Vaxt.Az

«Mənim qardaşım oğru ola bilməz!»


 

Cahangir Hacıyevin bacısından maliyyə nazirinə ittihamlar

«Mənim qardaşım oğru ola bilməz!» Əminə Hacıyeva - Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin bacısı olan bu xanımı onun Azərbaycanda qalan yeganə sözçüsü. Biz də ölkəni maliyyə böhranına sürükləyən səbəbləri araşdırmaq üçün bu məsələdə ittiham olunan əsas tərəfin – Cahangir Hacıyevin mövqeyini öyrənmək qərarına gəldiyimizdən, Əminə xanıma üz tutmalı olduq. Görüşümüzdə gözlədiyimdən daha kübar, nəzakətli, təmkinli bir xanımla qarşılaşdım.

Müsahibəyə başlayarkən, ilk sualı verən də elə Əminə xanım oldu. Rusça bilib-bilmədiyimi soruşdu. «Yaxşı bilmirəm» cavabıma təəssüflənsə də, söhbətdən boyun qaçırmadı. Öz fikirlərini Azərbaycan dilində çox səlis ifadə etdiyini görüb, bunu özünə də bildirdim. Sözlərimi təbəssümlə qarşılayıb, «kaş ki, rusca danışaydım. Bu zaman fikirlərimi daha rahat çatdıra bilərdim», - dedi.

Aramızda yaşanan bu kiçik ünsiyyət probleminə baxmayaraq, Əminə xanımla müsahibəmizin uğurlu alındığına inanıram. Ümidvaram ki, oxucular da mənimlə razılaşacaqlar.

Beləliklə, Əminə Hacıyevanın Strateq.az-a müsahibəsini təqdim edirik:


- Əminə xanım, qismət elə gətirib ki, qardaşınızın əvəzinə Siz danışmalı olursunuz. Yəqin ki, bu, çox çətin bir «vəzifədir»…

- Əlbəttə, çətindir. Əvvəla, bir bacı üçün öz məhbus qardaşının yerinə danışmaq çox ağırdır. Üstəlik, bu qardaş əsassız ittihamlara məruz qalır və haqqında qərəzli ictimai rəy formalaşdırılırsa, çətinlik daha da artır.

Biz ziyalı bir ailənin övladları olmuşuq. Rəhmətlik atam cərrah, anam isə universitet müəlliməsi, Azərbaycanın tanınmış ictimai xadimi olub. Bizim evə haram tikə girməyib. İndisə qardaşımı dövlət əmlakını talamaqda, oğurluqda ittiham edirlər. Ailədən gələn tərbiyəmiz bu qədər ağır ittihamları qaldırmağı mümkünsüz edir.

Cahangir Hacıiyev mərhum Prezident Heydər Əliyevin kadrı idi. 2001-ci ildə ümummilli liderimiz onu  vəzifəyə təyin etmişdi. Bu təyinat bizim ailə üçün ən böyük mükafat, var-dövlət idi. Mərhum Prezidentin güvəncini, etibarını qazanan biri olmaq şərəfi bizim üçün bütün maddi-mənəvi dəyətlərin fövqündədir. Cahangir də bununla qürur duyur, bütün addımlarını öz etibarını itirməmək məsuliyyəti altında atırdı. Heydər Əliyevin kadrı heç zaman oğru ola bilməz. Cahangir də bu mənəvi məsuliyyətini dərk edə-edə çalışırdı. Təsadüfi deyil ki, onun Beynəlxalq Bankın sədri olduğu 14 il ərzində bu qurum nəinki ziyanla işlədi, əksinə hər ay öz maliyyə potensialını böyütdü. Özünün etirafına görə, ən zəif göstəricisi olan 2014-ci ildə belə, bankın 25 milyon dollar xalis gəliri olmuşdu. Cahangir bankı bu cür işlək vəziyyətdə təhvil verib. 2015-ci ildən isə bankın fəaliyyətində ağır problemlər yaranıb, bu da Cahangirin yox, Maliyyə siyasətini müəyyənləşdirən qurumların səhvi ucbatından baş verib. Ümumiyyətlə, 2015-ci ildə cəmi 2 ay yarım Cahangir banka rəhbərlik edib. Bankdakı tənəzzül də onun vəzifəsini təhvil verəndən sonra başlayıb. İndi öz işini yarıtmayanlar bunun günahını Cahangirin üstünə atmağa çalışırlar. Halbuki, onun işlədiyi dövrdə ildə iki dəfə beynəlxalq auditlər bankın fəaliyyətini yoxlayıb müsbət rəy verirdilər. Cahangir Hacıyev bir çox layihələrə investisiya qoymaq üçün beynəlxalq maliyyə qurumlarından rahatlıqla vəsait ala bilirdi. Bu da onun şəxsi nüfuzuyla əlaqədar idi…


