Vaxt.Az

Monetar sistemin hədəfləri


 

Mərkəzi Bankın 1 nömrəli həyati məsələsi inflyasiyanın cilovlamaq olmalıdır

Monetar sistemin hədəfləri Hökumətin açıqladığı yol xəritəsində «sərbəst üzən məzənnəyə keçiləcək» mövqeyi ətrafında qızğın müzakirələr gedir. İqtisadiyyatının hazırkı strukturu, monetar siyasətin seçdiyi yaxın və orta müddətli hədəflər, mövcud maliyyə sistemi sərbəst üzən məzənnəyə keçidi mümkünsüz edir.

İqtisadiyyatın hazırkı strukturu dedikdə, əsasən ölkənin qeyri-resurs ixracat potensialının son dərəcə məhdud olmasını, tədiyyə balansının ümumi saldosunda, eləcə də cari hesablar balansının saldosunda yaxın və orta müddətdə defisitin qalması riskinin yüksək olmasını nəzərdə tuturam. 

Əlavə olaraq, sərbəst üzən məzənnə rejimi liberal iqtisadi sistemin tərkib elementlərindən biridir. Azərbaycanda isə liberal iqtisadi sistemə alternativ, yüksək səviyyədə mərkəzləşmiş dövlət iqtisadiyyatının dominant olduğu, kapital və maliyyə axınlarının məhdudlaşdırıldığı iqtisadi sistem hökm etməkdədir. Siyasi risklərin yüksək olması yaxın dövrdə Azərbaycana kapital gəlişi ehtimalını azaldır və ölkədən xroniki kapital qaçışını stimullaşdırır. 

Mövcud maliyyə sisteminin vəziyyəti dedikdə, yaxın dövrdə fiskal kəsirin qalması riskinin yüksək olması, milli valyutaya tələbi formalaşdıran alternativ bazarların (fond, kapital bazarları, alternativ pensiya fondları, investisiya fondları və s.) olmamasını nəzərdə tuturam. Əlavə olaraq, ölkədə valyutaya tələbi qarşılayan şəffaf və rəqabətli bank sektorunun fəaliyyət imkanları tam məhdudlaşdırılıb.

Maliyyə sisteminin durumu ilə bağlı daha bir əlavə: hökumət sektorunun, dövlət şirkətlərinin, bank sektorunun kifayət qədər iri həcmdə valyuta borcları var. Qeyri-sabit valyuta məzənnələri bu borcların manat ekvivalentində həddən artıq şişməsinə səbəb olur. Bircə fakt: Azərbaycanın müstəqillik tarixində heç vaxt büdcəsinin 10 faizini xarici borcların qaytarılmasına xərcləməyib. Amma 2017-də bu baş verəcək. Əsas səbəb manatın kəskin dəyər itirməsidir. Yaxın 5 ildə isə dövlət sektorunun intensiv və böyük həcmdə xarici borclara xidmət dövrü olacaq. 

İqtisadiyyatın həddən artıq yüksək səviyyədə dollarlaşması (kreditlərin, depozitlərin) problemini də bura əlavə etmək lazımdır. 

Monetar sistemin seçdiyi yaxın və orta müddətli hədəflər dedikdə, inflyasiyanın cilovlanmasının Mərkəzi Bank üçün 1 nömrəli həyati hədəf olmasını nəzərdə tuturam. 

Ən nəhayət, «sərbəst üzən məzənnə rejimi» Mərkəzi Bankın müdaxiləsi olmadan məzənnənin bilavasitə bazarda tələb və təklif əsasında formalaşmasını nəzərdə tutur. Tələb tam həcmdə bazarda formalaşır - yəni xarici valyutaya tələb bazar subyektlərinin ehtiyaclarından yaranır. Bəs təklifi necə, bazar formalaşdırırmı? Hökumətin maliyyə-büdcə sistemi vasitəsilə bazara daxil olan valyuta həcmini təklif kütləsində nəzərə almayan. Çünki onun həcmini bazar deyil, hökumət administrativ qərarlarla tənzimləyir. 2013-2017-ci illərin timsalında bunu aşkar müşahidə etmək olur: 4 il əvvəl Neft Fondu vasitəsilə iqtisadiyyata 15 milyard dollar buraxılırdı, 2016-cı ildə 6.5 milyard dollar endi. 2017-də isə cəmi 4 milyard dollar proqnozlaşdırılır. 

Yol Xəritəsindən aydın olur ki, yaxın 10 ildə isə Fondun vəsaitlərindən istifadə daha da məhdudlaşdırılacaq.

İndi əsas sual budur: hökumətin maliyyə-büdcə kanalları vasitəsilə bazara valyuta kütləsini tam məhdudlaşdırdığı bir şəraitdə valyuta bazarının açığını örtməyə potensialı olan, təklif formalaşdıran bazar potensialı yoxdursa, sərbəst üzən məzənnəyə necə keçilə bilər? Bazar tələbin qarşısına hansı təkliflə çıxacaq?

 





13.12.2016    çap et  çap et