Vaxt.Az

ETTELAAT güneyli fəalı oğurlayıb


 

Aclıq aksiyasında olan Mehdi Kuxiyanın harada saxlandığı bəlli deyil

ETTELAAT güneyli fəalı oğurlayıb 6 gündür harada saxlandığı məlum olmayan azərbaycanlı milli-mədəni fəalın aclıq aksiyası yanvarın 3-də 14-cü günə daxil olub.

Məlumata görə, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları 2016-cı il dekabrın 28-də azərbaycanlı fəalı məhkəməyə aparmaq adı ilə Marağa zindandan çıxarıb və naməlum istiqamətə aparıblar. Hazırda onun harada saxlandığı barədə heç bir məlumat yoxdur.

Qanunsuz saxlanılmasına etiraz olaraq dekabrın 21-dən dodaqlarını tikərək aclıq aksiyasına başlayan Mehdi Kuxiyan, günahsız yerə yaxalandığı səbəbindən azadlığa buraxılması üçün vəsiqə girov qoymaqdan imtina edir.

Məlikan şəhər prokuroru Peyman Məhəmmədpur isə ötən günlərdə azərbaycanlı fəalın ailə üzvlərini idarəyə çağıraraq onlardan Mehdinin azadlığa buraxılması üçün mülki vəsiqə girov qoymalarını tələb edib.

Qeyd edək ki, M.Kuxiyan dekabrın 19-u səhər saatlarında Məlikanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Fəal idarə etdiyi Teleqram kanalı ilə bağlı Məlikan Təmin Şurası və bu şəhərin millət vəkili və Bələdiyyə başqanının şikayəti əsasında tutuqlanıb.

M.Kuxiyan «Məlikan şəhər xəbəri» Telegram kanalının vasitəsi ilə Məlikan şəhərinin rəsmi orqanlarında olan rüşvətxorluq, Bələdiyyə İdarəsi və Şəhər Şurasında saxta və gizli keçirilən tender (münaqisə) əməliyyatları və qanunsuz işəgötürmə faktları ilə bağlı məlumat yayıb. Bundan sonra təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəala qarşı təzyiqləri artıb.

 





03.01.2017    çap et  çap et