- Amma bu cür təsəvvürlər mövcuddur ki, Cahangir Hacıyevin dövründə bankın inkişaf dinamikası dünya bazarında neftin qiymətlərindən qaynaqlanırdı. Məsələn, 2008-ci ildə neft, hardasa, 150 dollar idi. Azərbaycana külli miqdarda pul gəlirdi. Bu da Azərbaycanda bank sisteminin beynəlxalq nüfuzunu artırırdı. Yəni Cahangir Hacıyevin yerinə kim olsa, bu pulu ölkəyə gətirə bilərdi…

- Bəs, indi niyə gətirmirlər? Gətirsinlər, da. Mən bu arqumentlə, qətiyyən, razılaşmıram. Düzdür, beynəlxalq maliyyə qurumları siz dediyiniz amili də nəzərə alırlar. Bununla belə, bütün uğurları yalnız obyektiv səbəblərlə əsaslandırmaq olmaz. İstənilən ölkəyə xarici kapitalın cəlb olunmasında bir çox amillər mühüm rol oynayır və bunlardan biri də pul istəyən tərəfin həmin vəsaiti nə cür istifadə edəcəyi ehtimalı ilə bağlıdır. Bunun üçün də maliyyə qurumlarının başında kimin oturması ən vacib kriteriyalardan biridir. Cahangir Hacıyevin həbsindən sonra keçən ilyarım ərzində milyardlarla pul batıran bir banka hansı beynəlxalq maliyyə qurumu kredit verər?

O ki qaldı neftin qiymətləri məsələsinə, Cahangir Hacıyevin Beynəlxalq Bankda işlədiyi bütün dövrlərdə neft bahalı olmayıb. Bəli, sizin dediyiniz ən rentabelli dövr 2008-ci ilə təsadüf edir. Amma ondan bir il əvvəl neft 100 dollardan aşağı idi. 2005-ci ildə isə 45-46 dollar arasında dəyişilirdi. 2004-ci ilə qədər isə 40 dollar civarında idi. Onda da Cahangir Beynəlxalq Bankın rəhbəri idi və bank həmin dövrləri yüksək xalis gəlirlə başa vurmuşdu. İndi isə dünya bazarında neftin qiyməti 2005-ci illə müqayisədə 10 dollar bahalıdır. Amma Azərbaycanın maliyyə siyasətinə rəhbərlik edənlər nəinki hansısa bankı, hətta milli valyutanı belə devalvasiyadan qoruya bilmirlər.


- Belə çıxır ki, siz Azərbaycanda son illər baş verən devalvasiyanın səbəbini xarici maliyyə qurumlarının verdiyi kreditlərin kəsilməsində görürsünüz?

