Vaxt.Az

«Azər Paşa Nemətovu təbrik etmədiyim üçün məni işdən çıxardı»


 

«Azdrama»dakı qalmaqalın ilginc təfərrüatı

«Azər Paşa Nemətovu təbrik etmədiyim üçün məni işdən çıxardı» Akademik Milli Dram Teatrının sabiq əməkdaşı Hikmət Rəhimov işdən uzaqlaşdırılmasının əsl səbəbini açıqlayıb.

AzNews.az xəbər verir ki, aktyor teatrda baş verən olayda «Azdrama»nın direktorunun günahkar olduğunu deyib: «Azər Paşa Nemətov yaxşı rejissordur, yaxşı da tamaşalar qurur. Artıq həyatda da tamaşalar qurmağa başlayıb. Bir insanla mübahisəm oldu. Sonra məni otağına çağırıb dedi ki, yaz ərizəni, get, o insan da bölmədən ərizəsini geri götürər».

Aktyor qeyd edib ki, Azər Paşa Nemətov bilərəkdən bu yola əl atıb: «Çünki o, Akademik Milli Dram Teatrına direktor təyin olunanda onu təbrik etməmişdim, bu da onda qərəz yaradıb. Əgər sən ədalətli direktorsansa, mənimlə yanaşı onu da teatrdan çıxartmalı idin. Bu intriqanın adı nədir? Niyə? Direktor təyin olunanda sizi təbrik etmədim, buna görə?»

H.Rəhimovun bu iddiaları ilə bağlı teatrdan məsələyə münasibət bildirilməyib.

Xatırladaq ki, bir müddət əvvəl Akademik Milli Dram Teatrında rejissor köməkçisi Vüqar Məmmədovla aktyor Hikmət Rəhimov arasında dava düşüb. V.Məmmədov hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Daha sonra isə teatrın direktoru Azər Paşa Nemətov H.Rəhimovu işdən çıxarıb. Onun teatrdan uzaqlaşdırılmasına etiraz olaraq isə, Xalq artisti Fuad Poladov da «Azdrama» ilə yollarını ayırıb.

 





28.10.2016    çap et  çap et