Vaxt.Az

«Qatilə çevrilən kompüter»


 

«Qatilə çevrilən kompüter» Uşaqlar tez-tez kompüter, internet oyunları üstündə dava salır. Hərdən mübahisə o həddə çatır ki, “indi bir-birinizi öldürəcəksiniz” sözünü demək məcburiyyətində qalırsan. Demə, doğrudan da, belə şey mümkün imiş. Yaxın bir-iki ayın söhbətidir: Xaçmazda 17 yaşlı bir oğlan ona kompüterdə oynamaq imkanı verməyən 14 yaşlı qardaşını bıçaqlayaraq öldürüb. Hətta qardaşları ayırmaq istəyən ata da bıçaq yarası alıb. Düzdür, deyirlər ki, qardaşlar ruhi xəstə imiş, amma fakt faktlığında qalır – kompüter üstündə qardaş qardaşı qətlə yetirib.
Bakıda baş verən digər hadisə daha tükürpədicidir. Tacikistanda 17 yaşlı biri canına qəsd etmək istəyib: özünü 9-cu mərtəbədən atmaq istəyən oğlan deyib ki, onu ölümə atası sürükləyib – ona kompüter almamaqla.
Sən demə, bu zəmində törədilən qətllər bir çox inkişaf etmiş ölkələrdə artıq adiləşmək üzrədir. Anasını, atasını, yaxınlarını virtual oyunlara görə vəhşicəsinə öldürən uşaq və yeniyetmələrin sayı durmadan artırmış.
Realistik kompüter oyunlarının əksəriyyətinin şiddət zəminində olması sirr deyil. Əyləncə kimi qəbul edilsə də, oyunların əsas mahiyyətini qurub-yaratmaq deyil, vurmaq, dağıtmaq, öldürmək təşkil edir. Kompüter qarşısında oturan uşağın “öl, sənə bu da azdır”, “canı çıxdı”, “məhv etdim”, “vurdum” kimi sözlərini az eşidirik? Kompüter oyunlarının əsas obrazları snayper, samuray, killer və digər döyüşçülər olur. Bu obrazlar çox realistik olur – vurulan “adam” yaralanır, yıxılır, qan içində boğulur.
Oyunlar asılılığa çevriləndə artıq virtual aləm reallığa çevrilir. Özü də real həyatda, məsələn, məktəb yoldaşları, müəllimləri ilə problemi olan uşaq getdikcə daha çox qeyri-real məkana meyil göstərir. Çünki belə halda ən zəif yeniyetmə də özünü virtual aləmdə ən güclü birisi, kral kimi hiss edir. Və tədricən iki aləm arasında sərhəd itməyə başlayır. Psixoloqlar qeyd edirlər ki, kompüter oyunları uşaqda pozitiv şəxsiyyət formalaşması prosesini tormozlayır, onun eqoist böyüməsinə səbəb olur.
Təbii, bu cür müzakirələrdə hər kəs birinci onu fikirləşir ki, axı, indiki zəmanədə kompütersiz nə etmək olar? Uşaq gərək kiçik yaşlarından kompüterə alışsın. Bu da düzdür. Amma gələcəkdə uşağın qatil, asılı, reallıqda sözünü deyə bilməyən insan kimi yetişməsindənsə, texnoloji bilikləri az olan birisi olması daha yaxşıdır. Kompüteri isə istənilən yaşda öyrənmək mümkündür.
Odur ki, gedək, uşaqlarımıza kompüteri əvəz edəcək nəsə məşğuliyyət tapaq – onlara vaxt ayırıb gəzməyə aparaq, velosiped sürməyi, rolikdə gəzməyi öyrədək. Öyrədək ki, sonra peşman-peşman dizimizə döyməyək.
 





17.08.2013    çap et  çap et