- Mən iqtisadçı deyiləm, amma qardaşım həbs olunandan sonra maraqlanıb öyrəndiyim bir çox mətləblər oldu. Mən bilən, devalvasiyanın səbəblərindən biri də budur. Cahangir Hacıyevin dövründə Beynəlxalq Banka «Sitibank»(Citibank), «Döçbank» (Deutschebank) kimi nəhəng maliyyə qurumları investisiya layihələri üçün kreditlər verirdilər. Beynəlxalq Bank hər ay ölkəyə 50 milyon-100 milyon dollar cəlb edirdi. Bu da manatın kursunun sabit qalmasına səbəb olurdu. Cahangir Hacıyevin dövründə Beynəlxalq Bankın uğurunu neft amiliylə əsaslandırmaq istəyənlərə ən yaxşı cavab, hesab edirəm ki, onun 2001-2004-cü illərdəki fəaliyyətidir. Çünki həmin dövrlər neftin qiyməti 40 dollardan belə aşağı idi və o, sabit qalırdı. Cahangir Hacıyevin ilk və ən ciddi uğurları da elə o vaxtdan başlamışdı-neftin ucuz olduğu dövrlərdə. Mərhum Heydər Əliyev Cahangiri Beynəlxalq Bankın İdarə Heyətinin sədri təyin edəndən bir il sonra 2002-ci ildə bankın Moskva filialını açıldı. Filialın açılışına mərhum Heydər Əliyevlə bərabər o da getmişdi. Rusiya Mərkəzi Bankının sabiq sədri Viktor Vladimiroviç Qeraşenko o vaxt Heydər Əliyevə demişdi ki, Rusiyanın 100 illik bankçılıq tarixində ilk dəfədir, 2 həftə əzində bir bank açılır və fəaliyyətə başlayır: «Bu, Sizin Cahangir Hacıyevin müstəsna əməyi sayəsində mümkün olmuşdur. Cahangir Hacıyev yalnız bu xidmətinə görə, Ginnesin «Rekordlar» kitabına düşməyə layiqdır.» Qeraşenkonun verdiyi qiymət Cahangir Hacıyevin beynəlxalq aləmdəki nüfuzunun ən bariz sübutudur. Bu gün belə, Cahangir MDB məkanındakı ciddi nüfuzunu qoruyub saxlayır. O, MDB Banklar Assosiasiyasının vitse-prezidentidir.


- İndi də?

- Bəli, indi də. Baxmayaraq ki, olduqca ağır ittihamlarla həbsə atılıb, Cahangirin hazırda bu qurumun faktiki ikinci adamı olması Azərbaycan maliyyə qurumlarına beynəlxalq təşkilatların ən yaxşı cavabıdır.


- Bəs, nə oldu ki, vəziyyət bu qədər dəyişildi? Ginnesin «Rekordlar» kitabına düşməyə layiq olan, indiyə qədər belə, beynəlxalq aləmdəki müsbət imicini qoruyan Cahangir Hacıyev birdən-birə ən ağır cəzaya layiq görüldü?

- Təəssüflər olsun ki, bir insanın ən böyük məziyyəti bəzən onun fəlakətinə çevrilir. Xüsusilə, bizim cəmiyyətdə… Cahangir Hacıyevin də başına gələn bütün bəlalar onun yaxşı kadr kimi yetişməsindən qaynaqlanırdı.

Hər şeydən əvvəl, Cahangir çox gözəl iqtisadiyyatçıdır. Ali məktəbi yeni qurtaranda «AMOKO» neft şirkəti onu Texas universitetinin Beynəlxalq iqtisadi münasibətlər və maliyyə fakültəsində oxumağa apardı. Bu şirkətinin maliyyəsi ilə təhsil almaq üçün Azərbaycandan seçilən 4 gəncdən biri idi. Sözsüz ki, «AMOKO» şirkəti Cahangir Hacıyevi yüksək intellektual səviyyəsinə görə seçmişdi.  O, öz uğurunu Beynəlxalq Bankdakı fəaliyyəti zamanı da davam etdirdi və fəaliyyətinə görə, 2008-ci ildə «Kraliça Viktoriya xatirə medalı»na layiq görüldü. Bilirsiniz ki, bu beynəlxalq mükafat biznes sahəsində uğurlu fəaliyyətə görə verilir. Cahangirə verilən təltifnamədə qeyd olunub ki, ölkəsini beynəlxalq aləmdə layiqli təmsil etdiyinə görə bu mükafata layiq görülüb. Azərbaycanın maliyyə sistemində çalışanların heç birinin beynəlxalq aləmdə nüfuzu olmadığı üçün Cahangiri qısqanırdılar.

