Vaxt.Az

«Mikayıl Müşfiqi güllələdilər»


 

Mavzoley modernizmi

«Mikayıl Müşfiqi güllələdilər» Dünən Mikayıl Müşfiqi güllələdilər.

1991-ci ildə yaradıcılıqdan daha çox, incəsənət məmurluğu, KQB agentliyi, ideologiya çarvadarlığı ilə məşğul olan bəzi Xalq artistlərimizin, Xalq yazıçı və şairlərimizin xalqın azadlıq uğrunda axıdılan qanını batırmaq üçün əleyhinə əl qaldırmaqlarına baxmayaraq, ölkə «Müstəqillik aktı»nı imzaladı. İmperiya buzlaqları yavaş-yavaş əriməyə başladı. Nədənsə bu aktın siyasi populyarlığı ədəbi-mədəni mısmırıqla müşayiət olundu. İmperiya ürüntüləri, uzun illər mədəni-ideoloji zövqün əmrlərini yerinə yetirən, milli-irsi dəyərlərin boynuna minib ucalan muzdlu mədəni kasta öz xalqı ilə münasibətdə «minmək və düşmək» biabırçılığı ilə üz-üzə qaldı. Buna görə də xalqsız qalmış Xalq yazıçıları, Xalq artistləri, istedadsız əməkdarlar ordusu hər vəchlə azadlığı siyasi qərar olaraq tezbazar arxivləşdirib unutdurmaq, onun təsirinin dilə, musiqiyə, yaradıcılığın digər sahələrinə keçməməsi üçün canfəşanlığa başladılar. Gənc yazarların yaradıcılığındakı bir-iki sərt, vulqar ifadənin altını qırmızılayaraq, daha vulqar ifadələrlə onların şəxsiyyətini aşağılayır, istedadsız və şəxsiyyətsiz ərəmey müğənnilərin toy şırtılığına «saxta diplom» verir, istedadlıları Rəşid Behbudovun, Şövkət Ələkbərovanın ünvansız yaradıcılığı, ideoloji dərziliyə məruz qalmış duyğuların təntənəsinə həsr olunmuş boğazdanyuxarı avazları ilə qorxudur, gəncliyi qocalığına qarışmış talantlı aktyor İlqar Cahangirovun müsahibəsində dediyi «uzun müddət işlədiyim teatra utanmayım deyə anamın hər səhər gizlincə stolun üstünə qoyduğu yolpulu ilə gedib-gəlirdim» deməsini oxuyub rahatca mütəkkələşirdilər.

Bir vaxtlar xalqı ixrac olunmuş inzibati möhürlü zövqlərin, dəyərlərin arxasınca sürüyən bu bolşevik kasta indi özü möhürləri sındırıb yeni estetik-etik dəyərlər axtarışına çıxaraq unudulmuş köhnəliyin xarabalıqları ilə əlçatmaz yeniliklərin göydələnləri arasında başını itirmiş xalqın dalına düşüb həm klassik toxunulmazlığın, həm də onlara müqəddəs mumiya kimi baxan, özünütəsdiq üçün yaxa yırtan çürük «yeniliyin» yanında görünməyə məhkum idi.

Tarixin «Qiyamət günü»nə hazırlıqsız yaxalanmış bu qoca kult, heç olmasa, simvolik diriliyini qorumaq üçün Azərbaycan incəsənətini mavzoley sükunətinə qərq etməyin yollarını axtarırdı.

