Vaxt.Az

Bəlanın «müjdə»si


 

Kimdir günahkar - 8 komandalı çempionatla 8 illik hökmdar

Bəlanın «müjdə»si Almeyda 5 dəqiqə də dözsəydi, «məni əvəz edin» deməsəydi, yaxud da Qurbanov onun istəyinə əhəmiyyət verməsəydi və ya buna qədər Kintana meydandan çıxarılmasaydı, indi başqa sözlər yazacaqdım. Axı Kintana əvəzlənməzdən 2-3 dəqiqə əvvəl 50 metr məsafəni birnəfəsə qət etmişdi, rəqib müdafiəsini çaş-baş salmışdı, «hələ yorulmamışam» mesajını vermişdi axı. Bəs nədən onu əvəzləmək istədi Qurban Qurbanov? Nədən hücumların kəsərini azaltdılar? Başını itirmiş rəqib isə itirdiyini tez tapdı və istədiyi qolu vurdu.

Bunlar olmasaydı, indi başqa sözlər yazacaqdım. Yazacaqdım ki, «yaxşı ki, Qurban Qurbanov «Qarabağ» niyə hücum futbolu oynamır» kimi cırtqoz ittihamlara fikir vermədi. «Qarabağ» göstərdi ki, rəqibə uyğun olaraq, ənənəvi oyun üslubundan imtina edib, soyuqqanlı, ağıllı şəkildə müdafiə olunmağı, öldürücü əks-hücumlar qurmağı da yaxşı bacarır. Zarafat deyil ey, az qala 180 dəqiqə ərzində «Viktoriya» «Qarabağ»ın qapısı ağzında bir real qol şansı yarada bilmədi». 

Yazacaqdım, o əvəzetmələr olmasaydı, bu sözləri yazacaqdım. Amma daha gecdir. Onu da bilirəm ki, daha Çempionlar Liqasının qrupunda oynamaq arzumuz da heç vaxt reallaşmayacaq. Gedin, başınızı atın, yatın. Bu əvəzetmələr Qurban Qurbanovun səhvi deyildi, bizi gözləyən bəlanın «müjdə»si idi. Bilmirəm, «Qarabağ» Avropa Liqasının qrupuna düşəcək, ya yox, amma onu dəqiq bilirəm ki, bir ildən sonra Avropa Liqasının qrupu yox ey, pley-offu da bizim üçün əlçatmaz olacaq. 8 komandanın iştirak edəcəyi çempionatın təmsilçisi Avropa komandaları ilə rəqabət apara bilməz. Nə güclüsü, nə ortababı, nə də zəifi ilə. 8 komandadan da 6-sına komanda demək...

Bir ildən sonra bəlaların gəlhagəlidi. Amma bu bəlaların baiskarı Qurban Qurbanov və onun «Viktoriya»nı keçə bilməyən «Qarabağ»ı deyil. Bu bəlanın baiskarı futboldakı 8 illik hökmranlığını 8 komandalı çempionatla «yuyan» Rövnəq Abdullayevdi. Cəmisi 8 komandası olan, onlardan da 6-sına komanda demək özünü aldatmaqdırsa, onda o ölkəyə səviyyəli legioner gəlməz. Qurban Qurbanova verdiyiniz «niyə səviyyəli hücumçu almırsız» sualını da qatlayın, qoyun yastığınızın altına. Heç burda olanları da saxlamaq mümkün olmayacaq. Gedəcəklər. Burda olanlar da gedəcəklər. Azərbaycan futbolu azərbaycanlı futbolçuların ümidinə qalacaq. Onda görəcəksiz. Onda görəcəksiz ki, görəcəkli günləriniz hələ qarşıdadı. Hazır olun.

 





03.08.2016    çap et  çap et