Əslində heç bir şey birdən-birə başlamışdı.  Cahangirin uğurları hələ 2005-ci ildən etibarən, bir çoxlarını narahat edirdi. Onun xanımı Zamirə Hacıyevanın oğurlanması və sərbəst buraxılması üçün 20 milyon dollar tələb olunması  rəqiblərinin Cahangirə vurduğu ilk zərbə idi. Məqsəd Cahangiri ailə ilə dövlət vəzifəsi arasında seçim etmək məcburiyyəti qarşısında qoymaq və dövlətin ona bəslədiyi etimada, əmanətə xəyanət etməyə sürükləmək idi. Cahangir o zaman belə, bu xəyanətə getmədi və bir müddətdən sonra öz prinsipiallığının nəticələrini gördü. Azərbaycan siyasi iradəsinin işə qarışmasıyla bu məsələ öz müsbət həllini tapdı və Hacı Məmmədovun dəstəsi ifşa olundu. 2008-ci ildə isə Cahangir yenidən rəqiblərinin təzyiqlərilə qarşılaşdı. Bu dəfə onun ayağının altını qazan Maliyyə naziri Samir Şərifov idi. Beynəlxalq Bank dəfələrlə həm bu nazırlik, həm Vergilər Nazirliyi, həm də Baş Prokurorluq tərəfindən dəfələrlə yoxlamalanıldı. Amma qaranlıq otaqda olmayan qara pişik axtaranlar axırda heç nə tapmadıqlarını etiraf etmək məcburiyyətində qaldılar. Zənnimcə, bütün bu təzyiqlərin səbəbi Cahangirin öz müsbət fəaliyyətilə ölkə rəhbərliyinin etimadını qazanmasından irəli gəlirdi. Həmin dövrlərdə onun qazandığı uğurlar, istər-istəməz, müəyyən söz-söhbətlərə səbəb olur, rəqiblərinin kürkünə birə salırdı. Halbuki, Cahangirin heç ağlının ucundan da baş nazir olmaq istəyi keçmirdi.


- Belə başa düşdüm ki, həmin dövrlərdə Cahangir Hacıyevin baş nazir olacağı barədə şayiələr gəzirmiş…

- Bəli. Görünür, Samir Şərifovun öz ürəyində belə bir arzu var idi və hər şeydən şübhələnirdi. Cahangirin qazandığı uğurlar onu qıcıqlandırırdı. Beynəlxalq Bankın Cahangir Hacıyevə qədərki dövründə uğurlu fəaliyyətinə baxmayaraq, onun cəzalandırılmasını, bankın bugünkü hala salınmasını başqa cür qiymətləndirmək mümkün deyil. Samir Şərifovun bu qısqanclığı təkcə Cahangir Havcıyevə zərbə vurmadı. Ən ciddi zərbə bizim ölkəmizə dəydi.

Bilirsiniz ki, Cahangir Hacıyev Beynəlxalq Bankın bütün fəaliyyətini qeyri-neft sektorunun inkişafına yönəltmişdi. Onun təşəbbüsü ilə ölkədə o qədər müəssisələr açılmışdı ki, hətta bəzi hesablamalara görə, qeyri-neft sektorunun 70 faizi Beynəlxalq bankın krediti əsasında qurulmuşdu. Onun həbsindən sonra bütün bu müəssisələrdə işlər dayandırıldı. Beynəlxalq banka borcu əsas gətirilərək, müəssisə rəhbərləri incidildi. Halbuki, onların əksəriyyəti vaxtı-vaxtında kredit borclarını ödəyirdilər. Bir çoxlarından aldıqları kreditləri dərhal ödəmələri tələb olundu. Onlar isə aldıqları kreditləri müəssisələrə yatırdıqlarından bu tələbi yerinə yetirə bilmədilər. Nəticədə həm iş adamları itirdi, həm də müəssisələr. Həmin müəssisələrdə işləyən çoxsaylı insanlar da işsizlər ordusuna qoşuldular. Budurmu Beynəlxalq Bankın sağlamlaşdırılması tədbirləri?

