Vaxt.Az

Azərbaycan Saakyanın Brüssel səfərini əngəllədi


 

«Ermənistan bu uğursuzluğa bəraət qazandırmağa çalışır»

Azərbaycan Saakyanın Brüssel səfərini əngəllədi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə Brüsselin məşhur «Palais des Beaux Arts» sarayında keçirilməsi nəzərdə tutulan konsert proqramının ləğv edilməsi təmin olunub.

«Report»un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

«İndi Ermənistanın dövlət təbliğat maşını müxtəlif yalan və bəhanələrlə bu uğursuzluğa bəraət qazandırmağa çalışır» - H.Hacıyev vurğulayıb.

O bildirib ki, qondarma rejimin Brüsseldə təbliği ilə əlaqədar nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınmasında Azərbaycan Respublikasının Milli Məclisinin rolu xüsusi olaraq qeyd edilməlidir: «Milli Məclis tərəfindən bu istiqamətdə zəruri önləyici addımlar atılıb, Belçikanın qanunverici orqanı, Avropa Parlamenti və digər aidiyyəti tərəflərlə davamlı iş aparılıb».

Xatırladaq ki, separatçıların təbliği məqsədi ilə Brüsselə səfər etməyi planlaşdıran özünü qondarma rejimin «rəhbəri» kimi təqdim edən Bako Saakyanın səfərinin də ləğv edilməsinə nail olunub.

 





21.11.2016    çap et  çap et