Vaxt.Az

İstəmirəm azadlığı zərrə-zərrə, qram-qram


 

70 illik buxovu bir gecədə qıran – Nəriman

İstəmirəm azadlığı zərrə-zərrə, qram-qram Saatın əqrəbləri hərəkət edir. Saniyələr zamanını dəqiqələrə, dəqiqələr isə saatlara xərcləyir. Bir başqa məkanda isə Adəm ovladı Tanrıdan ona verilən ömür payını Vətəninin azadlığı yolunda xərcləyir. Heyfslənmədən, qürur duyaraq bunu edir. O gün də onlar canlarını fəda etdilər. Azadlıq uğrunda canımız fəda deyib FƏDAİ oldular. 20 yanvar fədailəri vətənin müstəqilliyi uğrunda canlarından keçdilər. Azadlıq verilmir, alınır, Onlar övladlarının, doğmalarının, soydaşlarının azadlığını almaq üçün, həyatda qazanacaqlarını bir gecədə xərclədilər. Onlar arzularını, xoşbəxtliklərini qurban verdilər. Çünki Azadlıq qurban tələb etdi.

Nə baş verdi? Kimin diktəsi ilə Bakı, bölgələr qana boyandı? Neçə-neçə ailənin çırağı söndü? Neçə -neçə ailə başsız, bacılar qardaşsiz, analar- atalar oğulsuz, gəlinlər dul, uşaqlar yetim qaldi? Bu sualların cavabını hər kəs bilir. Mən bunlardan danışmayacam. Siyasi tərəflərin təkrar xatırlatmayacam. Mən sizə o günü yaşamiş şahid kimi anladacam. Orta məktəbdə oxuyurdum. O axşam nədənsə səmada da bir tutqunluq var idi. Sanki buludlar da ağlamaq ucun dolmuşdu. Qonşu qız da bizdə idi o gün. Ona nəsə içimdə bir narahatlıq var, sanki dünya başımıza uçacaq deməyimlə küçədən maşınla ötən insanların səsgücləndirici ilə «hamı meydana» çağırışı arasında saniyə söhbəti oldu. Qonşu uşaqları da böyüklərə qoşulub səs gələn tərəfə getdilər. Bəziləri döndü, bəziləri isə... Həmin axşam güllə səsləri, anamın hıçqırığı, tələsik otaqlarin işıqlarını söndürməsi, səssizliyimiz bir başqa hüzn idi. O sakitliyi güllə səsləri, bir də qapımızın önündən keçərək qapıya təpik vuran ayaqlar pozurdu. O gün səhəri dirigözlü açdıq. Anam tibb işçisi olduğu üçün işə getməsəm olmaz orda xəstəxanada olmalıyam. Kiməsə kömək etməliyəm deyərək getdi. O gələnə qədər gözümüzə yuxu getmədi, dəfələrlə öldük, dirildik. Anam evə gələndə bildik ki, yolda sovet imperiyasının vəhşi ordusu silahlıları anamı qorxudub, onu durdurub göyə atəş açıblar. Hər il həmin dəhşətli gün gözümün qarşısında canlananda özümü sanki ən dəhşətli film seyr edirmiş kimi hiss edirəm. Qonşumuz Vəli dayının günü uzunu təşvişlə özünə yer tapa bilmədiyini, ora-bura vurnuxduğunu indi də gözümün qarşısındadır. Sən demə narahatlığının səbəbi varmış, ata qarşıdan gələn faciəni hiss edibmi. Günün sonunda Hüseynovlar ailəsinin nalə-fəryad səsləri məni sanki dünyadan qopardi. O gün qonşum, sinif yoldaşım, uzun illər bir partada arxasında oturduğum Nərimanın meyiti gəldi. Sonuncu dəfə evlərini tərk etmək üçün. Oğul itkisinə dözməyən ana dəli oldu. Bir gecədə atanın saçları ağardı. Biz 20 yanvarda sinif yoldaşımızı itirdik.

Hər il məktəb yoldaşlarımızla Nərimanı ziyarətə gedəndə o günlərin əzabını təkrar yaşayıram. Həmin fəryadları, ana naləsini eşidirəm. Gözlərim önündə boynu bükük ata, bir də Nərimanın gözü yaşlı buraxdığı iki bacısı canlanır.

Ruhun şad olsun Nəriman! Ruhunuz şad olsun 20 yanvar şəhidləri! Kölə ölkənin vətəndaşındansa, müstəqil ölkənin şəhidi olmağı seçənlər, vətənin azadlığı üçün həyatlarını Qurban verənlər! Azadlığınız, azadlığımız Mübarək!!!

 





20.01.2017    çap et  çap et