Cahangirdən sonra onun yerinə Elmar Məmmədov gətirildi. Bankın sağlamlaşdırılması üçün ayrılan külli miqdarda vəsait bu adamın dövründə göyə sovruldu. İndi mətbuatı izləyəndə hiss edirəm ki, Samir Şərifovun tərəfini tutan media qurumları günahı Mərkəzi Bankın üzərinə atır, devalvasiyada Elman Rüstəmovu günahlandırır. Mən Elman müəllimə vəkillik etmək niyyətində deyiləm. Sözsüz ki, ölkənin bu vəziyyətə gətirilib çıxarılmasında onun da müəyyən səhvləri ola bilər. Nə qədərdir, necədir, bu suallara ədalətli məhkəmə istintaqı cavab verə bilər. Məni maraqlandıran isə başqa məsələdir: axı, ölkənin maliyyə siyasətini müəyyənləşdirən Elman Rüstəmov deyil. Necə ola bilər ki, bugünkü vəziyyətin yaranmasında hamı günahkardır-Cahangir Hacıyev də, Elmar Məmmədov da, Elman Rüstəmov da, amma ortada bir mələk var; o da rəsmən maliyyə siyasətini müəyyənləşdirən, icra edən nazirlik və onun rəhbəri Samir Şərifovdur? Bu qədər absurd təsəvvür olar? Düşünürəm ki, Azərbaycan ictimaiyyəti və onun lideri Cənab İlham Əliyev bunun hesabatını lazımi dairələrdən soruşacaq.


- Maraqlı bir məqama toxundunuz. Bilirsiniz ki, Azərbaycanın neft erasının bitdiyi rəsmən ən yüksək dairələr tərəfindən etiraf olunub. Artıq qeyri-neft sektoru mərhələsi başlayıb. Belə bir zamanda məhkəmə çəkişmələrini əsas gətirib Beynəlxalq bankın maliyyələşdirdiyi müəssisələrin qapısına kilid vurmaq nəyə xidmət edir? Yaxşı olmazmı ki, onlardan ciddi iş tələb olunsun və kreditlərini tədricən ödənilməsinə şərait yaradılsın?

- Doğrusu, bunu biz də anlaya bilmirik. Açılan o müəssisələr haradadır indi, nə fəaliyyətlə məşğuldurlar?  İndi deyirlər ki, «Aqrokredit» istəyir, müəssisələrin çoxusunu iflas elan etsin, bütün kreditlər silinsin, başlasınlar hər şeyi sıfırdan yaratmağa. Nəyə görə? Axı bunların hamısı işləyən müəssisələr idi – «İnter Glass», «İnter-Tobacco», Azərbaycan Metanol Zavodu, «CTS-Agro», «Şəki aqro», «Şəki İpəkçilik» və s kimi. Cahangir Orta Asiyadan xüsusi baramalar gətirirdi ki, «Şəki İpəkçilik» işləsin. İndisə, həmin şirkətləri işlətmək əvəzinə, iflas etdirmək istəyirlər. Mən özün şəxsən hər il Şəkiyə gedəndə, nə qədər əcnəbi turistin Şəki İpək Kombinatının toxuduğu xalçaları, kəlağayıları, şərfləri aldığını görürdüm. Tək bir kombinata görə nə qədər insan işləyir, evlərinə çörək aparır, Azərbaycanın milli mədəni dəyərlərini yaşadır, onu xaricilərə satır, tanıdırdılar. Bu müəssisə həm də turizm sektorunun inkişafına da təkan verirdi. Hanı, indi o müəssisələr?