Bu gün Azərbaycan səhiyyəsində, təhsilində, incəsənətində peşəkarlıq əxlaqının olmaması 1950-60-ci illərdə yaranan həvəskar modernizm ənənələrinin heç bir milli-mənəvi dəyərin gəlişməsi, modernizəsi məqsədi güdməməsinin nəticəsidir. Bu modernizm vaksinləri xalqın iştirakı ilə yox, xüsusi təyinatlı «yaradıcılıq evləri» kimi nəzərdə tutulmuş qapalı ideoloji laboratoriyalarda hazırlanırdı. XIX əsrin sonu, XX əsrin əvvəllərindəki maarifçilikdən fərqli olaraq sovet modernizminin milli-irsi zatı yox idi. Milli maarifçilərdən fərqli olaraq, əcnəbi sovet modernistləri ümumi milli xəstəliklərin üstünə elmlə, tənqidlə, satira ilə gedən ideyalardan imtina edib, sovetizmin süngüsünün altından keçmək istəməyən ayrı-ayrı istedadlı adamların şəxsiyyətlərini alçaltmaq, şərləyib məhv etməklə, guya, Danabaş kəndində beynəlmiləl sovet mədəniyyəti yaratmaq iddiasına düşdülər. Sözsüz ki, onlar başlarının üstündəki əllərin hərəkəti ilə şahın üstünə yeriyən bir çırtmalıq şahmat piyadaları idilər.

Müstəqillik illərində sənətdə baş verən proseslər onu göstərdi ki, sovet modernizmi Azərbaycan mədəniyyətində boşuna yaşanmış illər oldu, çünki sənətə yeni gələn nəsillər onları ayaqlayıb üstlərindən keçərək, XIX əsrin sonlarına, milli maarifçi babalarının yarıyolda qalmış ideyalarının çağırışına doğru istiqamət götürdülər. Bu qondarma modernizmin mənəvi ömrü onu yaradanların fiziki ömründən də qısa oldu.

XX əsrin sonunda azadlıq əldə etmiş Azərbaycan dövləti də SSRİ-nin tərkibindən ayrılan bir çox respublikadan fərqli olaraq, təkcə protokol qaydalarına uyğun şəkildə deyil, həm də siyasi-ideoloji baxımdan imperiya varisi kimi mavzoley dövləti olmaqdan imtina edib, əsrin əvvəlində gözü yolda qalan nakam milli dövlətçilik ideyalarının yanına qayıtdı.

Bu gün Müşfiqin güllələndiyi yaşda olan, yazılarında köhnəlmiş şit, lirik vulqarizmə etiraz olaraq işlətdikləri bəzi yarıçılpaq sərt ifadələrə görə gənc yazarların şəxsiyyətini alçaltmaqla özlərinin mavzoley diriliyini qorumaq üçün xalqa yaltaqlananların ata-baniləri otuz yaşlı romantik şairi qanına qəltan etmək üçün görün hansı qlobal propaqandalarda ittiham edirdilər; «yapon-alman müttəfiqlərinə agentlik etməkdə, trotskist xainlikdə, nasional-uqlonist namərdlikdə, müsavatçılıqda, pantürkist xəyanətkarlıqda və s. Hətta 14 iyun 1937-ci ildə tirajlanan «Kommunist» qəzetində repressiya tövləkürüyənlərindən biri Müşfiqi Oktyabr inqilabına şeir yazmaq bəhanəsi ilə Az. ŞYİ-dan (Azərbaycan Şura yazıçıları ittifaqı) pul alıb şeri yazmamaqda, yəni sovet hökumətinə «atmaqda», üstəgəl, «Ədəbiyyat qəzeti»ndə iki ay ərzində iki dəfə şəklinin və şeirlərinin çap olunmasında günahlandırırdı. Otuz yaşlı bu cavan şairin ünvanına hansı təhqirləri söyləmirdilər ki? – ikiüzlü, xain, maskalanmış rəzil, xalq düşməni, alçaq müsavatçıların əl tulası, trotskist quduz, yırtıcı xəyanətkar!

Yazını şairin qanına susamış Ə.Ə. imzalı sıradan bir Ə-nin 20 iyun 1937-ci ildə yenə «Kommunist» qəzetindəki yazısında, fərqinə varmadan yazdığı bir cümləsi ilə Müşfiqin ömrü kimi yarımçıq bitirirəm: «Maskalanmış əclaf düşmən Müşfiq oxuculara aşılamaq istəyir ki, elə bir gün gələcək, «Azadlıq Ana» «səfil övladını öz isti qoynunda oxşayacaqdır».

Ə.Ə, o gün gəldi!

 





07.01.2015    çap et  çap et