Vaxt.Az

Gündə 257 dəqiqə


 

Kompüterin uşaqlara faydası var, ... amma

Gündə 257 dəqiqə «The Telegraph» yazır ki, valideynlər uşaqların kompüter, smartfon və video oyunları ilə çox məşğul olmasından narahat olmamalıdırlar, çünki ekran qarşısında keçirilən vaxt onların inkişafına kömək edir.

«Oxford» Universitetinin alimləri düşünürlər ki, son onillikdə texnologiyaların yüksəlişi belə bir narahatlıq yaradıb ki, yeni texnologiyalar uşaqların ictimai vərdişlərinə və zehni sağlamlığına ziyan vura bilər.

«Oxford» Universitetinin alimləri 120 min 15 yaşlının kompüterə həsr etdiyi vaxtla onların rifah vəziyyətini müqayisə ediblər və bu nəticəyə gəliblər ki, elektron cihazlarla məşğul olmaq uşaqlara müsbət təsir göstərir.

Əslində bu faydalılıq gün ərzində 4 saat 17 dəqiqə istifadə həddində ən yüksək nöqtəsinə çatıb və bundan sonra tədricən enib.

Smartfonlar üçün bu rəqəm 2 saat və 1 saat 40 dəqiqədir.

Alimlər deyirlər ki, elektron cihazlar uşaqların kommunikasiya və zehni qabiliyyətlərini artırır.

«Oxford» İnternet İnstitutundan Endryu Przibilski (Andrew Przybylski) deyib ki, bundan əvvəlki araşdırmalar həddən artıq bəsitləşdirilmişdi və aydın təsəvvür yaratmırdı.

Alim deyib ki, elektron cihazlar ümumilikdə faydalıdır, lakin bu faydalılığın vaxt limitləri var.

«The Telegraph» yazır ki, bununla belə uşaqların fiziki vəziyyəti bu araşdırmada nəzərə alınmayıb.

2014-cü ildə Çində aparılmış araşdırma göstərmişdi ki, internetdən aşırı istifadə uşaqların beynini tükəndirir və «elektron ekran sindromu» deyilən xəstəliyə yol açır.

«Buckingham» Universitetinin keçmiş prorektoru lord Entani Seldon (Anthony Seldon) deyib ki, «ekran müddəti»çox ciddi narahatlıq predmetidir.

O deyib ki, kompüterlər zehni qabiliyyəti artırsa da, onlardan ifrat istifadənin ciddi ziyanları ola bilər.

Alimin fikrincə uşaqlar üçün real insanlar və onlarla real ünsiyyət daha faydalıdır.

Son araşdırmanın müəllifləri də bu ziyanları etiraf edirlər, lakin deyirlər ki, internet uşaqları real dostlar tapmaqdan və yuxudan məhrum etməməlidir.

 





15.01.2017    çap et  çap et