- Mənə də elə bu maraqlı gəlir. Sizcə, qeyri-neft sektorunun prioritet elan olunduğu bir zamanda yürüdülən bu siyasətin qarşısı niyə alınmır?

- Mən bilmirəm. Fikrimcə, bütün bu hadisələr Samir Şərifovun şəxsi ambisiyasından qaynaqlanır və Cahangir Hacıyevlə rəqabətinin məntiqi nəticəsidir. Görünür, Cahangir Hacıyevin iqtisadi uğurlarını bir-bir sıradan çıxarmaqla öz yerini daha da möhkəmləndirəcəyinə inanır. Halbuki, müəssisələrin hamısı yüksək texnologiyalara, avadanlıqlara malik idi və açılışlarında şəxsən cənab Prezidentin özü şəxsən iştirak etmişdi.


- Məhkəmə qərarına görə, Cahangir Hacıyev, səhv etmirəmsə, 63 milyon dollar mənimsəməkdə günahlandırılır. Siz isə deyirsiniz ki, onun fəaliyyətində dövründə heç bir qanunsuzluq olmayıb, yeyinti halı aşkarlanmayıb. O zaman 63 milyon iddiası haradan yaranıb?

- Bizə də bu sual aydın deyil. İstər istintaq zamanı, istərsə də məhkəmə prosesində bu faktı təsdiqləyən heç bir sənəd ortaya qoyulmadı. Sənədsiz-sübutsuz iddialar isə xeyli çoxdur. Bəzən mətbuatda 4 milyard, bəzən isə 6 milyard, 8 milyard, hətta 10 milyard dolların mənimsənilməsi iddiası irəli sürülür. Hardan çıxarırlar bu rəqəmi? Ümumiyyətlə, Beynəlxalq Bank ətrafında çox maraqlı iddialar mövcuddur. ABB-nin aktivləri orta hesabla 6 milyard dollar təşkil edib. Cahangir Hacıyev həbs olunandan sonra bankın «sağlamlaşdırılması» üçün 8 milyard dollar ayrıldığı bildirildi. Bu, necə ola bilər? Axı həmin müəssisələr Cahangirin zamanında işləyir, kredit borclarını vaxtlı-vaxtında ödəyirdi. İndisə absurd iddialarla həmin müəssisələri bağladılar.

Bağlanan bir müəssisələrdən biri şüşə zavodudur. Bu tipli zavodlar günün 24 saatını işləməlidirlər. Əgər işlərini bir gün dayandırsalar, onların yenidən işə salınması üçün dəzgahlar yenidən təmir olunmalıdır, bir neçə ay da bu işlərə sərf olunmalıdır. Mən yenə təkrarlamaq istəyirəm: bizim ailədə nəinki külli miqdarda vəsait, heç bir manat belə mənimsəyən olmayıb. Bu cür ittihamlar bizə yapışmaz. Biz sovet hakimiyyəti illərində iqtisadi imkanlarına görə, orta səviyyəli ailə idik və halal zəhmətlə yaşamağa öyrəşmişik.


- Əminə xanım, sizinlə müsahibə almağa gələrkən, mətbuatda yer alan çıxışlarınıza, müsahibələrinizə göz gəzdirdim. Orada bir məqam diqqətimi çəkdi. Deyirsiniz ki, Beynəlxalq Bankın vəsaitlərini qorumaq üçün Cahangir Hacıyev səhmləri öz ailəsinin, o cümlədən sizin adınıza yazdırmışdı. Borclu kimi görünməyiniz də elə bununla bağlıdır. Məni də bu maraqlandırır. Cahangir Hacıyev bankı kimdən qoruyurdu?

(ardı var)

 





01.02.2017    çap et  çap et