Vaxt.Az

«Ruhani 4 il əvvəl verdiyi sözü tutmadı»


 

«Financial Times»: «İran prezidenti 19 ay ərzində Urmiya gölünə bir real belə ayırmadı, amma...»

«Ruhani 4 il əvvəl verdiyi sözü tutmadı» İran prezidenti Həsən Ruhani seçici səsini qazanmaq üçün növbəti dəfə Urmu gölündən vasitə kimi istifadə edir. Bu barədə Böyük Britaniyanın nüfuzlu «Financial Times» qəzetinin 21 aprel sayında məlumat yayılıb.

«Həsən Ruhani Qərbi Azərbaycan Vilayətində ətraf-mühit və ictimai faciədən bir vasitə kimi istifadə edərək bölgə əhalisinə vəd verməklə onların səsini qazanmağa nail oldu. Hal-hazırda da hakimiyyəti təmsil edən şəxslər Urmu gölünü qurtarmağa çalışdıqlarını iddia edirlər. Onlar bununla növbəti dəfə bölgə əhalisinin səsini qazanmağa çalışırlar», - deyə qəzetdə qeyd olunub.

Məşhur qəzet prezident seçkiləri öncəsi hakimiyyətin yeni təbliğat xarakterli işlərinə də işarə edib: «Prezident seçkiləri yaxınlaşdığı üçün, hökumət Urmu gölü ətrafında əkinçilərə sudan az istifadə etməklə bağlı təzyiqləri azaldıb. Bu, əkinçiləri seçkilər dönəmində narazı salmamağa hesablanıb. Halbuki, yeraltı sualarından az istifadə etmək və qanunsuz su quyusu qazıntılarını dayandırmaq Urmu gölünün qurtarılması üçün labüddür».

Urmiyə ətrafında çuğundur əkinçiliyi ilə məşğul olan Mehdi adlı bir soydaşımız mövzu ilə bağlı «Financial Times» qəzetinə danışıb. «İranın 80 milyonluq əhalisinin üçdə biri türkdür. Urmu gölü isə hamımız üçün önəmlidir və buna görə də Həsən Ruhani və onun vədinə inanmağa məcbur idik. Mən özüm də başqaları kimi Urmu gölü ilə bağlı verdiyi vədə görə Həsən Ruhaniyə səs verdim. Bu səs nə xarici siyasət və nə də iqtisadi məsələlərə görə idi. İndi isə vəziyyətə baxacam. Görək Həsən Ruhaninin rəqiblərinin Urmu gölü böhranı və iqtisadiyyatla bağlı hansı planları var?! Mənim bütün uşaqlıq xatirələrim bu göllə bağlıdır. Mən isti yay günlərində dostlarımla birlikdə bu göldə üzərdim. Ona görə də bu göl mənim üçün çox əzizdir», - deyə Mehdi bildirib.

«Financial Times» qəzeti Azərbaycan əhalisinin hazırkı prezidentə olan etimadının səbəblərini şərh etməyə çalışıb. «Həsən Ruhani 2013-cü il mayın 19-da əhaliyə vəd verərək deyib: Urmiya gölü quruyarsa 14 vilayət duz fırtınalarına məruz qalacaq. Bu baş verərsə, özünüz təsəvver edin ki, insanların başına hansı bəlalar gələr?! Həsən Ruhani bu sözləri ilə bölgə əhalisinin böyük dəstəyini qazana bildi», - deyə yazıda qeyd olunub.

Xatırladaq ki, ölkənin hazırki prezidenti Həsən Ruhaninin 4 il öncə seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmu gölünü böhrandan qurtaracağı ilə bağlı verdiyi vədə rəğmən, göl qurumaqda davam edir və bu günə qədər gölün qurtarılması üçün heç bir əməli addım atılmayıb. Rəsmi açıqlamalara görə, son 19 ay müddətində Urmu gölü üçün nəzərdə tutulan büdcə vəsaitindən bir rial belə icra orqanlarına təhvil verilməyib.

 





23.04.2017    çap et  çap et