Vaxt.Az

«Bədxahların bəd arzularının qənimi...»


 

Yaxud sözünü tutan Prezidentə güvənək

«Bədxahların bəd arzularının qənimi...» Bildiyimiz kimi, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Prezident bildirib ki, ölkə iqtisadiyyatı uğurla inkişaf edib. Keçən ilin əvvəlində qarşıya vəzifə qoyulub ki, həm ümumi daxili məhsul, eyni zamanda, qeyri-neft sektorumuz artsın. Bu iki əsas vəzifə tam şəkildə təmin edilib. İqtisadiyyatımız təxminən 3 faiz artıb. Bu, bugünkü dünyada çox gözəl göstəricidir. Bəzi ölkələrdə artım da yoxdur, əksinə, tənəzzül müşahidə edilir. Artım olan ölkələrdə bu, 1 faizə qədərdir.

Ölkə rəhbəri dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlı proqnozlaşdırılan ümumdünya iqtisadi böhranına toxunaraq yeni ilin uğurlu olacağına təminat verib: «Baxmayaraq ki, ilin sonunda neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, Azərbaycanda iqtisadiyyat 3 faizə yaxın artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində görülən işlərin bariz nümunəsidir, aparılan siyasətimizin təzahürüdür. Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir. Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin».

Dövlət başçısının bu təminatı müxalifətin sifarişli skeptik kəsiminin qarayaxma kampaniyası ilə qarşılaşacağı bəllidir.

Prezidentin sözügedən çıxışından öncə də hər şeyə qara yaxmaq öhdəliyini həyata keçirməyi yaşamaq uğrunda mübarizə metoduna çevirmiş çevrələr neftin qiymətinin ucuzlaşmasından və iqtisadi böhranla bağlı verilən proqnozlardan sevincək olaraq ölkəmizdə sosial-iqtisadi geriləmənin yaranacağı və nəticədə də siyasi sabitliyin pozulacağı ilə bağlı arzularını tirajlayırdılar. Lakin unudurdular ki, bu, ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi dövründə belə bir sınaqla birinci qarşılaşması deyil. İqtidar 2008-2011-ci illərdə bütün Avropanı cənginə almış böhrandan Respublikada sosial-iqtisadi sabitliyi saxlamaqla, hətta iqtisadi artımlarla çıxmışdı. Hətta neftin qiymətinin minimal həddə - 35 dollara olduğu 2009-cu ildə də iqtisadi vəziyyətimiz bolşevik xislətli milli müxaliflərimizin arzuladığı kimi fəlakət həddində olmamışdı.

Fikrimizin təsdiqlənməsi üçün qeyd edilən illərin statistikasını Avropa ölkələrinin iqtisadi göstəriciləri ilə müqayisələndirmək kifayət edir. Hətta İspaniya, Yunanıstan, İtaliya kimi bir sıra Qərb ölkələri də var ki, 2008-ci ildən başlayan böhrandan bu gün də xilas ola bilməyiblər. Ola bilər, bəzi nihilistlər həmişəki kimi təqdim edilən rəqəmlərin şişirdilmiş olduğunu söyləyərlər. Ona görə də rəqəmlərin dili ilə deyil, müşahidələrimizlə danışaq. Vurğuladığımız illər ərzində ölkəyə gətirilən avtomobillərin, tikilən şəxsi evlərin, göydələnlərin, gündən-günə çoxalan əyləncə və istirahət mərkəzlərinin, digər ictimai-iaşə mərkəzlərinin artım dinamikasından xəbəriniz varmı? Yox, rəqəm göstərməyəcəyəm. Sadəcə, şəhərə çıxıb artım mənzərəsini müşahidə etmək lazımdır. Avtomobillərin sayının artımı göz qarşısındadır. Bəlkə, əksəriyyəti bahalı Qərb markası olan bu avtomobillərin hamısını sizin qaraladığınız məmur övladları sürür? Bəyəm ölkədə nə qədər məmur övladı və onların neçə əli və ayağı var var ki, sayı minlərcə olan avtomobilləri idarə edirlər? Yaxud, sayı aydan-aya çoxalan, ağzınacan dolu olan ticarət mərkəzlərinin, restoranların və kafelərin, şadlıq evlərinin müştərilərinin hamısı biznesmenlərin, vəzifəli şəxslərin ailələridirmi? Bu sualların təsdiqlə cavablandırılmasına «bişmiş toyuğun gülməyi gələr».

Belə bir iddia da var ki, orta statistik vətəndaş bütün bunları kreditlər hesabına əldə edir. Ola bilər və tutaq ki, belədir və fərz edək, ölkə əhalisinin lap hamısı kreditordur. Amma bu iddiada bulunanların nəzərinə çatdıraq ki, saatlarını da baxıb düzəltdikləri və ideal sosial şəraitin hökm sürdüyü ölkə kimi nümunə göstərdikləri ABŞ-ın vətəndaşları az qala istifadə etdikləri ərzaqları belə kreditlə alırlar. Kredit götürənlərin çoxluğu ölkədə iqtisadi tənəzzülün, sosial vəziyyətin pisləşməsi anlamına gəlməməlidir. Vəziyyət o zaman faciəli olardı ki, kreditor aldığı vəsaiti qaytara bilməsin və bunun müqabilində əmlakını itirsin. Belə vəziyyətə düşmüş cəmi neçə adam tanıyırsınız?

Ölkədə ideal durumun mövcudluğunu da iddia etmirik və ümumiyyətlə, ideal cəmiyyət yoxdur. Amma sosial vəziyyət radikalların iddia etdiyi kimi və istəydiyi kimi ağır da deyil. Əgər belə olsaydı, şəhərin mərkəzində keçirdikləri aksiyalarda etirazçı əlindən tərpənmək olmazdı. «Ac qılınca çapar» sıradan deyilmiş zərb-məsəl deyil, bunu həm tarixin dərsləri, həm də sosial psixologiya sübut edir.

Başa düşürəm, ölkədə iqtisadi vəziyyətin pisləşməsi, respublikamızı vassala çevirmək istəyən bəzi xarici çevrələrin və onların əlaltılarının arzularıdır. Amma bu arzuları onların gözündə qoymağı bacaracaq bir iqtidar da var. Həmin iqtidarın rəhbəri yeni daxil olduğumuz il üçün də sözünü verdi və yaxın tarix -2008-2011-ci illər onun vədini tutan Prezident olduğuna şahidlik edib.

2015-Cİ İL UĞURLU OLACAQ!

 





12.01.2015    çap et  çap et