci mərhələyə start verilib. Ümid edirik ki, sentyabrın sonuna qədər qaliblərin adı bilinəcək».

 





09.09.2014    çap et  çap et