Vaxt.Az

Əliyev və Lukaşenkonun qapazı


 

«Lapşinin təhvil verilməsi Sərkisyanın və Nalbəndyanın üzünə çəkilən şillədir»

Əliyev və Lukaşenkonun qapazı Azatutyun saytında dərc olunmuş xəbərdə deyilir ki, fevralın 8-də Belarusun Ermənistandakı səfirliyi qarşısında Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına qarşı etiraz aksiyası keçirilib. Aksiyanı müxalif «Yolk» (Çıxış) seçki bloku təşkil etmişdi.

«Vətəndaş müqaviləsi» partiyasının lideri Nikol Paşinyan baş vermiş hadisəni «gizli addımların aşkar nəticəsi» adlandırıb. «Üzərində «Azərbaycan» yazılmış təyyarədən Lapşini maskalı və silahlı xüsusi təyinatlılar çıxarırlar. Hətta qatilləri də belə gətirmirlər. Bu, Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyana mesaj, onun üzünə şillə deməkdir. Bu şəxsən Serj Sərkisyanın üzünə şillədir. Bu şillələrin birini Əliyev, o birini Lukaşenko çəkib. Biz istəmirik ki, bu, həm də erməni xalqına şillə sayılsın. Biz deyirik: Belarus Respublikasının səfiri Ermənistan Respublikasının ərazisini tərk etməlidir. Ermənistan Respublikasının Minskdəki səfiri Yerevana qayıtmalıdır» – deyə Paşinyan bildirib.

«Vətəndaş müqaviləsi» müxalifət partiyasının lideri deyib ki, Ermənistanın bütün vətəndaşları, deputatlar və rəsmilər Belarus səfirini boykot etməli, məsələn onunla qəbullarda nümayişkəranə şəkildə salamlaşmamalı və ya ondan açıq şəkildə ölkəni tərk etməsi tələb olunmalıdır.

Paşinyan deyib ki, hətta boykotu da «sivilizasiyalı» etmək lazımdır.


Rusiya öz vətəndaşını müdafiə etmirsə…


Bu aksiyada iştirak edən Respublika partiyasının lideri Aram Sərkisyan deyib ki, o baş verənlərdən iki nəticə çıxarıb: «Birinci nəticə Belarusa aiddir. Elə təkcə o fakt ki, Belarus öz səfirliyini burda, Qaqik Sarukyanın «bostanının» ayağında açıb, artıq Minskin bizim ölkəmizə münasibətini göstərir. Mənim gəldiyim ikinci nəticə Rusiyaya aiddir. Bütün hallarda Lapşin Rusiyanın vətəndaşıdır. Əgər Rusiya öz vətəndaşının hüquqlarını müdafiə edə bilmirsə, sərhədlərimizi… Ermənistanın və bizim maraqlarımızınecə qoruyacaq? Bu çox ciddi nəticələrdir. Bu nəticələrlə bağlı, hazırkı hakimiyyət, bizim XİN qərarlar qəbul etməlidir».

Öz növbəsində Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryan Aleksandr Lapşinin Azərbaycana verilməsini özünün və səfirliyinin təqsiri saymadığını deyib.

Azatutyun radiosu ilə müsahibəsində səfir onu ittiham edənlərə cavab olaraq deyib ki, səfirlik bu halda məsələni Belarus hökumətinin qarşısında qaldırmaqdan başqa heç nə edə bilməzdi.


Rusiya və İsrailin sözü yerə salınıb


Səfir deyib ki, hətta Rusiya və İsrailin xarici işlər nazirləri bütün səylərinə baxmayaraq bloqqerin Azərbaycana ekstradisiyasının qarşısını ala bilməyiblər.

«Belə bir vəziyyətdə səfir nə edə bilərdi?» – deyə Xaçatryan vurğulayıb.

Bununla belə Xaçatryan səfirin Minskdən geri çağrılmasını və bu kimi demarş addımların atılmasını məqsədəuyğun saymır.

 





09.02.2017    çap et  çap et