Vaxt.Az

Metroda tüstüləmə


 

«Keçid tunelindəki naqillərdə qısaqapanma olmuşdu»

Metroda tüstüləmə «Bakı metrosunda tüstülənmə qatarların hərəkətinə hər hansı maneçilik törətməyib. Qatarlar hərəkətini normal qrafiklə davam etdirir». Bu barədə «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

«Əslində hadisə yerində olan və ya zəng edən KİV nümayəndələrinə bütün açıqlama verilirdi. Amma yenə də nə baş verdiyini yazım. Nəzərə alın ki, bayaqdan hadisə yerində idim və buradan ünvanladığınız suallara cavab verə bilmirdim. Hazırda işdəyəm və sizə açıqlama verməklə məşğulam. 28 may və Gənclik stansiyaları arasında tüstülənmə müşahidə edilmişdi. Dərhal əməkdaşlarımız tunelə düşdülər ki, hadisənin baş vermə səbəbini aydınlaşdırsınlar. Təlimata uyğun olaraq da, dərhal FHN yanğından mühafizə xidmətinə və təcili tibbi yardıma müraciət olundu. İki stansiyaarasındakı tunellərdə bir-birinə keçid tuneli var. Oradakı lövhədə kabellərdə qısa qapanma nəticəsində qızma baş vermişdi. Bunun nəticəsində naqillərin üstündəki təbəqə ərimişdi və tüstülənmə əmələ gəlmişdi. Qatarların hərəkəti nəticəsində və havalandırmaya görə tüstülənmə Gənclik və 28 may stansiyalarında da müşahidə edilirdi. Operativ tədbirlər nəticəsində hadisə aradan qaldırıldı. Sərnişinlər və qatarların hərəkəti üçün qısa müddətlik məhdudiyyət aradan qaldırıldı. İstər sərnişinlərin həyatına, istərsə də metropoliten əməkdaşlarının həyatına hər hansı problem yaranmayıb. Özünü pis hiss edən sərnişinlərə dərhal tibbi müdaxilə edilib və bütün sərnişinlər el diliyən desək öz ayaqları ilə metronu tərk ediblər».

 

***

 

21:36

Bakı metropolitenində tüstülənmənin qarşısı alınıb. Hazırda sərnişinlərin «28 may» metro stansiyasına girişi bərpa olunub.

Tüstülənmədən dərhal sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin təcili tibbi yardım maşınları cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib.

 

***

 

20:28

Bakıda metronun tunelində tüstülənmə olub.

Bu barədə «Trend»ə «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hadisə «28 may» «Gənclik» stansiyaları arasındakı tuneldə baş verib: «Hazırda metropoliten əməkdaşları əraziyə baxış keçirir. Tüstülənmə qatarların hərəkətinə hər hansı maneçilik törətməyib. Qatarlar hərəkətini normal qrafiklə davam etdirir».

 





15.03.2017    çap et  çap et