Vaxt.Az

Bakı-Tbilisi-Qars nə vaxta qaldı?


 

Layihə etirazlara görə bir, məhkəmələrə görə isə üç il gecikdi

Bakı-Tbilisi-Qars nə vaxta qaldı? Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin icrasının bu ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulur. APA bu xəbəri Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Ahmet Arslana istinadən yayıb.

«Hal-hazırda dəmiryol layihəsinin inşası ilə bağlı qızğın işlər gedir. Qış fəslinin də çətinliklərini nəzərə alsaq, mart və ya aprel ayında inşaat işlərini yekunlaşdırmağı planlaşdırırıq», – deyə nazir vurğulayıb. Layihənin icrası zamanı ortaya çıxan çətinliklərdən danışan nazir deyib ki, məhkəmə çəkişmələri və etirazlar layihənin xeyli gecikmə ilə icrasına səbəb olub: «Layihə tender prosedurlarına start veriləndən sonra baş verən etirazlarla əlaqədar 1 ildən çox, məhkəmə proseslərinə görə isə 3 ildən çox gecikmə ilə reallaşdı».

Xatırladaq ki, 2007-ci il noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib. Dəmiryol xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib.

Tikintinin 2010-cu ildə bitməsi nəzərdə tutulurdu. Lakin 2008-ci ilin yayında başlayan Rusiya-Gürcüstan müharibəsi və qlobal maliyyə böhranı layihənin həyata keçirilməsini ləngitdi.

Qeyd edək ki, bu dəmiryolun 2014-2015-ci illərdə işə düşəcəyi deyilsə də, hələ ki, bu reallaşmır və indi də dəmiryolun bu ilin aprelindən sonra işə salınacağı bəyanatları səslənir.

 





23.01.2017    çap et  çap et