ABŞ-da idarəetmə sistemi digər ölkələrdəkindən özünə məxsus qaydalara görə fərqlənir. Belə ki, ABŞ idarəçilik sistemi, idarəetmə qolları arasında tarazlıq bölgüsü və nəzarət üzərində qurulmuşdur. Prezidentin səlahiyyətləri isə qanunverici orqan olan parlament və məhkəmə hakimiyyəti tərəfindən məhdudlaşdırılmışdır. Təhsil, daxili təhlükəsizlik, əsas vergilər kimi gündəlik həyati məsələlər yerli idarəetmə orqanları tərəfindən həyata keçirilir. Bu federal quruluşun müəyyən etdiyi qanunauyğunluğun təzahürüdür və ABŞ prezidenti bu sahələrdə heç bir səlahiyyətə sahib deyildir. Prezidentin sahib olduğu əsas səlahiyyətlər isə ölkənin müdafiəsi və xarici siyasət ilə bağlıdır. Elə buna görədir ki, ABŞ prezidenti Vaşinqtonluların həyatından daha çox Suriyalıların həyatına müdaxilə edə bilir.
Təəssüfləndirici faktdır ki, dünyada terrorlar və iqtisadi natarazlıq hökm sürməkdədir. Belə bir şəraitdə daha sakit həyat arzu edən seçicilər Trampa doğru yönəlməyə başladılar. Çünki, Tramp ayrı-seçkilik yönlü çıxışları ilə radikal mesajlar verirdi ki, bu da miqrasiyanın əleyhinə olan irqçi qüvvələr tərəfindən «göydəndüşmə» idi. Nəticədə, iyun ayındakı referendumla Böyük Britaniyada əldə edilən nəticənin eynisi 8 noyabrda ABŞ-da yaşandı.
Bu seçkilərdə bir növ şəhərlərdə yaşamayanlar ilə şəhərlər üz-üzə gəlmişdi. Təhsil səviyyəsi aşağı olanlarla yuxarı olanların, mavi yaxalıqlılarla ağ yaxalıqlıların, yaşlı ağ dərili mühafizəkarlarla gənclər və qadınların mübarizəsi idi bu seçkilər. Nəticədə bütün dünyanın gözləmədiyi şəkildə birinci tərəf qalib gəldi.
Xalqdan 300 milyon ABŞ dolları dəyərində ianə toplayan, ən güclü seçki kampaniyalarını həyata keçirən Hillari Klintonun əsas zəifliyi ABŞ seçicisinə ona səs vermə ilhamını verə bilməməsidir. Hətta, ABŞ-da kifayət qədər saya malik afrika amerikalılarından gözləniləndən aşağı səviyyədə səs qazanılması Klintonun məğlubiyyətinə təsir göstərən faktorlardan biri oldu.
Əgər siyasi proseslər bu şəkildə davam edərsə, 2030-cu ilə qədər dünyada ABŞ və Çinin də daxil olduğu böyük dövlətlərin hegemoniyası zəifləyəcək, 1750-ci ildən bu günə qədər davam edən Qərbin hökmranlığı başa çatacaq və Asiya yenidə qlobal iqtisadi, siyasi mərkəzə çevriləcəkdir.