Vaxt.Az

Yevseyevin səy-səy açıqlamaları


 

Ter-Petrosyandan daha çox erməni olmaq istəyən rus kimdir...

Yevseyevin səy-səy açıqlamaları Ermənistanda aprelin 2-nə təyin olunmuş seçkilərə Qarabağda sülh şüarı ilə qatılan keçmiş prezident Levon Ter-Petrosyan və onun «Erməni Milli Konqresi» partiyası seçki kampaniyası dövründə bu mövzuda təbliğat aparmağa çalışır.

Virtualaz.org xəbər verir ki, Ter-Petrosyan iki gün əvvəl erməni ictimai televiziyasına müsahibəsi zamanı kompromislərin zəruriliyindən danışıb, erməni tərəfinin «Azərbaycan Dağlıq Qarabağı tanısın, sonra ətraf rayonların qaytarılmasını müzakirə edərik» yanaşmasının düzgün olmadığını deyib. Ter-Petrosyan ətraf rayonların 5-nin qaytarılması, 2-nin daha sonraya saxlanılması barədə həmsədrlərin irəli sürdüyü planı qəbul etməyə çağırıb.

Lakin belə görünür ki, Ter-Petrosyanın bu çağırışı ermənilərdən çox milliyətcə rus olan və özünü «hərbi ekspert» kimi təqdim etməyi xoşlayan, Moskvadakı MDB İnstitutunun direktor müavini kimi təmtəraqlı titul daşıyan (hansı ki, bir neçə nəfərdən ibarət bu institutun Moskvada ermənilərə xidmət etməkdən başqa iş-gücünün olmadığı məlumdur) Vladimir Yevseyevi qayğılandırıb. Yevseyev «Azadlıq» radiosunun erməni xidmətinə açıqlamasında deyib ki, Ter-Petrosyanın çağırışı daxili auditoriyaya yönəlib və səs almaq məqsədi güdür, eyni zamanda həqiqətə uyğun deyil.

Ter-Petrosyandan daha qatı erməni kimi görünməyə çalışan bu rus ekspert deyib ki, «hərbi ekspert kimi» onun fikrincə ətraf rayonların qaytarılması ötən ilki aprel döyüşlərindən sonra ermənilərin zəifləmiş mövqelərinin daha da zəifləməsinə səbəb olacaq. «Mən əminəm ki, təmas xəttində son günlər müşahidə edilən sakitlik tufanqabağı sakitlikdir və hərbi əməliyyatların bərpası qaçılmazdır. Tərəflər müharibəyə hazırlaşırlar»-Yevseyev deyib. Onun fikrincə, kompromislər və ya güzəştlər barədə ilk növbədə «Qarabağ əhalisinin mövqeyi nəzərə alınmalıdır».

Bu həmin Yevseyevdir ki, tez-tez Kremlin əsas təbliğat ruporu olan «Rossia Today» kanalının efirində görünür, onun sevimli mövzuları Ukrayna və Suriyadır. Habelə Yevseyev arabir Qarabağ mövzusunda da ermənilərin mövqeyini əks etdirən şərhlər verir.

 





24.03.2017    çap et  çap et